Azərbaycan, Bakı, 17 mart /Trend, müxbir R.Hafizoğlu/
Türkiyə Krım tatarlarının taleyinə görə məsuliyyət daşıyır. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu deyib.
Onun sözlərinə görə, Krım tatarlarının taleyinin Ankara üçün Ukraynanın ərazi bütövlüyü kimi prioritet olduğuna heç bir şübhə yoxdur.
Türkiyə XİN rəhbəri bildirib ki, Krım tatarları əsrlər boyu Krımda yaşayıblar və bundan sonra da həmin ərazilərdə yaşayacaqlar.
Martın 16-da Krımda keçirilən referendumun nəticələrinə gəldikdə, Ə.Davudoğlu qeyd edib ki, Ankara onun nəticələrini tanımır.
Qeyd edək ki, fevralın 22-də Ukraynada hakimiyyət dəyişikliyi baş verib.
Xatırladaq ki, martın 16-da Krımın statusu haqqında referendum keçirilib. Son məlumatlara görə, seçicilərin demək olar ki, 96 faizi muxtar respublikanın Rusiyaya birləşdirilməsinin lehinə səs verib. Dünyanın bir çox ölkələri referendumun nəticələrinin tanınmamasına dair bəyanatlarla çıxış ediblər.