...

Azərbaycan, Türkmənistan və Türkiyənin xarici işlər nazirləri Bakı Bəyannaməsini qəbul ediblər (FOTO) (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 26 May 2014 13:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 may /Trend, müxbir S.Ağayeva/

Azərbaycan, Türkmənistan və Türkiyənin xarici işlər nazirləri Elmar Məmmədyarov, Rəşid Meredov və Əhməd Davudoğlu Bakı Bəyannaməsini qəbul ediblər. Trend-in məlumatına görə, bunu Azərbaycan XİN-in rəhbəri E.Məmmədyarov üçtərəfli görüşün yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

Bu, Azərbaycan, Türkiyə və Türkmənistan üçtərəfli formatında keçirilən ilk görüşdür.

Bəyanatda deyilir ki, tərəflər ortaq mədəni irs, tarixi köklər və ənənəvi mənəvi dəyərlərə söykənən dostluq münasibətlərinin müştərək məqsədlərin həyata keçirilməsində və müasir təhdid və çağırışların aradan qaldırılmasında mühüm rolunu qeyd ediblər. Bir-birilərinin ölkələrinin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə hörmət və dəstəyə əsaslanaraq, üç ölkə arasında münasibətlərin inkişafından məmnunluq ifadə edərək, siyasi, təhlükəsizlik, iqtisadi, ticarət, enerji, nəqliyyat və humanitar, o cümlədən mədəniyyət, elm, səhiyyə, səhiyyə, təhsil, turizm və idman sahələrində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.

Tərəflər qarşılıqlı maraq doğuran mühüm regional və beynəlxalq məsələlər üzrə Xarici İşlər nazirlikləri arasında, həmçinin Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlığı Təşkilatı və digər beynəlxalq və regional təşkilatlar çərçivəsində məsləhətləşmələri davam etdirəcəkləri barədə razılığa gəliblər, həmçinin Birləşmiş Millətlər Təşkilatında və digər beynəlxalq təşkilatlarda ölkələrinin namizədliyini dəstəkləməyə hazır olduqlarını təsdiqləyiblər.

Bundan başqa, tərəflər üç ölkə arasında əməkdaşlığın regional və beynəlxalq sülh, təhlükəsizlik, sabitlik, iqtisadi inkişaf və rifaha töhfə verdiyini qeyd ediblər, terrorizm, ekstremizm və onun bütün forma və təzahürləri, transmilli mütəşəkkil cinayətkarlıq, narkotik maddələrin qeyri-qanuni dövriyyəsi və qanunsuz silah alveri, həmçinin insan alveri və qeyri-qanuni miqrasiyaya qarşı mübarizədə əməkdaşlığı gücləndirəcəklərini xüsusi qeyd ediblər.

Bəyanatda qeyd olunur ki, tərəflər birgə layihə və əməkdaşlıq təşəbbüsləri vasitəsilə müxtəlif sahələrdə, xüsusilə enerji, ticarət, nəqliyyat, mədəniyyət, turizm, təhsil və ətraf mühitin qorunması sahələrində əlaqələrin daha da inkişaf etdirilməsi barədə öhdəliklərini təsdiq ediblər: "Azərbaycan, Türkiyə və Türkmənistanda olan enerji və nəqliyyat layihələrinin vacibliyini vurğulayaraq, sözügedən sahələrdə əlaqələrin genişləndirilməsinin, enerji təhlükəsizliyi və enerji şaxələndirilməsinin təminatı məqsədi ilə birgə irimiqyaslı layihələrdə işitrakın əhəmiyyətini qeyd ediblər; tarixi və mədəni irsin qorunması sahəsində əməkdaşlığı davam etdirəcəklərini vurğulayıblar; siyasi dialoqun, əlaqələndirmənin, regional və beynəlxalq məsələlərdə əməkdaşlığın gücləndirilməsinə yönəldilən üçtərəfli görüşün müntəzəm olaraq keçirilməsinin vacibliyini bəyan ediblər".

Növbəti görüş 2014-cü ilin ortalarında Aşqabad şəhərində keçiriləcək.

Qeyd edək ki, artıq Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-İran görüş formatları mövcudur və həmin dövlətlərin XİN rəhbərlərinin və prezidentlərinin sammitləri keçirilir.

Türkiyənin xarici işlər naziri Ə.Davudoğlu hələ ötən ilin sonlarında (ATƏT Nazirlər Şurasının 20-ci iclası çərçivəsində) Türkiyə-Azərbaycan-Türkmənistan üçtərəfli formatının yaradılmasına dair qərar haqqında bəyan etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti