...

Əli Əliyev: İqtidar-müxalifət dialoqu yeni mərhələnin başlanğıcıdır

Siyasət Materials 12 Fevral 2015 16:20 (UTC +04:00)
“Bu gün keçirilən iqtidar-müxalifət görüşünü ümumilikdə müsbət qiymətləndirmək lazımdır”.
Əli Əliyev: İqtidar-müxalifət dialoqu yeni mərhələnin başlanğıcıdır

Azərbaycan, Bakı, 12 fevral /Trend, müxbir Elçin Mehdiyev/

"Bu gün keçirilən iqtidar-müxalifət görüşünü ümumilikdə müsbət qiymətləndirmək lazımdır". Bu barədə Trend-ə görüşdə iştirak edən Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev deyib.

Ə.Əliyev vurğulayıb ki, bu, artıq ikinci belə görüşdür: "Bu, Azərbaycan siyasi təşkilatlarının davranışlarında yeni mərhələnin başlanğıcıdır. Hesab edirəm ki, təşəbbüsün haradan gəlməsindən asılı olmayaraq, hər iki tərəf bu görüşlərə qarşılıq verir və bu iş üçün kifayət qədər ixtisaslı və səlahiyyətli şəxs ayrılıb. Əli Həsənov kifayət qədər təcrübəsi və peşəkarlığı olan məmurdur".

Onun sözlərinə görə, hər iki görüşdən təəssürat ondan ibarətdir ki, bu prosesin davamlı olmağında hakimiyyət də maraqlıdır: "Biz uzun müddət siyasətdə mərkəzçi mövqe tutmuşuq və proseslərin normal məcrada, normal rəqabət şəraitində davam etməsinin tərəfdarı olmuşuq. Dialoq prosesinin özü də bizim mövqeyimizi gücləndirir və hesab edirik ki, ölkədə siyasi proseslər radikal mövqelərlə deyil, sivil dünyaya xas olan danışıqlar yolu ilə həllini tapmalıdır".

Ə.Əliyev həm də hesab edir ki, bu proses mövcud problemlərin istiqamətində vasitə ola bilər: "Sevindirici hal ondan ibarətdir ki, bu razılaşmamız həmin prosesin davamlı olacağına işarədir. Ümidvarıq ki, bundan sonrakı mərhələdə aparılacaq məsləhətləşmələr, müzakirələr konkret məsələlər ətrafında olacaq və biz daha dəqiq nəticələrlə bu görüşlərə nail ola biləcəyik".

Qeyd edək ki, bu gün iqtidar-müxalifət dialoqu keçirilib. Trend-in məlumatına görə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun da iştirak etdiyi dialoqda Azərbaycan Demokratik Partiyasının sədri Sərdar Cəlaloğlu, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə, Vəhdət Partiyasının sədri Tahir Kərimli, Azadlıq Partiyasının sədri Əhməd Oruc, Milli İstiqlal Partiyasının sədri Yusif Bağırzadə, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev, Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, BAXCP sədrinin müavini Zöhrab Abdullayev, Vətəndaş və Inkişaf Partiyasının sədri Əli Əliyev, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, Ümid Partiyasının sədri İqbal Ağazadə və digərləri iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti