Azərbaycan, Bakı, 3 aprel /Trend, müxbir Elçin Mehdiyev/
"Könüllü surətdə ölkəmizə gələn hərbi qulluqçu Andranik Araratoviç Qriqoryana Azərbaycan pasportu verilməlidir".
Trend-in məlumatına görə, bunu millət vəkili İqbal Ağazadə Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.
O bildirib ki, bunun üçün heç bir problem olmamalıdır: "Digər erməni əsilli Azərbaycan vətəndaşlarına müraciət edilməlidir ki, ölkəmizə gəlsinlər. Hətta 3-cü ölkədən mümkün olsa da belə bu addımı atsınlar. Çünki Azərbaycanda milli ayrı-seçkiliklə bağlı heç bir problem yoxdur. Azərbaycanın dövlət orqanları, o cümlədən XİN və Prokurorluq müraciət etməlidir ki, hətta müharibədə iştirak edənlərə güzəşt edilə bilər. Həmin şəxslərə qaçqın statusu verilməsi mümkündür".
Spiker Oqtay Əsədov təklifə münasibət bildirib: "Elan çox olsa, qorxuram ki, hamı qaçqın statusu almaq üçün Azərbaycana gələr".