...

Mübariz Əhmədoğlu: "Serj Azatoviç Sərkisyan sındı"

Siyasət Materials 23 Mart 2015 13:22 (UTC +04:00)
Virtual Ermənistanın prezidenti martın 18-də iki tədbirdə etdiyi çıxış zamanı 3 sensasiyalı bəyanat verdi.
Mübariz Əhmədoğlu: "Serj Azatoviç Sərkisyan sındı"

Azərbaycan, Bakı, 23 mart /Trend/

"Virtual Ermənistanın prezidenti martın 18-də iki tədbirdə etdiyi çıxış zamanı 3 sensasiyalı bəyanat verdi. Bu bəyanatlardan birincisi Ermənistan-Türkiyə münasibətlərinə aid idi. Serj Sərkisyan protokolları Ermənistan parlamentindən geri çağırmasının Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün qapını bağlamaq olmadığını bildirdi".

Bunu Trend-ə açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu deyib.

M.Əhmədoğlu bildirib ki, bu addımı ilə Serj Sərkisyan sən demə Türkiyənin diqqətini cəlb etmək istəyirmiş: "Başqa sözlə, bəlkə rəsmi Ankara yenidən münasibətləri normallaşdırmaq və ya sərhədləri açmaq istiqamətində nəsə bir bəyanat versin. "Qarabağ klanının" başçısı S.Sərkisyan üçün "erməni soyqırımı" mövzusu həmişə sövdələşmə predmeti olub. Erməni soyqırımı"nın 100 illiyi qeyd olunduğu dövrdə erməni xalqının rəhbərinin belə bəyanatı həm də dünya erməniliyinin bu günədək Türkiyəyə qarşı apardığı təzyiq kompaniyasının iflası deməkdir".

Politoloqun sözlərinə görə, Serj Sərkisyan ölkəsinin Rusiya-Türkiyə münasibətlərinin normallaşmasını faydalı hesab etdiyini bildirdi: "Bu bəyanat Ermənistan cəmiyyəti üçün paradoksal mövqedir. Çünki müasir Ermənistan cəmiyyət qatı antirusiyadır, hətta Serj Sərkisyan SSRİ dövrünü erməni xalqı üçün "cəhənnəm" adlandırmışdı. Tarixi və müasir erməni cəmiyyəti antitürkiyə olub və olaraq qalmaqdadır. Antitürkiyə mövqe dünya erməniliyinin mövcudluq və ya yaşam vasitəsinə çevrilib. Eləcə də erməni xalqı özünün tarixi faciələrini Rusiya-Türkiyə münasibətlərində axtarır. Uydurma tarixlərində bu suala özlərinə uyğun cavablar da tapıblar: Bolşevik Rusiyası ilə Kamal Türkiyəsi və ya Leninlə Atatürk dostluğunu "böyük Ermənistanın" yaranmamasının yeganə səbəbi hesab edirlər.
Serj Sərkisyanın bu bəyanatınadək bütün Ermənistan ictimaiyyəti Rusiya-Türkiyə yaxınlaşmasının qəti əleyhinə idi".

M.Əhmədoğlu hesab edir ki, Serj Sərkisyanın bəyanatı sadəcə ritorika deyil, dolğun məzmuna malikdir, çünki Rusiya-Türkiyə əməkdaşlığının Ermənistan üçün faydasının konkret istiqamətləri göstərilir: "Gümrü-Qars dəmiryolu açıla bilər, Ermənistanın dəmir yollarının konsession idarəçisi "Rusiya Dəmiryollar Şirkəti"dir. Beləliklə, Gümrü-Qars dəmiryolu açılacaqsa bu işlə Rusiya şirkəti məşğul olacaqdır. S.Sərkisyan Ermənistanla Türkiyə arasında SSRİ dövründən qalmış yüksək gərginlikli elektrik xətlərinin mövcudluğundan danışdı. Ermənistanın Türkiyənin elektrik enerjisi qıtlığından əziyyət çəkən şərq vilayətlərinin elektrik enerjisi ilə təminində vacib rol oynaya biləcəyini bildirdi. Təbii ki, Ermənistanda AES-in tikilməsinin əsas kontekstlərindən biri də budur. Rusiya-Türkiyə münasibətlərinin yaxınlaşmasına S.Sərkisyanın belə yanaşması da sensasiyadır. Dünya erməniliyi yəqin ki, bu məsələyə öz münasibətini bildirəcək. Bunu Türkiyənin Ermənistanla erməni diasporunu parçalamaq istiqamətində apardığı siyasətin uğuru kimi təqdim edəcəklər.

S.Sərkisyan Qarabağ məsələsində həlledici yükə malik fikir bildirdi: Qarabağda erməni əsgəri bilir ki, onu rus silahı ilə öldürürlər. Psixoloji baxımdan ermənilər Qarabağ məsələsində bərbad durumdadırlar. S.Sərkisyan bu fikri ilə psixoloji durumu daha da ağırlaşdırdı. Amma eyni zamanda, o Rusiyanın Azərbaycana silah satmasının həll oluna bilən problem adlandırdı. Eləcə də bəyan etdi ki, müstəqillik dövründə Ermənistana ən çox yardım edən dövlət Rusiya olub. Ermənistanın bütün qalan dostları Rusiyanın müstəqil Ermənistana etdiyi yardımın 1%-ni etməyiblər. S.Sərkisyanın bu bəyanatı psixoloji baxımdan balanslaşdırılmamış və ruhi xəstənin verdiyi bəyanatdır. Təkcə ziddiyyətləri deyil, həm də bu bəyanatın verildiyi tarix də diqqəti çəkir".

Politoloqun fikrincə, Serj Sərkisyan virtual Ermənistanın prezidenti olmaqla yanaşı, həm də kriminal Ermənistanın prezidentidir: "Məhz S.Sərkisyanın hakimiyyəti dövründə Ermənistanın ərazisi siyasi baxımdan erməni kriminalları bölüşdürüldü; hər bir kriminalın boynunda Serj Sərkisyan tərəfindən qoyulmuş siyasi məsuliyyət var. S.Sərkisyanın dövründə erməni etnokriminallığı beynəlmiləlləşdi. İndi dünyanın istənilən yerində yaşayan ermənilərin içərisində erməni oğruları, quldurları ayrıca təbəqə kimi mövcuddurlar. Erməni kriminallarının ən çox cəmləşdiyi yer ABŞ-dır. İT texnologiyalarından istifadə edərək ABŞ-a ciddi zərbə vura bilirlər. S.Sərkisyan həm də "Qarabağ klanının" başçısıdır.

Ermənistanın virtuallığa çevrilməsində, etnokriminallığın çiçəklənməsində və ya beynəlmiləlləşməsində müstəsna rolu olan Qarabağ klanının başçısı Serj Sərkisyanın birdən-birə sınması manevr və ya onun blefi deyil, həqiqətən sınmadır. Bu sınma məntiqi idi. Çünki qoşunların təmas xəttində psixoloji üstünlüyü rəqib tərəfə verdikdən sonra o bunu heç vaxt geri qaytara bilməyəcək. Eləcə də Rusiya və Türkiyəni Ermənistan üzərində əməkdaşlığa çağırırsa, bu iki dövlətin Qarabağ məsələsində tutduğu mövqe də reallaşmağa başlayacaqdır. Hər iki dövlət Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Dağlıq Qarabağın Azərbaycana qayıtmasının tərəfdarıdır. Ola bilər bu iki dövlətdən biri Dağlıq Qarabağın Azərbaycana qayıtmasını az, digəri isə çox istəsin. Bu, məsələnin mahiyyətini o qədər də dəyişmir.

Serj Azatoviç Sərkisyanın sınmasının bir məqamı da var: O əvvəlcə Ermənistanı dövlət olaraq sındırdı, sonra isə özü sındı".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti