...

Robert Menendes, sizdə "ASAN xidmət" yoxdur?

Siyasət Materials 2 Aprel 2015 22:30 (UTC +04:00)
ABŞ-da erməni lobbisinin ən çox canfəşanlıq edən əlaltılarından biri, Azərbaycan və Türkiyənin ünvanına dəfələrlə sərt tənqidlər yağdıran Nyu Cersi ştatının senatoru Robert Menendes korrupsiyada ittiham olunur.
Robert Menendes, sizdə "ASAN xidmət" yoxdur?

Azərbaycan xəbərlər xidməti
Elçin Mehdiyev - Trend:

ABŞ-da erməni lobbisinin ən çox canfəşanlıq edən əlaltılarından biri, Azərbaycan və Türkiyənin ünvanına dəfələrlə sərt tənqidlər yağdıran Nyu Cersi ştatının senatoru Robert Menendes korrupsiyada ittiham olunur.

Siyasətçi floridalı oftalmoloq Salomon Melgendən onun şəxsi və maddi maraqlarına yardım etmək müqabilində bir sıra hədiyyələr almaqda şübhəli bilinir.

Kimdir axı bu senator? Bu, həmin Menendesdir ki, Azərbaycanın işğal altında olan ərazilərində "erməni əsgərlərin cəsarəti"nə heyran qalmışdı və həmin adamdır ki, Dağlıq Qarabağdakı işğalçı-separatçı rejimi tanımağı və dəstəkləməyi tələb edirdi.

ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə Metyu Brayzanın namizədliyinə əngəl törədən də məhz Menendes idi. Bundan başqa, Menendes elə o Menendesdir ki, Azərbaycanın müstəqil siyasətini pisləyir və bizi ölkəmizin ABŞ ilə ikitərəfli münasibətlərini korlayacağı ilə hədələyirdi.

Nəticədə, bu "ədalət mübarizi" rüşvət üstündə ilişdi. Əlbəttə, işin bütün incəliyi ilə hüquq-mühafizə orqanları məşğul olur. Bizə də ümid etmək qalır ki, rüşvətxor senator öz cəzasını alacaq. Lakin bir neçə təklif də irəli sürmək olar. Burada rüşvət verən adamın peşəsi xüsusi əhəmiyyət daşıyır.

Yəqin ki, açıq-aşkar həqiqətləri - 1 milyondan çox qaçqın və məcburi köçkünü, ərazilərin işğalını heç cür görə bilməyən bir adamın gözlərində ciddi problem olar. Görəsən, senatora rüşvət verən o həkim-oftalmoloq Menendesin gözlərini də açmağa, onun bu dərdinə çarə qılmağa çalışıbmı? Bunu bilmək mümkün olmayacaq.

Və daha bir amil də var ki, əhəmiyyəti heç də az deyil. Menendes yalan ifadə verməkdə ittiham olunur. Bu fakt amerikalılar üçün ancaq indi öyrəndikləri yeni xəbər olsa da, Türkiyə və Azərbaycanda heç kimi heyrətləndirmədi.

Sonda bir haşiyə çıxmaq istərdim: Bəlkə, Menendes kimi məşhur adamların rüşvətdə ittiham olunduğu Birləşmiş Ştatların korrupsiyaya qarşı səmərəli sistem qurmaq üzərində düşünməsinin vaxtı çatıb? Məsələn, ABŞ-ın tez-tez tənqid etdiyi Azərbaycanda "ASAN xidmət" var, birini də ABŞ yarada bilər. Bu xidmətin ilk ofisini elə Vaşinqtonda açmaq lap yerinə düşərdi...

Məqalədə:
Xəbər lenti

Xəbər lenti