...

XİN: Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı olan əksər qarayaxma kampaniyası Ermənistan və onun havadarlarından qaynaqlanır

Siyasət Materials 1 Aprel 2015 15:58 (UTC +04:00)
Rusiya Federasiyası Dövlət Dumasının MDB işləri üzrə komitəsinin sədri Leonid Slutskinin Azərbaycanın Rusiyadakı səfirliyində keçirdiyi mətbuat konfransındakı çıxışı ilə maraqla tanış olduq.
XİN: Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı olan əksər qarayaxma kampaniyası Ermənistan və onun havadarlarından qaynaqlanır

Azərbaycan, Bakı, 1 aprel /Trend, müxbir Səba Ağayeva/

"Rusiya Federasiyası Dövlət Dumasının MDB işləri üzrə komitəsinin sədri Leonid Slutskinin Azərbaycanın Rusiyadakı səfirliyində keçirdiyi mətbuat konfransındakı çıxışı ilə maraqla tanış olduq. O, Ermənistanda olduğu zaman səsləndirdiyi fikirlərin Ermənistan kütləvi informasiya vasitələri tərəfindən təhrif edildiyini və ona aid olmayan ifadələrin yazıldığını qeyd edib". Trend-in məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin II katibi Könül Süleymanlı Dumanın MDB işləri üzrə komitəsinin sədri L.Slutskinin son şərhlərinə münasibət bildirərkən deyib.

Azərbaycan XİN Ermənistan KİV-lərinin bu kimi fəaliyyəti barədə L.Slutski tərəfindən edilmiş etirafı məmnuniyyətlə qeyd edir: "Bu, bir daha onu göstərir ki, Ermənistan KİV-ləri özlərinin təbliğat fəaliyyətində hər bir fürsətdə ən çirkin vasitələrdən belə çəkinməyərək, şəxs tərəfindən deyilməyən sözləri onun fikirləri kimi qələmə verirlər".

K.Süleymanlı bildirib ki, Ermənistan dövlətinin tam nəzarətində olan Ermənistan mətbuatının, o cümlədən Rusiya nümayəndələrinə münasibətdə bu cür fəaliyyəti Azərbaycan və Rusiya arasında siyasi münasibətlərə xələl gətirmək məqsədi güdür. Bu çirkin təbliğat eləcə də Azərbaycana qarşı qarayaxma məqsədi daşıyır.

Onun sözlərinə görə, L.Slutski ətrafında cərəyan edən hadisələr bir daha ona dəlalət edir ki, xüsusilə, 2015-ci ilin 12-28 iyun tarixlərində Bakıda keçiriləcək birinci Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı olan əksər qarayaxma kampaniyası, əsasən, Ermənistan və onun havadarlarından qaynaqlanır.

XİN rəsmisi bildirib ki, beynəlxalq hüquqa zidd destruktiv siyasəti və bu qəbildən olan neqativ fəaliyyəti ilə Dağlıq Qarabağ münaqişəsinin həllinə mane olmaq əvəzinə, Ermənistanın beynəlxalq ictimaiyyətin israrlı çağırışlarına əməl edərək, öz işğalçı qoşunlarını işğal olunmuş Azərbaycan ərazilərindən çıxarması və azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması regionda sülh və sabitliyin bərqərar olmasına töhfə verərdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti