...

Avropa Parlamentinin üzvü: Britaniya Şərqlə qonşuluq əlaqəsinə nümunə olan Aİ ilə Azərbaycanın sıx əməkdaşlığını dəstəkləyir

Siyasət Materials 9 İyul 2014 16:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 iyul /Trend, müxbir Səbinə Əhmədova/

Avropa Parlamentinin Böyük Britaniyadan olan üzvü Devid Lidinqton Britaniya hökumətinin Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında olan sıx əlaqələri dəstəklədiyini bəyan edib.

Trend-in Avropa Azərbaycan Cəmiyyətinə (TEAS) istinadən verdiyi məlumata görə, D.Livinqton bildirib ki, Azərbaycanın Avropa İttifaqı proqramlarına qoşulması Azərbaycan və Aİ arasındakı əlaqələrin və Azərbaycanın Avropa standartları istiqamətində davamlı islahatlarının möhkəmlənməsi deməkdir: "Bir sözlə, Böyük Britaniya Şərqlə qonşuluq əlaqəsinə bir nümunə olan Avropa İttifaqı ilə Azərbaycanın sıx əməkdaşlığını dəstəkləyir".

O deyib ki, son 20 ildə Böyük Britaniya-Azərbaycan əlaqələri sürətlə inkişaf edib və hazırda Azərbaycandakı xarici sərmayələrin 50 faizi bu ölkəyə məxsusdur: "Azərbaycan hər zaman Qərbə inteqrasiyaya üstünlük verib və cari il iyulun 7-də hakim Yeni Azərbaycan Partiyası xristian demokratiyasını və liberal konservativlik prinsiplərini dəstəkləyən Avropa Xalq Partiyasına qoşulmaq istəyini bəyan edib".

D.Lidinqton Britaniya hökumətinin Avropa Şurasında keçirilən Avropa İqtisadi Birliyinin və onun üzv dövlətləri, eləcə də Avropa İttifaqı və Azərbaycan arasında əməkdaşlıq müqavilələrinin müzakirəsində iştirak etdiyini və müsbət rəy bildirdiyini bəyan edib: "Bu sazişlər ilk növbədə Azərbaycanın "Fiscalis 2020" və "Customs 2020" proqramlarında iştirakını nəzərdə tutur. Bunlar İnformasiya Texnologiyası əsasında vergi və gömrük sistemlərinin inkişafı ilə bağlı məlumat və təcrübə mübadiləsini asanlaşdırmaq üçün mövcud olan proqramlardır".

Parlamentari qeyd edib ki, Azərbaycan və Cənubi Qafqaz regionu Avropa İttifaqı və Böyük Britaniya üçün strateji əhəmiyyət kəsb edir: "Böyük Britaniya dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatının ən böyük xarici sərmayəçisidir. Bu regionun davamlı stabilliyi Britaniyanın rifahı və enerji təhlükəsizliyi məsələlərində əsasdır və məhz buna görə London Azərbaycan və Aİ arasındakı əlaqələri daha da gücləndirmək istəyir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti