...

İsrail parlamentində Azərbaycanla bağlı müzakirələr aparılıb

Siyasət Materials 23 İyul 2015 13:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 iyul /Trend, müxbir Elçin Mehdiyev/

Yeni seçilən İsrail Knessetində İsrail-Azərbaycan parlamentlərarası dostluq qrupunun iclası keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, iclası parlamentlərarası dostluq qrupuna yenidən rəhbərlik edən Knessetin deputatı, "İsrail - Evimizdir" Partiyasının rəhbəri, İsrailin sabiq xarici işlər naziri Aviqdor Liberman aparıb.

İclasda müxtəlif partiyaları təmsil edən deputatlar, həmçinin Knessetin siyasi müşaviri Oded Ben Qur, İsrail Xarici İşlər Nazirliyinin şöbə müdiri Oded Yosef, İsrailin Azərbaycandakı səfiri Dan Stiv, Azİz-in Baş direktoru Lev Spivak iştirak edib.

A.Liberman İsrail-Azərbaycan münasibətləri haqqında geniş məlumat verib. O, Azərbaycanın coğrafi mövqeyini, iqtisadi potensialını qeyd edərək ikitərəfli əlaqələrin inkişafının İsrail üçün əhəmiyyətini vurğulayıb. İki ölkə arasında ticarət əlaqələrinin yüksək səviyyədə olması, bu münasibətlərin gələcəkdə daha da inkişaf etdirilməsinin vacibliyi bildirilib. Qeyd olunub ki, İsrail neftinin 65 faizi Azərbaycandan idxal olunur.

Sonra Azərbaycanda yəhudiliyin tarixindən danışan A.Liberman yəhudilərin müsəlman, eyni zamanda dünyəvi dövlət olan Azərbaycanda hər zaman rahat yaşadıqlarını, heç bir vaxt milli və dini təcavüzə məruz qalmadıqlarını, dövlətin isə onlara inkişaf etmələri üçün bütün şəraiti yaratdığını vurğulayıb.

Azərbaycanda doğulub yaşayan xeyli sayda yəhudi alim, mədəniyyət xadimi, müxtəlif sahələrdə tanınmış mütəxəssislərin adları sadalanıb. Azərbaycanda hazırda fəaliyyətdə olan yeni və köhnə sinaqoqların olduğu, müstəqillik illərində yəhudi məktəblərinin, mədəniyyət mərkəzlərinin açıldığı bildirilib.

İclasda iştirak edən İsrail Xarici İşlər Nazirliyinin şöbə müdiri Oded Qosef iki ölkə arasında diplomatik əlaqələrin tarixindən, mədəniyyət sahəsində birgə layihələrin hazırlanmasından danışıb. O, parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin davam etdirilməsini təklif edib.

Knessetin iclasında çıxış edən "Azİz"-in Baş direktoru Lev Spivak isə Azərbaycanın cəlb olunduğu Dağlıq Qarabağ münaqişəsi, torpaqlarının Ermənistan tərəfindən işğal olunması barədə danışıb. L.Spivak Azərbaycanın işğal olunmuş torpaqlarının İsrail ərazisindən də böyük olduğunu qeyd edib. "Azİz" rəhbəri eyni zamanda deputatların diqqətinə çatdırıb ki, İsrail Knessetində qondarma erməni soyqırımının tanınmasına dair müzakirə cəhdləri hər dəfə Azərbaycanda böyük narahatlıqla qarşılanır. O, Knesset üzvlərindən mümkün qədər bu mövzuda açıqlamalar verməkdən çəkinməyi xahiş edib.

L.Spivakın bu xahişini dəstəkləyən Knessetin siyasi müşaviri Oded Ben Qur təklif edib ki, gələcəkdə bu mövzuda danışarkən ümumiyyətlə, "soyqırımı" sözündən istifadə olunmasın.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti