Azərbaycan, Bakı, 17 mart /Trend, müxbir Rufiz Hafizoğlu/
"Azərbaycanın ümummilli lideri Heydər Əliyevin adını Türkiyədə yaşatmağa davam edəcəyik". Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Qarsda Azərbaycanın ümummilli lideri Heydər Əliyevin adını daşıyan texniki liseyin açılış mərasimində çıxışı zamanı deyib.
Türkiyə Prezidenti qeyd edib: "Təhsil kompleksinin açılması ilə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin adını ölkəni hər yerində yaşatmış oluruq və bundan sonra da yaşatmağa davam edəcəyik. Heydər Əliyev adını daşıyan bu texniki liseyi nümunəvi bir təhsil ocağı kimi görürük".
Onun sözlərinə görə, liseyin Qarsda açılması Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq əlaqələrinin simvoludur.
Qeyd edək ki, bu gün Türkiyənin Qars şəhərində Azərbaycanın ümummilli lideri Heydər Əliyevin adını daşıyan texniki liseyin açılışı keçirilib. Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Gürcüstan Prezidenti Georgi Marqvelaşvili iştirak ediblər.