...

Sərdar Cəlaloğlu: "Qarabağ" bloku bələdiyyə seçkilərində kiməsə əməkdaşlıq təklif etmək niyyətində deyil

Siyasət Materials 12 Avqust 2014 15:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 avqust /Trend, müxbir Elçin Mehdiyev/

"Qarabağ" siyasi bloku qarşıdan gələn bələdiyyə seçkiləri ilə bağlı kiməsə əməkdaşlıq təklif etmək niyyətində deyil. Bu barədə Trend-ə blokda təmsil olunan Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.

S.Cəlaloğlu bildirib ki, "Qarabağ" siyasi bloku hazırda əsas diqqəti qarşıdan gələn bələdiyyə seçkilərinə yönəldir: "Əgər kimsə "Qarabağ" bloku ilə əməkdaşlıq etmək istəyərsə, biz bunun tərəfdarıyıq, amma kiməsə əməkdaşlıq təklif etmək niyyətində deyilik".

ADP sədri müxalifət partiyalarının bələdiyyə seçkilərində hansı formatda iştirakına da münasibət bildirib: "Biz istərdik, bütün müxalifət bir formatda getsin, bu, müxalifətin gücü və potensialı deməkdir. Amma heç kəsi də nəyəsə məcbur edə bilmərik. Çünki bəzi insanların düzgün qərar qəbul etmək imkanları yoxdur, bəziləri də sadəcə olaraq tapşırıq ilə işləyirlər və heç kəslə birləşmək istəmirlər".

"Qarabağ" blokunun genişlənməsi məsələsinə gəlincə isə, S.Cəlaloğlu bu məsələdə də blokun kiməsə təklif verməyəcəyini deyib: "Kimsə təklif etsə ki, blok genişlənsin, biz qəbul edərik, ancaq biz kiməsə zorla deyə bilmərik ki, gəl "Qarabağ" blokuna daxil ol. Yəni biz demişik ki, arzusu olan, həvəsi olan insanlara yox demərik. Amma eyni zamanda, kimisə də xüsusi bir minnət edib bura dəvət etməyəcəyik. Kim istəyir gəlsin".

ADP sədri blokun genişlənməsində qeyri-hökumət təşkilatları ilə əməkdaşlığı düzgün hesab etmir. "Hesab edirəm ki, siyasi partiyalar ilə qeyri-hökumət təşkilatlarının əməkdaşlığı yanlışdır. Qeyri-hökumət təşkilatları siyasiləşməməlidir, yalnız o halda cəmiyyətə hansısa bir xeyir verə bilərlər".

Qeyd edək ki, Azərbaycanda bələdiyyə seçkilərinin bu ilin dekabr ayında keçirilməsi nəzərdə tutulur.

"Qarabağ" siyasi blokuna Ümid Partiyası və ADP daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti