...

İlham Əliyev: Azərbaycan əsgərləri, zabitləri ən yüksək şəraitdə xidmət aparmalıdırlar və yaşamalıdırlar

Siyasət Materials 15 Aprel 2014 00:49 (UTC +04:00)
Bizim bu il ordu quruculuğu ilə bağlı böyük proqramlarımız vardır. Tikintilərlə bağlı proqram vardır, nəinki silah-sursat alınır, eyni zamanda, tikinti işləri aparılır. Mən onların arasında Hərbi Dəniz Qüvvələri bazasını xüsusilə qeyd etmək istəyirəm. Artıq neçə ildir ki, bu böyük baza tikilir. Ümid edirəm ki, biz bu il bu bazanı artıq açacağıq.
İlham Əliyev: Azərbaycan əsgərləri, zabitləri ən yüksək şəraitdə xidmət aparmalıdırlar və yaşamalıdırlar

Azərbaycan, Bakı, 15 aprel /Trend /

Bizim bu il ordu quruculuğu ilə bağlı böyük proqramlarımız vardır. Tikintilərlə bağlı proqram vardır, nəinki silah-sursat alınır, eyni zamanda, tikinti işləri aparılır. Mən onların arasında Hərbi Dəniz Qüvvələri bazasını xüsusilə qeyd etmək istəyirəm. Artıq neçə ildir ki, bu böyük baza tikilir. Ümid edirəm ki, biz bu il bu bazanı artıq açacağıq.

Trend-in məlumatına görə, bunu aprelin 13-də Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında yekun nitqində deyib.

Dövlət başçısı qeyd edib ki, digər hərbi şəhərciklərdə tikinti-quraşdırma işləri aparılır: "Yeni hərbi bazalar tikilir. Bütün şəhərciklərdə, hərbi hissələrdə, hərbi bazalarımızda ən yüksək standartlar tətbiq edilir. Çünki bizim zabitlərimiz, əsgərlərimiz yaxşı şəraitdə xidmət göstərməlidirlər.

Ümid edirəm ki, yaxın illərdə bir dənə də köhnə, dağılmış, qəzalı vəziyyətdə hərbi hissə, yaxud da ki, tikili olmayacaqdır. Əfsuslar olsun ki, bu sahəyə əvvəlki illərdə diqqət göstərilmirdi. Biz bunu açıq deməliyik. Bizim əsgərlərimiz, zabitlərimiz ən yüksək şəraitdə xidmət aparmalıdırlar və yaşamalıdırlar. Ona görə qarşıya vəzifə qoyulub və vəsait ayrılıb ki, qısa müddət ərzində, bəlkə də növbəti iki il ərzində hərbi hissələrdə bir dənə də qəzalı, yararsız, köhnə tikili olmasın".

Prezident hesab edir ki, biz yeni tikilmiş gəmiqayırma zavodundan da bu məqsədlər üçün istifadə etməliyik: "Çünki bildiyiniz kimi, bu zavodda istənilən gəmi istehsal oluna bilər. Artıq zavoda ilkin sifarişlər də verilməyə başlamışdır. Hesab edirəm ki, Müdafiə Nazirliyi də hərbi gəmilərin tikintisi ilə bağlı bu zavoda sifariş verməlidir. Əlbəttə ki, Maliyyə Nazirliyi bu məsələnin maliyyə tərəfini təmin etməlidir. Hesab edirəm ki, biz bu il artıq bu işə başlamalıyıq. Çünki gəminin tikintisi çox vaxt aparacaqdır. Biz burada da vaxt itirməməliyik ki, həm zavod tam gücü ilə işləsin, həm də biz hərbi donanmamızı müasirləşdirək".

Xəbər lenti

Xəbər lenti