...

İqtidar-müxalifət dialoqunun verəcəyi töhfələr

Siyasət Materials 12 Fevral 2015 19:02 (UTC +04:00)
Bu gün Azərbaycanın iqtidar nümayəndələrinin və ölkədə fəaliyyət göstərən bir çox siyasi partiyalarının rəhbərlərinin iştirakı ilə baş tutan növbəti iqtidar-müxalifət görüşü ölkənin siyasi həyatında yeni bir dövrün başlandığını göstərdi.
İqtidar-müxalifət dialoqunun verəcəyi töhfələr

Azərbaycan Xəbərlər Xidməti
Elçin Mehdiyev - Trend:


Bu gün Azərbaycanın iqtidar nümayəndələrinin və ölkədə fəaliyyət göstərən bir çox siyasi partiyalarının rəhbərlərinin iştirakı ilə baş tutan növbəti iqtidar-müxalifət görüşü ölkənin siyasi həyatında yeni bir dövrün başlandığını göstərdi.

Görüşdə iştirak edən siyasi partiya rəhbərlərinin hər biri bu prosesin ölkə siyasəti üçün müsbət nəticələr verəcəyini bəyan etdi. Ən əsası isə görüşün davamlı və növbəti dəfə daha detallı olacağı, müzakirə ediləcək mövzuların və ümumiyyətlə, görüşün formatının əvvəlcədən müəyyənləşdiriləcəyi və digər mühüm məsələlərdə də razılığa gəlindiyi bildirildi. Təbii ki, bu cür qərarlar iqtidar-müxalifət dialoqunun davamlılığına və effektivliyinə təminat yaradır.

Beynəlxalq aləmdə və yaxın regionda baş verən siyasi proseslər fonunda bu cür görüşlərin keçirilməsini, iqtidarla müxalifət arasında dialoq mühitinin gücləndirilməsini ölkə üçün vacib amil hesab etmək olar. Birincisi, bu görüş ölkədə daxili ictimai-siyasi sabitliyin daha da möhkəmləndirilməsinə öz töhfəsini verəcək. Digər tərəfdən isə iqtidarla müxalifət arasında əlaqələrin gücləndirilməsi xarici qüvvələrin və bu qüvvələr tərəfindən idarə olunan təşkilatların Azərbaycana təzyiq göstərmək imkanlarını xeyli azaldacaq.

Belə ki, beynəlxalq güclər, adətən, hər hansı bir ölkəyə təzyiq etmək üçün həmin ölkədə fəaliyyət göstərən siyasi pariyalardan da istifadə etməyə cəhd edirlər və Azərbaycana qarşı da bundan istifadə eməyə çalışıblar. Artıq Azərbaycan hökuməti iqtidar-müxalifət münasibətlərini gücləndirməklə bu təhdidi də aradan qaldırır. Təbii ki, öz şəxsi maraqlarını dövlətçilik maraqlarından üstün tutan partiya rəhbərlərinin timsalında bəzi istisnalar olmaqla.

Tam əminliklə demək olar ki, bu görüş əvvəlki görüşdən daha geniş, nəticələri isə daha səmərəli oldu. Yuxarıda qeyd etdiyimiz kimi, bu dəfə qəbul olunan qərarlar görüşdə iştirak etməkdən boyun qaçıran bəzi müxalifət partiyalarının arqumentlərini də heçə endirdi. Belə ki, həmin partiyalar görüşdə hansı məsələlərin müzakirə ediləcəyi barədə məlumatlı olmadıqlarını bəhanə gətirərək görüşdən imtina edirdilər. Artıq onların belə arqument irəli sürmək imkanları olmayacaq.

Təbii ki, öz maraqlarını xalqın maraqlarından üstün tutmayan şəxs heç zaman bu cür arqumentləri əsas gətirərək görüşdən imtina etməz. Görüşə gəlmək, orada təkliflərini irəli sürmək lazım idi ki, nəzərə alınsın. Ancaq onlar bunu da etmədilər. Kənardan tənqid etməklə kifayətləndilər. Ancaq görək bundan sonra hansı bəhanələr gətirəcəklər?

Hər halda Azərbaycan iqtidarı öz siyasi iradəsini ortaya qoydu və müxalifətlə dialoq prosesinə başladı. Hesab edirik ki, bu, mütləq öz müsbət nəticələrini verəcək. Elə müxalifət partiyalarının da bu prosesə getdikcə daha böyük maraq göstərməsi bunu deməyə əsas verir. Nadanlar isə həmişə olub və bundan sonra da olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti