Azərbaycan, Bakı, 25 fevral /Trend, müxbir İlkin İzzət/
1988-ci ildə Sumqayıtda törədilən hadisələrin istintaqı qərəzli və siyasi sifariş əsasında aparılıb, əsl cinayətkarlar məsuliyyətdən kənarda qalıblar. Trend xəbər verir ki, bunu Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini Rüstəm Usubov Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) Sumqayıt hadisələrinin 27-ci ildönümü münasibətilə təşkil edilmiş konfransda "Azərbaycana qarşı Sumqayıt təxribatı - "Qriqoriyan işi" kitabının təqdimatı zamanı deyib.
Onun sözlərinə görə, Sumqayıt şəhərində törədilmiş cinayətlərlə bağlı aparılmış istintaq və məhkəmə prosesləri zamanı onların əsl günahkarları məsuliyyətə cəlb olunmayıb. R.Usubov qeyd edib ki, bu məsələyə maraq ildən-ilə, gündən-günə artır. Çünki ermənilər yatmır, bizə qarşı fəaliyyət göstərirlər. Ona görə də gənclər Sumqayıt hadisələrini, Qarabağ münaqişəsinin tarixini, Xocalı soyqırımını dərindən öyrənməlidirlər.
R.Usubov bildirib ki, Sumqayıt hadisələri ilə bağlı MTN, Baş Prokurorluq tərəfindən birgə istintaq qrupu yaradılıb. Məlum olub ki, vaxtilə hadisələrin istintaqı qərəzli və siyasi sifariş əsasında aparılıb, əsl cinayətkarlar məsuliyyətdən kənarda qalıblar: "İstintaq işinin gedişi göstərir ki, hadisələrin əsl mahiyyəti açılmayıb, gizlədilib, cinayətin bütün iştirakçıları müəyyən edilməyib, əsl təşkilatçılar məsuliyyətdən kənarda qalıb, onların məsuliyyətə cəlb edilməsi üçün heç bir tədbir görülməyib, cinayətin baş vermə səbəbi qətiyyən araşdırılmayıb. Ona görə də Sumqayıt hadisələrinin yenidən araşdırılması zərurəti yaranıb".
Baş prokurorun birinci müavini bildirib ki, araşdırmalar göstərir ki, yüzlərlə erməninin hadisələrin baş verəcəyindən əvvəlcədən xəbərləri olub. Həmin ərəfədə yüzlərlə erməni banklardakı əmanətlərini əvvəlcədən çıxarıblar. İş üzrə təqsirləndirilmiş şəxs kimi 6 nəfərin qətlində iştirak etmiş milliyyətcə erməni Eduard Qriqoryanın isə məsuliyyətdən azad edilməsi üçün erməni millətçi təşkilatçıları və xüsusi-xidmət orqanları çox çalışıblar. Təsadüfi deyil ki, bu qədər cinayət törətməsinə baxmayaraq, Qriqoryan Ermənistana göndərilib, sonra da azadlığa buraxılıb.
O, qeyd edib ki, istintaq materiallarına əsaəsən, Sumqayıt hadisələri zamanı 26 erməni, 6 azərbaycanlı ölüb. Erməni milliyyətindən olan Markaryan avtobusu bilərəkdən azərbaycanlıların üstünə sürüb və 4 nəfəri öldürüb. Lakin SSRİ-nin hüquq-mühafizə orqanları bu faktın üstünü ört-basdır ediblər. Ona görə də həmin iş də təzələnib və istintaq-əməliyyat tədbirləri davam etdirilir.
R.Usubovun sözlərinə görə, ermənilər Sumqayıt hadisələrindən azərbaycanlılar haqqında vəhşi obrazı yaratmaq üçün istifadə ediblər və indi də edirlər: "Halbuki azərbaycanlılar tərəfindən Sumqayıt hadisələri zamanı yüzlərlə erməninin həyatı xilas edilib. Həmin ermənilər daha sonra dəfələrlə azərbaycanlılar tərəfindən xilas edildiklərini bildiriblər".
R.Usubov qeyd edib ki, həmin vaxt Sumqayıtda 18 minə yaxın erməninin yaşamasına baxmayaraq, cəmi 26 erməninin ölməsi azərbaycanlıların erməniləri qorumalarını bir daha təsdiq edir. Amma ermənilər faktları təhrif edərək bildirirlər ki, ölənlərin sayı əslində çoxdur. Lakin həmin 26 nəfərin hamısının kimliyi haqqında dəqiq materiallar var.
MTN arxivlərində saxlanılan "Nalyotçik" adı altında məxfi işdən müəyyən edilib ki, Sumqayıt hadisələri ərəfəsində yerli Dövlət Təhlükəsizlik Komitəsi (DTK) şöbəsinin nəzarətində 47 nəfər ekstremist-millətçi erməni əsilli şəxs var və həmin şəxslərdən biri də hadisələr zamanı zərərçəkən siyahısında olmayıb. Bu faktlar bir daha təsdiq edir ki, "Krunk" cəmiyyəti ilə əlaqə saxlayan erməni millətçiləri sağ-salamat qalıblar.
Baş prokurorun birinci müavini qeyd edib ki, Sumqayıtda "Krunk" təşkilatının emissarlardan biri o vaxt Qarabağdan Sumqayıta hərbi komissar kimi dəyişdirilib göndərilmiş Kalantarov soyadlı erməni polkovnik olub. O, buradakı ermənilərin hamısının sıyahısını və ünvanlarını bilib və hadisələr ərəfəsində iş yerini dəyişmək adı ilə aradan çıxıb. Musiqiçilər və qumar oynayanlar əldə edilmiş gəlirlərindən "Krunk" cəmiyyətinə pul ötürürdülər.
Aşkar edilib ki, yaşayış binasının bir girişinin 1, 2, 3 və 4-cü mərtəbələrində erməni milliyətindən olan sakin var idisə, cinayətkarlar 1, 2-ci yox, 3-cü mərtəbədə yaşayan erməninin evinə girərək hadisə törədiblər. Bəzi mənzilləri ermənlər boşaldıb sonradan özləri yanğın törədib və kompensasiya istəyiblər. Bu məsələ də tam sübut edir ki, ermənlər məqsədəyönlü hərəkət edirdilər.
R.Usubov bildirib ki, aparılmış hazırkı istintaqla tam müəyyən edilib ki, Sumqayıt şəhərində zərərçəkən, öldürülən ermənilərin əksəriyyəti Dağlıq Qarabağ vilayətində fəaliyyət göstərən "Krunk" cəmiyyətinə könüllü maddi vəsait köçürməkdən imtina edənlərdir.
Onun sözlərinə görə, həmin ərəfədə Ermənistanın xüsusi xidmət orqanları əməkdaşlarının Bakı və Sumqayıt şəhərlərinə gələrək buradakı mehmanxanalarda yerləşmələri və ermənilərlə görüşüb gizli söhbətlər aparmaları istintaqla müəyyən edilib: "Ermənilər Sumqayıt hadisələri zamanı azərbaycanlıların "vəhşi" obrazını yaratmaq üçün əllərindən gələni edirlər".
Baş prokurorun birinci müavini qeyd edib ki, iş üzrə təqsirləndirilən şəxs kimi cəlb edilmiş 6 nəfər ermənini qətlə yetirən, əvvələr 1979, 1981, 1982-ci illərdə 3 dəfə mühakimə olunub, üst-üstdə 9 il 2 ay həbsxanalarda yatmış qatı cani, milliyətcə erməni olan Qriqoryan Eduard Robertoviç isə təsadüfən onun tərəfindən cinsi zorakılığa məruz qalmış zərərçəkmiş erməni qızlar - Marina və Karina Mejlumyanlar və onların anası Roza Mejlumyan tərəfindən tanındığından onu məsuliyyətdən kənarda saxlamaq havadarlarına nəsib olmayıb: "Hazırda aparılan istintaqla və əldə edilmiş arxiv materiallarına əsasən, 6 nəfərin qətlində iştirak etmiş milliyyətcə erməni Eduard Qriqoryanın məsuliyyətdən azad edilməsi üçün erməni millətçi təşkilatları və xüsusi xidmət orqanları çox çalışıblar. Təsadüfi deyildir ki, Eduard Qriqoryan uzun müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edildikdən az sonra hansısa xidmətlərinə görə cəzasını çəkmək üçün Ermənistana göndərilib və orada azadlığa buraxılıb. Bu gün də ermənilər Sumqayıtda kütləvi iğtişaşların fəal iştirakçısı olmuş Eduard Qriqoryanın hadisələrdə iştirakının olmaması, erməni olduğuna görə onun barəsində saxta sübutlar toplanması, bəzi hallarda isə onun ümumiyyətlə, erməni olmadığı, anasının azərbaycanlı olması və pasportunda milliyyətinin azərbaycanlı göstərilməsi kimi şayiələr yaymaqla məşğuldurlar".
