...

Rüstəm Usubov: Seçki komissiyaları bütün siyasi partiyaların iştirakçılarına ədalətli və bərabər münasibət bəsləməlidirlər

Siyasət Materials 17 Oktyabr 2014 14:26 (UTC +04:00)
2014-cü il tarixə həm də Azərbaycanda bələdiyyə seçkilərinin uğurlu keçirilməsi ili kimi düşəcək.
Rüstəm Usubov: Seçki komissiyaları bütün siyasi partiyaların iştirakçılarına ədalətli və bərabər münasibət bəsləməlidirlər

Azərbaycan, Bakı, 17 oktyabr /Trend, müxbir İlkin İzzət/

2014-cü il tarixə həm də Azərbaycanda bələdiyyə seçkilərinin uğurlu keçirilməsi ili kimi düşəcək. Trend xəbər verir ki, bunu Dairə Seçki komissiyalarının (DSK) sədrləri üçün bu gün MSK-da keçirilən müşavirədə "Seçki hüquqlarının qorunmasında prokurorluq orqanlarının rolu" mövzusunda çıxış edən Baş prokurorun birinci müavini Rüstəm Usubov deyib.

R.Usubov qeyd edib ki, ölkədə keçirilən seçkilərdə prokurorluq orqanlarının vəzifələri əsasən daxil olmuş müraciətlərə baxılması ilə əlaqələndirilir.

Onun sözlərinə görə, 23 dekabr 2009-cu il tarixdə Azərbaycanda keçirilmiş bələdiyyə seçkiləri ilə bağlı Baş prokurorluğa 125 müraciət daxil olub. Onlardan 3-ü MSK-dan, 2-si hüquq-mühafizə orqanlarından, 120-si isə vətəndaşlardan daxil olub.

Onlardan 77 müraciət sənədlərin saxtalaşdırılması, 1-i yerli icra strukturu tərəfindən seçki prosesinə müdaxilə edilməsi, 9-u seçki komissiyalarının vəzifəli şəxslərinin seçki prosesinə müdaxilə etməsi, 5-i yerli strukturlar tərəfindən namizədə hədə-qorxu gəlinməsi, 2-si bələdiyyə üzvlüyünə qeydə alınmış namizədə namizədliyini geri götürülməsinə dair yerli icra strukturları və polis orqanları tərəfindən təzyiq göstərilməsi, 1-i seçki komissiyasının vəzifəli şəxsləri tərəfindən bələdiyyə üzvlüyünə namizədin qeydə alınmasından əsassız imtina, qalanları isə digər pozuntularla bağlı olub.

Baş prokurorun birinci müavini bildirib ki, seçki komissiyaları öz fəaliyyətində hər hansı dövlət və hakimiyyət orqanlarının, bələdiyyə qurumlarının, siyasi partiyaların, qeyri-hökumət təşkilatları və başqa ictimai təşkilatların digər hüquqi və fiziki şəxslərindən asılı deyillər. Seçki komissiyalarının işinə müdaxilə edən və ya təsir göstərən şəxslər Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə əsasən məsuliyyətə cəlb edilirlər. Eyni zamanda, seçki komissiyaları da öz fəaliyyətində qanuna əsaslanmalı, qanunları tam bərabər və qərəzsiz tətbiq etməli, bütün siyasi partiyaların və seçki kampaniyasının digər iştirakçılarına ədalətli və bərabər münasibət bəsləməli, onlara münasibətdə neytral və tərəfsiz olmalı, hər hansı birinin dəstəklənməsinə yönəldilən və ya dəstəklənməsi başa düşülə bilən hərəkətlərə yol verməməlidirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti