Azərbaycan, Bakı, 24 fevral /Trend, müxbir İlkin İzzət/
Prezident İlham Əliyev Azərbaycanda sürücülərin bəzi yol qaydalarını pozmasına görə nəzərdə tutulan cəza tədbirləri ilə bağlı yeni qanunun tətbiq etdilməsi ilə əlaqədar hökumətə tapşırıq verib.
Trend xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev "Yol hərəkəti haqqında" Qanunda dəyişikliklər edilməsi barədə" Qanunun tətbiqi və "Yol hərəkəti haqqında" Qanunun tətbiq edilməsi barədə" Prezidentin 1998-ci il 22 noyabr tarixli fərmanında dəyişikliklər edilməsi haqqında fərman imzalayıb. Fərmana əsasən, Nazirlər Kabinetinə Azərbaycan Respublikası qanunlarının və Prezidentin aktlarının "Yol hərəkəti haqqında" Qanunda dəyişikliklər edilməsi barədə" Qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini 3 ay müddətində hazırlayıb Prezidentə təqdim etmək, "Yol hərəkəti haqqında" Qanuna "Nəqliyyat vasitələrinin istismarının qadağan edilməsinə səbəb olan nasazlıqların Siyahısı" adlı 1 saylı Əlavənin yol hərəkətinin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi sahəsində müasir beynəlxalq norma və standartlara uyğun, azsaylı və aydın meyarlar əsasında hazırlanmış və sadələşdirilmiş yeni redaksiyasını 5 ay müddətində Prezidentə təqdim etmək tapşırılıb.
Bundan əlavə, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edərək bu barədə, eləcə də mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamalı və bunun icrası barədə beş ay müddətində ölkə Prezidentinə məlumat verilməlidir.
Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Yol hərəkəti haqqında" qanunda dəyişikliklər edilməsi barədə" qanuna uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.
Qeyd edək ki, "Yol hərəkəti haqqında" qanunun 84-cü maddəsinin 3-cü bəndinə edilmiş dəyişikliyə görə, inzibati cərimənin ödənilməsi üçün cərimə bildiriş blanklarını özündə saxlamaq yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanı əməkdaşının vəzifələri sırasından çıxarılıb. Həmin maddənin redaktə edilmiş 6.1-ci bəndinə əsasən, bundan sonra yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanı əməkdaşı inzibati tənbeh tətbiq etmə haqqında qərarı və ya inzibati xəta haqqında protokolu operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib edərək dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirməlidir.
Maddəyə əlavə edilmiş 6.2-ci bəndə görə isə inzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surətini yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verməlidir.
Qanunun 85-ci maddəsinin 2.1-ci bəndinə edilən dəyişikliyə görə, bundan sonra yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanı əməkdaşı nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti qaydalarının və ya yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydalarının pozulduğu xüsusi texniki vaxitələrdən istifadə etməklə müəyyən olunduqda həmin sürücüdən nəqliyyat vasitəsini dayandırmağı tələb edə bilməyəcək.
Həmin maddənin 5-ci bəndi isə ümumiyyətlə ləğv edilib. Həmin bəndə görə, nəqliyyat vasitəsini idarə edən şəxs müəyyən edilmiş hərəkət sürətinin həddini saatda 10 kilometrdən çox aşdıqda yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanı əməkdaşı sürətölçənin göstəricisi və pozuntunun baş verdiyi tarix barədə ölçmə cihazının göstəricilərinin uçotu kitabında müvafiq qeyd aparırdı (əgər sürücü müəyyən edilmiş hərəkət sürətinin həddini saatda 10 kilometrdən çox aşaraq, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşının dayanmaq tələbini yerinə yetirməkdən boyun qaçırıbsa, onu məsuliyyətə cəlb etmək üçün pozuntunun yeri və tarixi, sürətölçənin göstəricisi, nəqliyyat vasitəsinin markası, rəngi və qeydiyyat nişanı göstərilməklə, bu barədə tərtib olunmuş raportu nəqliyyat vasitəsinin dövlət qeydiyyatı üzrə daimi uçota alındığı yerə göndərirdi).
Bundan başqa, 85-ci maddənin 10-cu bəndi yeni redaksiyada verilib. Dəyişikliyə əsasən, yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanı əməkdaşı bu qanunun 52-ci maddəsinin dördüncü və altıncı hissələrində nəzərdə tutulmuş dayanma və durma qaydalarını pozmuş sürücü nəqliyyat vasitəsinin yanında deyilsə, İnzibati Xətalar Məcəlləsinin (İXM) 429-5.5-ci maddəsində nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında protokol tərtib edəcək və nəqliyyat vasitəsini mühafizə edilən duracağa göndərəcək. Belə sürücü nəqliyyat vasitəsinin yanında olmadığı və nəqliyyat vasitəsinin mühafizə edilən duracağa aparılması mümkün olmadığı hallarda İXM-in 429-5.6-cı maddəsində nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında protokol tərtib edəcək və onun surətini nəqliyyat vasitəsinin ön şüşəsinə qoyacaq.
Həmin maddənin 13-cü bəndi də dəyişdirilib. Dəyişikliklərə görə, ümumi istifadədə olan nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti qaydalarını pozduqda müntəzəm şəhərdaxili (rayondaxili) sərnişin daşımalarında ləngimələrin qarşısını almaq üçün müvafiq icra hakimiyyəti orqanının əməkdaşı dayandırılmış nəqliyyat vasitəsinin sürücüsünə yol verdiyi qayda pozuntusunu elan etdikdən və nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını qeydə aldıqdan sonra sürücü barəsində inzibati xəta haqqında protokolu sonuncu dayanacaqda da tərtib edə bilər.
Qanunun 85-1-ci (Yol hərəkəti qaydaları pozuntusunun aşkar edilməsi və məsuliyyətə cəlb etmə qaydası) maddəsinin adı və mətni ümumiyyətlə ləğv edilib. Dəyişikliklərdən sonra 85-1-ci maddə "Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlər üzrə icraat" adlandılıb. Yeni redaksiyadakı maddəyə görə, yol hərəkəti qaydaları əleyhinə olan xətalar haqqında işlər üzrə icraat İXM ilə müəyyən edilmiş qaydada həyata keçirilir.