...

Berlində 20 Yanvar hadisələri anılıb (FOTO)

Siyasət Materials 19 Yanvar 2015 09:28 (UTC +04:00)
Almaniya Federativ Respublikasının paytaxtı Berlin şəhərində Alman Məmurlar Birliyi Forumu adlanan mötəbər məkanda 20 Yanvar faciəsinin 25-cü ildönümü ilə əlaqədar tədbir keçirilib.
Berlində 20 Yanvar hadisələri anılıb (FOTO)

Azərbaycan, Bakı, 19 yanvar /Trend/

Almaniya Federativ Respublikasının paytaxtı Berlin şəhərində Alman Məmurlar Birliyi Forumu adlanan mötəbər məkanda 20 Yanvar faciəsinin 25-cü ildönümü ilə əlaqədar tədbir keçirilib.

Azərbaycanın Almaniyadakı səfirliyindən Trend-ə bildirilib ki, tədbirdə Almaniya Bundestaqının deputatları, AFR Xarici İşlər Nazirliyinin, xarici diplomatik korpusun, Almaniyanın müxtəlif siyasi, iqtisadi, elmi və mədəni dairələrinin, Azərbaycan diasporunun nümayəndələri, alman mətbuatının təmsilçiləri, bütövlükdə 150-dən artıq insan iştirak edib.

Azərbaycanın Almaniya Federativ Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Pərviz Şahbazov tədbiri giriş sözü ilə açmış və 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Səfir tədbir iştirakçılarına faciənin baş verdiyi dönəmdə Sovet İttifaqı rəhbərliyinin Dağlıq Qarabağda erməni separatçılığı və azərbaycanlıların Ermənistandan qovulması hallarına göz yumması və bununla da Azərbaycan əhalisini özündən narazı salması haqqında məlumat vermişdir. O, Sovet rəhbərliyinin Azərbaycan xalqının haqlı narazılığına ağır cinayət törətməklə cavab verməsi, o zamanlar Moskvada yaşayan ümummilli liderimiz Heydər Əliyevin 20 Yanvar hadisələrinə dair keçirdiyi mətbuat konfransında İttifaq rəhbərliyinə qətiyyətlə etiraz etməsi barədə danışmışdır. Səfir bildirmişdir ki, müstəqillik əldə etdikdən bəri öz vətəndaşlarının rifahının yüksəldilməsi və təhlükəsizliyinin təmin olunmasına yönəlmiş müstəqil siyasət yürüdən, sürətlə inkişaf edən, regionda və dünyada söz sahibinə, eləcə də Avropanın etibarlı tərəfdaşına çevrilmiş Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq və Azərbaycan xalqının maraqları çərçivəsində həllinə çalışır.

Daha sonra Alman-Azərbaycan Forumunun sədri, keçmiş dövlət katibi Hans-Eberhard Şlayer çıxış etmişdir. O bildirmişdir ki, Azərbaycanın müstəqilliyi üçün canından keçmiş vətəndaşlar heç bir zaman unudulmamalıdırlar. Dağlıq Qarabağ münaqişəsinə toxunan H.E.Şlayer bildirmişdir ki, Krım böhranı sübut etdi ki, beynəlxalq birlik Azərbaycan torpaqlarının qanunsuz işğalına labüd olan qiyməti verməmişdir. Almaniya pozulmuş beynəlxalq hüququn bərpa olunması üçün bütün səylərini ortaya qoymalıdır. O, Alman-Azərbaycan Forumunun bu məsələyə hər zaman dəstək göstərəcəyini bildirmişdir.

Tədbirdə çıxış edən Almaniya Bundestaqının deputatı, xarici işlər komitəsinin üzvü prof. Dr. Eqon Yütner 20 Yanvar hadisələrini Azərbaycan xalqının tarixində "qanlı yara" adlandırmışdır. Onun sözlərinə görə, bu faciə Azərbaycan xalqının leqitim azadlıq hərəkatına daha da rəvac vermiş, öz müstəqilliyini elan etməklə Azərbaycan dövləti yenidən doğulmuş olmuşdur. Millət vəkili Azərbaycanın müstəqillik illərində əldə etdiyi irəliləyiş və müstəqil siyasət haqqında danışmış, ölkədəki iqtisadi sıçrayışın və sosial sülhün qürurverici olduğunu bildirmişdir. E.Yütner çıxışında Azərbaycan-Almaniya ikitərəfli münasibətlərini yüksək qiymətləndirmiş və buna dair faktları səsləndirmişdir.

Tədbirin rəsmi hissəsindən sonra Almaniyada yaşayan azərbaycanlı musiqiçilər Elnarə İsmayılova və Faiq Əliyevin ifasında Azərbaycan və Qərb bəstəkarlarının əsərlərindən ibarət anım konserti səsləndirilmişdir. Həmçinin, 20 Yanvar faciəsindən bəhs edən tarixi fotoşəkillərdən ibarət sərgi, həmçinin müxtəlif əyani vəsaitlər tədbir iştirakçılarına təqdim olunmuşdur.

Anım tədbiri Azərbaycan Respublikasının AFR-dəki səfirliyi tərəfindən ARDNŞ-nin Almaniya nümayəndəliyinin və Almaniyadakı Azərbaycanlıların Kooridnasiya Mərkəzinin dəstəyi ilə təşkil olunmuşdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti