...

Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisi: "Erməni olmağım fikri cəfəngiyyatdır"

Siyasət Materials 29 May 2015 16:29 (UTC +04:00)
Dələduzluqda ittiham edilərək həbs olunmuş və Milli Təhlükəsizlik Nazirliyinin (MTN) təcridxanasında saxlanılan 3 nəfərlə görüş keçirilib.
Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisi: "Erməni olmağım fikri cəfəngiyyatdır"

Azərbaycan, Bakı, 29 may /Trend, müxbir İlkin İzzət/

Dələduzluqda ittiham edilərək həbs olunmuş və Milli Təhlükəsizlik Nazirliyinin (MTN) təcridxanasında saxlanılan 3 nəfərlə görüş keçirilib.

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov Trend-ə bildirib ki, o, müavini Elçin Şirinovla birlikdə MTN-in İstintaq təcridxanasında monitorinq keçiriblər.

Hüquq müdafiəçisinin sözlərinə görə, təcridxanada saxlanılan Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisi 1971-ci il təvəllüdlü Rəşad Məmmədov, eləcə də 1971-ci il təvəllüdlü İsfəndiyar İsfəndiyarov və 1965-ci il təvəllüdlü Arzu Məmmədovla görüşüblər.

E.Behbudov qeyd edib ki, onların hər üçünə qarşı dələduzluq maddəsi ilə ittiham irəli sürülüb: "Onların hər üçü MTN tərəfindən həbs olunub. Hər üçünün adı eyni işdə hallanır və hər üçünə qarşı Cinayət Məcəlləsinin 178.2.3-ci maddəsi ilə ittiham irəli sürülüb. Hər üçü dövlət tərəfindən vəkillə təmin olunublar, saxlanma şəraitindən və onlara qarşı münasibətdən şikayətləri yoxdur. Onlar kitablarla, yeməklə təmin olunublar, açıq havada gəzə bilirlər. İstintaqın gedişindən narazılıqları yoxdur. Hətta Rəşad Məmmədov deyib ki, bizimlə yaxşı rəftar edirlər".

Komitə sədrinin sözlərinə görə, Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisi Rəşad Məmmədov erməni əsilli olması barədə məsələyə də münasibət bildirib: "Mən ondan soruşdum ki, mətbuat orqanlarında sizin erməni olmağınız və ermənilərlə qohumluğunuz barədə fikirlər yer alır. Bu nə dərəcədə doğrudur? Güldü. Dedi ki, erməni olmağı barədə fikirlər boş şeydir, yalandır və cəfəngiyyatdır! İstintaq bunu da araşdıracaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti