...

Prezident İlham Əliyev xalq şairi Vaqif Səmədoğlunu təbrik edib

Siyasət Materials 5 İyun 2014 19:52
Azərbaycan Prezidenti İlham Əliyev xalq şairi Vaqif Səmədoğlunu 75 illik yubileyi münasibətilə təbrik edib.
Prezident İlham Əliyev xalq şairi Vaqif Səmədoğlunu təbrik edib

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 5 iyun /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev xalq şairi Vaqif Səmədoğlunu 75 illik yubileyi münasibətilə təbrik edib.

Təbrikdə deyilir: "Hörmətli Vaqif Səmədoğlu! Sizi - müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini 75 illik yubileyiniz münasibətilə təbrik edir, Sizə cansağlığı və uğurlar arzulayıram.

Sizin yaradıcılığınız tədqiqatçılar tərəfindən fikir poeziyası kimi həmişə yüksək qiymətləndirilmişdir. Vətən və azadlıq, xeyir və şər, həyat və ölüm haqqında fəlsəfi düşüncələriniz əsərlərinizdə bənzərsiz bir mənzərə formalaşdıraraq özünəməxsus poetik dünya yaratmışdır.

Müraciət etdiyiniz mövzular nə qədər rəngarəng olsa da, Siz Bakının, İçərişəhərin, Xəzərin və bütövlükdə Vətənin parlaq obrazlarını daim diqqət mərkəzində saxlamısınız. Poeziyanızda əksini tapan hər bir ifadə Azərbaycan xalqının ədəbi xəzinəsi, milli-mənəvi dəyərləri və folklorun tükənməz imkanları ilə sıx bağlıdır. Müasir insanın daxili aləminin təsvirində sərbəst şeirin potensialından məharətlə istifadə olunmasında xüsusi xidmətləriniz vardır.

Mahnı janrının inkişafında, teatr və kino sahəsində əldə etdiyiniz uğurlar da Sizə şöhrət gətirmişdir. İstər yaradıcılığınızda, istər ədəbi-mədəni və ictimai-siyasi həyatda Siz səmimi və müdrik insan kimi tanınmış, böyük nüfuz və hörmət qazanmısınız.

Şeirlərinizdə tez-tez atanızı xatırlayırsınız. Üslubunuzun Vurğun yaradıcılığından kəskin surətdə fərqlənməsinə baxmayaraq, məhz onun əsl varisi olub ədəbiyyatımızın bütün qaynaqlarından ilham almış, təkrarolunmaz şair kimi formalaşmısınız. Bəşər mədəniyyətinin nailiyyətlərini dərindən mənimsəməklə Siz bütövlükdə Azərbaycan ədəbiyyatının inkişafına layiqli töhfələr vermisiniz. Ümidvaram ki, əsərlərinizlə bundan sonra da xalqımıza layiqincə xidmət göstərəcəksiniz".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti