Azərbaycan, Bakı, 21 may /Trend, müxbir İ.İzzət/
Azərbaycanda dövlət sirri ilə bağlı təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə dair qanunvericiliyə dəyişiklik edilir.
Milli Məclisdən Trend-ə bildiriblər ki, Azərbaycan Prezidenti İlham Əliyevin imzası ilə "Dövlət sirri haqqında" qanunda dəyişikliklərin edilməsi barədə" qanun layihəsi parlamentin müzakirəsinə təqdim edilib.
Qanuna əlavə edilən 21.5-1-ci maddəyə görə, vəzifəli şəxsin və vətəndaşın xüsusi əhəmiyyətli, tam məxfi və məxfi məlumatlarla işləməyə buraxılması ilə bağlı yoxlama tədbirləri prokurorluq orqanlarında Azərbaycanın Baş Prokurorluğu, digər dövlət hakimiyyəti orqanları, idarə, müəssisə və təşkilatlarda isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən keçirilir. Yoxlama tədbirlərinin həcmi və keçirilməsi qaydası yoxlama tədbirlərini keçirən orqanlar tərəfindən hazırlanır və müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla təsdiq edilir.
Bundan başqa, 21.6-cı maddəyə edilən köklü dəyişikliyə görə, vəzifəli şəxsin və vətəndaşın ona etibar ediləcək dövlət sirri təşkil edən məlumatları yaymayacağı barədə dövlət qarşısında götürdüyü öhdəliyi onunla işəgötürən arasında bağlanan əmək müqaviləsində, işə (xidmətə) qəbul əmək müqaviləsi ilə həyata keçirilmədikdə isə iltizamnamədə əks olunur. Dövlət sirri ilə işləməyə buraxılışı olmayan şəxsin dövlət sirrindən istifadə ilə bağlı vəzifəyə təyin edilməsinə yol verilmir.