R.Usubovun sözlərinə görə, Ermənilərin nə deməsindən asılı olmayaraq, Eduard Qriqoryanın Sumqayıt şəhərində törədilmiş kütləvi iğtişaşların fəal iştirakçısı olması ibtidai və məhkəmə istintaqı zamanı toplanmış sənədlərlə kifayət qədər sübuta yetirilmiş və onun barəsində qüvvədə olan Azərbaycan SSR Ali Məhkəməsinin 22 dekabr 1989-cu il tarixli hökmü vardır. Həmin cinayət işinin istintaq materiallarına əlavə edilmiş Eduard Qriqoryanın pasportunda, pasport almasına dair 1 N°-li formada, hərbi xidmət sənədlərində onun milliyyətinin erməni yazılması müəyyən edilib. Hazırda E.Qriqoryanın olduğu yerin müəyyən edilməsi məqsədilə Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Baş prokurorun birinci müavini əlavə edib ki, Azərbaycan ərazisində, o cümlədən Bakı və Sumqayıt şəhərləri ərazisində Sumqayıt şəhərindəki iğtişaşların qarşısını almaq üçün yetərli sayda hərbi qüvvələr olsa da, məlum olmayan səbəbdən SSRİ rəhbərliyi buraya Rusiyada yerləşən hərbi hissələrin qüvvələrini yeridib, lakin onlar da iğtişaşların qarşısını almaq üçün yetərincə tədbirlər görməyiblər. Vaxtında hərbçilərə müraciət edilməsinə baxmayaraq, onlar tərəfindən heç bir hərəkət olmayıb.
R.Usubov deyib ki, ovaxtkı Sumqayıt Rayon Polis İdarəsinin rəis əvəzi, milis polkovnik leytenantı Xanlar Cəfərov general Krayevdən Nasosnıda (indiki Tağıyev qəsəbəsi) hərbi qoşunların Sumqayıta yeridilməsini xahiş etsə də, o, "bir qrup xuliqanların öhdəsindən qələ bilmirsiniz" deyə irad tutaraq bundan imtina edib və nəticədə ölənlərin sayı 32-yə çatıb. Yalnız bundan sonra komendant saatı təyin olunub.
Onun sözlərinə görə, SSRİ Baş Prokurorluğunun istintaq qrupuna daxil edilmiş Azərbaycan Respublikası hüquq mühafizə orqanlarının əməkdaşlarının ifadələrindən görünür ki, onlar Sumqayıt hadisələrinin istintaqını aparmış SSRİ Baş Prokurorluğunun istintaq qrupunun tərkibində fəaliyyət göstərib, istintaq qrupunun rəhbəri SSRİ Baş Prokurorluğunun xüsusilə mühüm işlər üzrə baş müstəntiqi Qalkin familiyalı bir nəfər olub, iş üzrə əsas istintaq hərəkətlərini SSRİ Baş Prokurorluğundan və RF-nin müxtəlif vilayətlərindən dəvət olunmuş müstəntiqlər icra ediblər. Aparılan istintaq hərəkətlərindən onlar belə nəticəyə gəliblər ki, Sumqayıt hadisələrini ermənilər və xarici dövlətlərin xüsusi xidmət orqanları təşkil edib, istintaq qrupunun rəhbərləri cinayətin sifarişçilərinin və təşkilatçılarının müəyyən edilməsi istiqamətində demək olar ki, istintaq hərəkətləri aparmayıb, onların ifşa olunmasında maraqları olmayıb və buna görə də əsas cinayətin icraçıları barəsində işlərin tezliklə tamamlanıb məhkəməyə göndərilməsini tələb edib və azərbaycan millətindən olan müstəntiqlərin əsas istintaq hərəkətlərinin icra olunmasından kənarda saxlamağa çalışıblar: "Biz Sumqayıt hadisələrinin bütün səbəbkarlarının üzə çıxarılması və cinayətkarların öz layiqli cəzalarına çatması üçün əlimizdən gələni əsirgəməyəcəyik".
Baş prokurorun birinci müavini E.Qriqoryanın yerinin müəyyən edildiyini də açıqlayıb: "Sumqayıt hadisələrinin əsas təşkilatçılarından olan Eduard Qriqoryanın yerinin müəyyən edilməsi istiqamətində müəyyən işlər görülüb. Onun yerinin müəyyən edilməsi üçün sosial şəbəkələrdə araşdırmalar aparılıb və "Odnoklassniki" sosial şəbəkəsində daxili və xarici əlamətləri ilə Eduard Qriqoryana oxşar şəxsin fotoşəkillər aşkar edilib. Müəyyən edilən fotoşəkillər onun Rusiyanın paytaxtı Moskva yaxınlığındakı rayonda yaşadığını güman etməyə əsas verir. Qriqoryanın sosial şəbəkədəki şəkilləri Baş prokurorluğa göndərilib. Məhkəmə ekspertizası təyin olunub və müəyyən olunub ki, həmin şəkildəki şəxs Eduard Qriqoryandır".