...

Azərbaycan və Belarus beynəlxalq təşkilatlarda əməkdaşlıq edəcəklər

Siyasət Materials 17 Dekabr 2014 14:07 (UTC +04:00)
Başa çatmaqda olan ilin əsas nəticəsi Azərbaycan və Belarus arasında bütün istiqamətlər üzrə ikitərəfli əməkdaşlığın dinamik inkişafıdır ki, bu da onların strateji əlaqələrinin statusunu təsdiq edir.
Azərbaycan və Belarus beynəlxalq təşkilatlarda əməkdaşlıq edəcəklər

Azərbaycan, Bakı, 16 dekabr /Trend, müxbir Səba Ağayeva/

Başa çatmaqda olan ilin əsas nəticəsi Azərbaycan və Belarus arasında bütün istiqamətlər üzrə ikitərəfli əməkdaşlığın dinamik inkişafıdır ki, bu da onların strateji əlaqələrinin statusunu təsdiq edir. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç deyib.

Onun sözlərinə görə, 2014-cü il Belarus-Azərbaycan əlaqələri sahəsində bir sıra əhəmiyyətli müxtəlif formatlı tədbirlərlə zəngin olub. Diplomat qeyd edib ki, Minsk və Bakı arasında heç bir problem və ya baxışlarda ayrılıqlar mövcud deyil.

N. Patskeviç qeyd edib ki, hər iki tərəf beynəlxalq platformalarda, müxtəlif beynəlxalq strukturlara seçkilərdə bir-birini dəstəkləyirlər: "Perspektivdə Azərbaycan və Belarusun qarşılıqlı fəaliyyəti haqqında razılaşma əldə olunub".

Diplomat əlavə edib ki, ötən il noyabrın 21-də Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana səfəri zamanı imzalanmış ikitərəfli sazişlərin qüvvəyə minməsi üçün dövlətlər daxilində zəruri prosedurlar tam yerinə yetirilib: "Bu ilin yekunları üzrə iki ölkə arasında müqavilə-hüquq bazası 90-dan artıq sazişdən ibarətdir".

N. Patskeviçin sözlərinə əsasən, 2014-cü ildə ticari-iqtisadi sahədə Belarus və Azərbaycan əməkdaşlığı növbəti dəfə iki ölkə tərəfdaşlığının strateji səviyyəsini təsdiq edib: "Bu əməkdaşlığın əsas prioritetləri istehsalat kooperasiyası, elm və yüksək texnologiyalar, tikinti, təhsil və səhiyyə sahələrində birgə layihələrdir".

Səfir vurğulayıb ki, Belarus Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin yanvar-oktyabr aylarında iki ölkə arasında ikitərəfli əmtəə dövriyyəsi 288,3 milyon dollara çatıb: "Bununla da, 2013-cü ilin analoji dövrü ilə müqayisədə Belarus və Azərbaycan arasında əmtəə dövriyyəsi 25,2 faiz artıb. 2006-cı ildən başlayaraq ölkələrimizin qarşılıqlı ticarətində ikitərəfli ticarətin artım tepmləri azalmayıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti