Azərbaycan, Bakı, 5 sentyabr /Trend/
Rusiya Hərbi Dəniz Qüvvələrinin (HDQ) Xəzər flotilyasının "Dağıstan" və "Qrad Sviyajsk" raket gəmiləri oktyabrda Qazaxıstan HDQ ilə birgə təlimlər keçirəcək və üç Xəzəryanı ölkənin - Azərbaycan, İran və Qazaxıstanın limanlarına yan alacaqlar. Trend-in məlumatına görə, bu barədə İTAR-TASS Rusiyanın Cənub hərbi dairəsinin mətbuat xidmətinə istinadən xəbər verir.
Məlumata görə, gəmilər oktyabrın əvvəlində Xəzər dənizinə hərbi xidmətə çıxacaqlar: "Dənizçilər 20 gün ərzində hərbi hazırlıqdan əlavə, beynəlxalq əməkdaşlığın inkişafı və möhkəmləndirilməsi məqsədilə 3 Xəzəryanı dövlətin limanlarına dost səfərləri etməyi planlaşdırırlar".
Aktau limanına səfər zamanı Qazaxıstan HDQ ilə birgə təlimlərin keçirilməsi də planlaşdırılır. Gəmilər səfər ərzində Xəzər dənizində 1500 mildən artıq məsafə qət edəcəklər.