Azərbaycan, Bakı, 30 iyun /Trend, müxbir Elçin Mehdiyev/
"Parlament seçkisində iştirak məsələsi həll olunan günə qədər müxalifət düşərgəsində bloklaşma ilə bağlı müxtəlif variantlar meydana çıxa bilər, rəsmi qeydiyyat mərhələsinə qədər müxtəlif bloklar yarana bilər". Bunu Trend-ə Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib.
S.Cəlaloğlu ADP-nin təmsil olunduğu "Qarabağ" blokuna hansısa partiyanın qoşulacağını düşünmür.
Onun fikrincə, hər kəs öz mövqeyini, istiqamətini müəyyənləşdirib: "Azərbaycanda iqtidara münasibətinə görə, müxalifət düşərgəsində müəyyən bir cəbhələşmə var. Müsavat Partiyası Xalq Cəbhəsi Partiyasına meyl etmək, onun kursuna uyğun bir kurs aparmaq istəyir, ən azı onun kimi radikal və yaxud da süni şəkildə ondan da radikal görünmək istəyir. Bu qüvvələr təbii ki, seçkilərdə bizimlə bir yerdə iştirak etmək istəməzlər. İkinci bir tərəfdən, iqtidara bizimlə təxminən eyni münasibətdə olan, amma bu münasibətdə bizimkindən başqa bir fəlsəfəyə əsaslanan "Azadlıq" seçki bloku formalaşıb. Onlarla da bizim bir arada olmağımız mümkün deyil, çünki biz fərqli düşüncələrə malikik".