...

Özbəkistanın Azərbaycandakı səfiri ölkəsindəki prezident seçkilərindən danışdı

Siyasət Materials 3 Aprel 2015 17:22 (UTC +04:00)
Martın 29-da Özbəkistanda keçirilmiş prezident seçkilərini Azərbaycan da daxil olmaqla, müxtəlif ölkələrdən və beynəlxalq təşkilatlardan olan müşahidəçilər yüksək qiymətləndiriblər.
Özbəkistanın Azərbaycandakı səfiri ölkəsindəki prezident seçkilərindən danışdı

Azərbaycan, Bakı, 3 aprel /Trend, müxbir Yelena Kosolapova/

Martın 29-da Özbəkistanda keçirilmiş prezident seçkilərini Azərbaycan da daxil olmaqla, müxtəlif ölkələrdən və beynəlxalq təşkilatlardan olan müşahidəçilər yüksək qiymətləndiriblər. Trend-in məlumatına görə, bunu Özbəkistanın Azərbaycandakı səfiri Şerzod Fayziyev Bakıda keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, Özbəkistandakı seçkiləri Azərbaycandan 8 nümayəndə müşahidə edib.

Səfir qeyd edib ki, Azərbaycandan Özbəkistana gedən müşahidəçilər qrupunda "Etnoqlobus" Beynəlxalq İnformasiya-Analitik Mərkəzinin direktoru Gülnara İnanc, "Novosti" Beynəlxalq Mətbuat Mərkəzinin direktoru və "Cənubi Qafqaz" politoloqlar klubunun rəhbəri olan İlqar Vəlizadə, Yeni Azərbaycan Partiyasının beynəlxalq məsələlər üzrə komissiyasının katibi, Dövlət İdarəçilik Akademiyası yanında Dövlət Araşdırmalar Mərkəzinin rəhbəri Elman Nəsirov, sədr Məzahir Pənahov da daxil olmaqla üç MSK nümayəndəsi, eləcə də Milli Məclisin üzvləri Aydın Abbasov və Etibar Hüseynov yer almışdı.

Ş.Fayziyev vurğulayıb ki, Azərbaycan və Özbəkistan arasındakı münasibətlərdə tərəfdaşlıq seçkilərdən sonra da davam etdiriləcək.

Politoloq E.Nəsirov bildirib ki, seçkilərdə yüksək fəallıq müşahidə edib. O, qeyd edib ki, Özbəkistan vətəndaşları seçkilərə ailəliklə qatılır və ümumiyyətlə, bu hadisəni bayram kimi qarşılayırdılar.

E.Nəsirovun sözlərinə görə, seçki məntəqələrində rahat səsvermə üçün hər cür şərait yaradılmışdı: "Xüsusilə də məntəqələrdə uşaq otaqları yaradılmışdı ki, valideynləri səs verməyə gedərkən onları orada qoya bilsinlər. Həmçinin kiminsə halının pisləşməsi ehtimalına görə tibb məntəqələri fəaliyyət göstərirdi. Seçicilər deyirdilər ki, sabitliyə və Özbəkistanın gələcəyinə səs verirlər".

Azərbaycandan olan başqa bir müşahidəçi İ.Vəlizadə də bildirib ki, səhər saatlarından etibarən məntəqələrin qarşısında uzun növbələr müşahidə edib, seçki məntəqələri isə lazımi səviyyədə hazırlanıb.

Özbəkistandakı siyasi atmosferə toxunan İ.Vəlizadə əlavə edib ki, bu ölkədə onu bir sıra qonşu ölkələrdən fərqləndirən dayanıqlı hökumət sistemi formalaşıb.

Qeyd edək ki, Özbəkistanda prezident seçkilərinin nəticəsinə görə İslam Kərimov yenidən dövlət başçısı seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti