...

İqtidar-müxalifət dialoqu: ortaq məxrəc tapıldımı?

Siyasət Materials 13 Dekabr 2014 16:16 (UTC +04:00)
Bu gün Azərbaycan hökuməti ilə bir qrup müxalifət partiyası arasında dialoq baş tutdu
İqtidar-müxalifət dialoqu: ortaq məxrəc tapıldımı?

Azərbaycan xəbərlər xidməti

Elçin Mehdiyev - Trend:

Bu gün Azərbaycan hökuməti ilə bir qrup müxalifət partiyası arasında dialoq baş tutdu. Dialoqda Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərbaycan hakimiyyətinin həmişə dialoqa hazır olduğunu və dialoq əhvali-ruhiyyəsi ilə fəaliyyət göstərdiyini bir daha bəyan etdi.

Bundan əvvəl də Azərbaycan hökuməti dialoqa həmişə hazır olduğunu bəyan etmişdi, eyni zamanda, hakim Yeni Azərbaycan Partiyası dəfələrlə mətbuat vasitəsilə müxalifət partiyaları ilə dialoqa hazır olduğunu bildirmişdi.

Təbii ki, bu gün bu görüşün baş tutması müsbət haldır, amma təəssüflər olsun ki, bir sıra müxalifət partiyalarının həmişəki kimi bu dialoqa da qısqanclıqla yanaşması, hətta görüşə gəlməkdən imtina etməsi müxalifətin hələ vahid şəkildə dialoqa hazır olmadığını göstərir.

İlk növbədə, müxalifət partiyaları öz aralarında vahid dil tapıb dialoq mühiti yaratmalı, hədəflərini, məqsədlərini müəyyən etməlidirlər. Bunu isə müxalifət partiyaları hələ də edə bilmirlər. Belə olan halda müxalifət partiyalarının dialoq istəyi bitməyəcək, eyni zamanda, ayrı-ayrı müxalifət qrupları ilə keçirilən dialoqlar istənilən nəticəni verməyəcək. Bu gün bir qrup müxalifət partiyası ilə dialoq keçiriləcək, sabah isə o biri qrup dialoq iddiası səsləndirəcək.

Elə son prezident seçkiləri zamanı və seçkilərdən sonrakı dövrdə müxalifət düşərgəsində baş verən proseslər ümumi iqtidar-müxalifət dialoqunun baş tuta biləcəyi ilə bağlı xeyli sual doğurur.

Birincisi, müxalifət partiyaları seçkilərə vahid namizədlə gedə bilmədi, seçkilərdəki məğlubiyyətdən sonra isə daha da pərən-pərən düşdülər. Uzun müddət özlərini müttəfiq kimi göstərməyə çalışan müxalifət partiyaları düşmənə çevrildi, bir-birilərinə qarşı ciddi ittihamlar səsləndirdilər. Ümumiyyətlə, Azərbaycanda vahid müxalifətin mövcudluğu indiyə qədər baş tutmayıb.

Belə vəziyyətdə Azərbaycan hökuməti nə etməli, hansı qrupla dialoqa getməlidir? Buna baxmayaraq, bu gün Azərbaycan hökuməti bir daha dialoqa hazır olduğunu göstərdi. İndi yalnız müxalifət partiyalarının bir araya gəlib hökumət qarşısına ümumi müxalifət qismində çıxması məsələsi qalır

Məqalədə:
Xəbər lenti

Xəbər lenti