Azərbaycan, Bakı, 16 mart /Trend, müxbir Elçin Mehdiyev/
"Mən əvvəldən demişdim ki, bu mitinqə çoxlu sayda insan qatılmayacaq, çünki cəmiyyətdən ciddi bir sifariş olmadığını görürük. Əgər insanlar özü etiraz bildirmirsə, müxalifətin mitinq təşkil etməsi ilə bir şey alınmaz. Dediklərim də düz çıxdı". Bu barədə Trend-ə Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Milli Şuranın martın 15-də təşkil etdiyi mitinqə münasibət bildirərkən deyib.
S.Cəlaloğlu qeyd edib ki, sadəcə, Milli Şura mitinq keçirməklə xaricdəki qüvvələrə özünün bir güc olduğunu göstərməyə çalışır: "Mənim başa düşdüyümə görə, Milli Şura ölkədə yaranmış vəziyyətdən yararlanmaq istəyir. İstəyir ki, bu cür mitinqlərlə xaricdəki qüvvələrə və ölkədə özünün bir güc olduğunu, aparıcı müxalif qüvvə kimi göstərsin, amma biz belə hesab edirik ki, bu dəqiqə "keçi can hayında, qəssab piy axtarır" fikri olmamalıdır. Sərhədlərimizdən bir qədər uzaqda ciddi problemlər olduğu bir vaxtda Azərbaycanda müəyyən bir tendensiyanın inkişaf etdirilməsi düzgün deyil".
ADP sədri hesab edir ki, xalqın küçələrə çıxardılması elə xalqın özünün əleyhinə yönələ bilər: "Elə bu mitinqlərə əhalinin çoxlu şəkildə qoşulmamasının səbəbi də odur ki, insanlar başa düşürlər ki, indiki dövrdə Ukraynada, Suriyada, İraqda baş vermiş hadisələr Azərbaycanda da təkrar oluna bilər. Ona görə də kütləvi aksiyalara qoşulmurlar. Biz də bunu nəzərə alaraq, yəni sosial sifarişin olmadığını, xalqın kütləvi aksiyalara qoşulmaq istəmədiyini nəzərə alıb mitinq taktikasından istifadə etmirik. AXCP isə əksinə, mitinq taktikasından istifadə edir, çalışır ki, bundan maksimum istifadə etsin və özünü bir güc kimi təqdim etsin".
Milli Şuranın mitinqləri davam etdirəcəyi fikrinə gəlincə isə S.Cəlaloğlu bunun mənasız olduğunu hesab edir: "Lap hər gün keçirsinlər. Bunun nə mənası var ki? Mən öz təcrübəmdən deyə bilərəm ki, 1996-cı ildən 2005-ci ilə qədər Azərbaycanda demək olar ki, kütləvi aksiyaların 90 faizini bizim partiya təşkil edirdi, 10 faizini isə başqa partiyalar edirdi, amma o taktika çox da ciddi nəticələrə gətirib çıxarmadı. Yəni qarşımıza qoyduğumuz məqsədlərə xidmət etmədi. Yalnız mitinqlərlə heç nəyə nail olmaq olmaz. Ona görə də məhdud maraqlara görə bu qədər məsuliyyətli, ağır bir işi yerinə yetirmək effektsiz görünür".