...

Prezident İlham Əliyev və xanımı Bakıda Avropa Oyunları Parkının açılışında iştirak ediblər (FOTO)

Siyasət Materials 13 May 2015 12:47 (UTC +04:00)
Mayın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı, “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və qızı Arzu Əliyeva paytaxtda Avropa Oyunları Parkının açılışında iştirak ediblər.
Prezident İlham Əliyev və xanımı Bakıda Avropa Oyunları Parkının açılışında iştirak ediblər (FOTO)

Azərbaycan, Bakı, 13 may /Trend/

Mayın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı, "Bakı-2015" ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və qızı Arzu Əliyeva paytaxtda Avropa Oyunları Parkının açılışında iştirak ediblər.

Gənclər və idman naziri Azad Rəhimov dövlətimizin başçısına parkda yaradılan şərait barədə məlumat verdi. Bildirildi ki, yüksək səviyyədə aparılan tikinti-quraşdırma işləri zamanı bütün tələblər nəzərə alınıb. Ərazinin geoloji xüsusiyyətlərinə uyğun olaraq dayanıqlılıq üzrə müvafiq sınaq işləri yerinə yetirilib.

Prezident İlham Əliyev parkın rəmzi açılışını bildirən lenti kəsdi.

Diqqətə çatdırıldı ki, Avropa Oyunları Parkı su polosu, çimərlik voleybolu, çimərlik futbolu və basketbol yarışları üçün nəzərdə tutulub. Park üç idman qurğusundan və dörd funksional zonadan ibarətdir. Qurğunun ümumi ərazisi 18 hektar, tikintialtı sahə isə 70 min kvadratmetrə yaxındır.

Qeyd edildi ki, Avropa Oyunları Parkında yerləşən su polosu yarışları kompleksindəki funksional otaqlar ən yüksək standartlar səviyyəsindədir. Burada iclas və məlumat otaqları, kafe və VIP sahələr də istifadəyə verilib. Kompleksdə beynəlxalq tələblər səviyyəsində 1836 və 560 tamaşaçı yeri olan iki üzgüçülük hovuzu inşa edilib. Burada tənzimləyici su hovuzu da yaradılıb.

Su polosu yarışları kompleksi ilə çimərlik voleybolu və çimərlik futbolu yarışları kompleksi arasında ikimərtəbəli funksional keçid inşa olunub. Burada, həmçinin VIP lounge və terras yaradılıb.

Avropa Oyunları Parkının basketbol yarışları kompleksi də beynəlxalq tələblər nəzərə alınaraq qurulub. Burada hər biri üç nəfərdən ibarət komandaların idmanın bu növü ilə məşğul olmaları üçün əlverişli şərait var. Final yarışları üçün nəzərdə tutulan, eni 11, uzunluğu 15 metr olan meydançada 2008 nəfərlik tribuna quraşdırılıb. Bundan başqa, kompleksdəki üç meydança da idmançıların ixtiyarına veriləcək. Onların hər biri 376 tamaşaçı tutumuna malikdir.

Parkın çimərlik voleybolu və çimərlik futbolu yarışları kompleksində idmanın bu növləri ilə məşğul olmaq üçün hərtərəfli şərait yaradılıb. Kompleksdə final yarışları üçün 2931 tamaşaçı tutumu olan meydança, hər biri 302 tamaşaçı yerinə malik üç adi və iki məşq meydançası idmançıların ixtiyarına veriləcək.

Avropa Oyunları Parkının bütün komplekslərində quraşdırılan idman qurğuları dünyanın tanınmış şirkətlərinin məhsullarıdır. Belə avadanlıq dünyada məşhur idman arenalarında istifadə olunur. Bu idman qurğusunda avtodayanacaq, qeydiyyat, mətbuat, yayım və çəkiliş qurğuları, digər xidmət sahələri mövcuddur.

Avropa Oyunları Parkı kimi müasir idman qurğusunun istifadəyə verilməsi "Bakı-2015" ilk Avropa Oyunları zamanı su polosu, çimərlik voleybolu, çimərlik futbolu və basketbol yarışlarının yüksək səviyyədə təşkilinə hərtərəfli imkan yaradacaq. Ölkəmizdəki mövcud idman komplekslərinin müasir tələblər səviyyəsində yenidən qurulması və yeni idman qurğularının istifadəyə verilməsi Azərbaycanda idmana dövlət qayğısının göstəricisidir. Bu addımlar ölkədə idmana marağın artmasında, idmanın kütləviliyinin təmin edilməsində də mühüm rol oynayır. Belə tədbirlər həm də onu sübut edir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda başlanılan və istənilən sahəyə aid bütün layihələr uğurla, həm də vaxtında icra olunur. "Bakı-2015" ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın rəhbərliyi altında ölkəmizdə bu mötəbər idman yarışı ilə bağlı görülən işlər birinci Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi üçün yaxşı əsas yaradır.

Parkda yaradılan şəraitlə tanış olandan sonra dövlətimizin başçısı və xanımı Avropadan olan rəsmi və texniki heyətə xidmət göstərəcək taksilərə baxdılar. Mayın 29-dan istifadəyə veriləcək bu taksilər Oyunlar zamanı federasiyaların, beynəlxalq idman qurumlarının rəhbərlərinə və digər vacib şəxslərə xidmət göstərəcək. Oyunlar zamanı 500 belə taksi fəaliyyət göstərəcək. Bu isə öz növbəsində Avropa Oyunları ilə bağlı ölkəmizə gələn qonaqların rahatlığını təmin etmək baxımından önəmlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti