Elmira Tariverdiyeva - Trend:
Nəticələrə yekun vurulduğu və rəqəmlərin hesablandığı ilin sonunda qəribə xəbərlər gəlir. Azərbaycan fasiləsiz olaraq silahlanmasından yorulmadan şikayət edən "bədbəxt və başıbəlalı" Ermənistan birdən-birə "möcüzəli şəkildə" Qlobal hərbiləşmə indeksi üzrə üç lider ölkə sırasında qərarlaşır.
Bu üçlüyə İsrail və Sinqapur da daxildir. Bu indeks ümumilikdə dövlətin hərbi aparatının cəmiyyətə nisbətini, xüsusilə də hərbi xərclərin və səhiyyə xərclərinin ÜDM-ə nisbətini (ÜDM-in faizlərində), eləcə də ağır silahların və ölkə əhalisinin sayının nisbətini əks etdirir.
Bununla belə, uzun illərdir Yerevanın şikayətlərinə məruz qalan Azərbaycan qonşusundan geri qalaraq yalnız indeksin onluğuna daxil olub. Yeri gəlmişkən, Bakının onluğa daxil olması olduqca qanunauyğundur.
Azərbaycan təcavüzkar ölkə olan Ermənistandan fərqli olaraq, 20 ildən çox müddətdir ərazilərinin 20 faizinin işğalından əziyyət çəkir. Bu, milyondan çox qaçqın və məcburi köçkünü olan, etnik təmizləmə və öz ərazisindən qovulmadan əziyyət çəkmiş, regionda maraqlarını qorumalı olan və nəhayət, silahları sosial layihələr və xalqın rifahı hesabına almayan ölkədir.
Bakı yaxşı başa düşür ki, regionun təhlükəsizlik problemləri separatçılıq təhdidləri və Ermənistan hakimiyyətinin düşüncəsiz fəaliyyəti ilə birbaşa əlaqəlidir. Çünki düşüncəsiz qonşudan ən yaxşı müdafiə silahdır; heç vaxt bilmək olmaz ki, növbəti dəfə onun ağlına nə gələcək.
Ermənistan tərəfinin silahlanması və hərbi fəaliyyətə hazırlaşması isə ən azı qəribə görünür. Bir tərəfdən, Ermənistan "qəribə dövlətdir", onun iqtisadiyyatı artıq neçənci ildir ki, can verir. Buna görə yalnız Ermənistan hakimiyyətinə "minnətdar olmaq" olmazdı. Bundan başqa, böyük xammal ehtiyatlarına malik olmayan Ermənistan dövlət kimi - Cənubi Qafqazın hissəsi kimi öz müflisliyi ilə heç cür barışmaq istəmir.
Bu da təəccüblü deyil, axı yazıq "ərik respublikası"nın həll edilməmiş Dağlıq Qarabağ problemi var, bunun üzündən Ermənistan izolyasiyadadır. Yeri gəlmişkən, Yerevanın əsas müttəfiqi kimi həmişə ümid etdiyi Rusiya, deyəsən, başa düşdü ki, düşüncəsiz qonşuya etibar etmək olmaz. Moskva Yerevanın hay-küyünə baxmayaraq, 2014-cü ildə Azərbaycana silah satdı. Ermənistan Prezidenti Serj Sarkisyanın dediyi kimi, "bu, çox ağrılı mövzudur: "Və xalqımız strateji tərəfdaşımızın Azərbaycana silah satmasından çox narahatdır".
Anlamaq lazımdır ki, təcavüzkar ölkənin və işğaldan əziyyət çəkən ölkənin silah alması arasında böyük fərq var. Və Yerevanın Azərbaycanın silahlanması barədə daimi şikayətləri yersizdir.
Deyəsən, Yerevan silah alarkən borc bataqlığında olan ölkənin müharibə aparmasının qeyri-mümkünlüyü barədə düşünməyib. Müharibə başqa məsələdir, keçmişdə ümid bəslənilən Rusiyanın isə öz qayğıları kifayət qədərdir. Eyni zamanda, Azərbaycan zəngin ölkədir, onun xeyli qızıl ehtiyatları, enerji resursları və müasir silahları var.
Ərazisində hələ də hərbi əməliyyatların davam etdiyi Azərbaycan ən ağıllı yolla getdi. Yerevanı iqtisadi problemlərlə üz-üzə qoyan Bakı münaqişəni hələ də diplomatik yollarla, beynəlxalq təşkilatların köməyi və dünya ictimaiyyətinin dəstəyi ilə həll etməyə çalışır.
Lakin təəssüf ki, Azərbaycan 20 ildən çoxdur davam edən işğal faktına münasibətdə tez-tez ikili standartlarla üzləşir. Bununla əlaqədar Ermənistan başa düşməlidir ki, əgər müasir dünyada beynəlxalq hüquq normaları daim pozulursa, deməli, yalnız güc kiminsə haqqını möhkəmləndirə bilər. Və ordu nə qədər güclü olsa, danışıqlar prosesində də mövqe bir o qədər güclü olar.
"Cənab Kolt" güclülərin və zəiflərin hüquqlarını bərabərləşdirəndə haqlı olub. Bu, deyəsən, müasir dünyada ədalətə nail olmağın yeganə arqumentidir.