...

Mübariz Əhmədoğlu: İranın güclənməsi Ermənistanın sonunu yaxınlaşdıracaq

Siyasət Materials 24 İyul 2015 10:44 (UTC +04:00)
İranla altılıq arasında nüvə danışıqlarının uğurlu nəticəsi Ermənistanda ən çox ümid yaradan məsələdir. Ermənistanın bütün iqtisadi parametrləri mənfiyə tərəf dəyişib. Mənəvi tənəzzül başlayıb. Əhali ölkəni tərk etməkdə davam edir. Ermənistanın inkişafı üçün daxili resursu yoxdur.
Mübariz Əhmədoğlu: İranın güclənməsi Ermənistanın sonunu yaxınlaşdıracaq

Azərbaycan, Bakı, 24 iyul /Trend/

"İranla altılıq arasında nüvə danışıqlarının uğurlu nəticəsi Ermənistanda ən çox ümid yaradan məsələdir. Ermənistanın bütün iqtisadi parametrləri mənfiyə tərəf dəyişib. Mənəvi tənəzzül başlayıb. Əhali ölkəni tərk etməkdə davam edir. Ermənistanın inkişafı üçün daxili resursu yoxdur. Ənənəvi müttəfiqlərində inamsızlıq yaratdığı üçün onların da Ermənistana əlavə resurs yaratması qeyri-mümkündür. Həm də Ermənistan Rusiya ilə Qərb arasında geosiyasi qarşıdurma yaratmaqdan qazanmağa çalışdı. İndi Ermənistan inkişafına stimul üçün yalnız İrana möhtacdır".

Bunu Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Politoloq bildirib ki, həm İranın Ermənistana, həm də Ermənistanın İrana münasibətini təhlil edənlər Ermənistanın İrana ümidinin də əsassız olduğuna tam əmindirlər: "Əksinə, indi İran Ermənistanı cəzalandırmaq kursu götürüb. Atdığı addımlar bunu deməyə tam əsas verir. İranın Ali dini lideri Seyid Əli Xamnei Ermənistana özünün xüsusi nümayəndəsini təyin etdi. Bu nümayəndə - Seyid Əli Qazi Əskər artıq Yerevandadır. O, Ermənistan rəhbərliyinin bəzi təmsilçiləri və Erməni Apostol Kilsəsinin başçısı İkinci Qareginlə görüşüb. İranın dini idarəçilik prinsipi vilayəti-fəqih prinsipidir. İranın Ali dini lideri Ermənistana xüsusi nümayəndə təyin edibsə, bu o deməkdir ki, İranın Ali dini lideri Ermənistan ərazisini İran islamına məxsus ərazi hesab edir. İranın Ermənistanı öz ərazisi hesab etməsini açıq və rəsmi şəkildə bəyan etməsi Ermənistanın İrana qarşı təxribatlarına İranın verdiyi cavab reaksiyasıdır".

M.Əhmədoğlu qeyd edib ki, Qərblə İranın münasibətlərinin gərgin olduğu dövrdə Ermənistan yalnız ritorikada İrana xoş münasibət bildirib: "Reallıqda isə əleyhinə gedib. İran isə, əksinə Ermənistana mümkün qədər yaxşılıq etməyə çalışıb. İranın Ermənistana bütün parametrlərdə münasibətinin ən yaxşı dövrü Mahmud Əhmədinecadın prezidentliyi dövrü idi. Mahmud Əhmədinecad Ermənistanı İran üçün İranın digər müsəlman qonşularından üstün bilirdi. Xristian Ermənistanı ilə islam İranını eyni mədəniyyətin daşıyıcısı hesab edirdi. M.Əhmədinecadın dövründə İranın Ermənistandakı səfiri Seyid Əli Saqiyan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi kontekstində bir neçə dəfə millətlərin öz müqəddəratını təyin etmə prinsipinə dəstək vermişdi. Hətta bir dəfə bu prinsipə dəstəyi İranın Ali dini liderinin adından bəyan etmişdi. Mahmud Əhmədinecad hökuməti Ermənistana 7.7 milyard dollarlıq investisiya layihəsi təklif etmişdi. İran-Ermənistan dəmiryolu, avtomobil yolu, yüksək gərginlikli elektrik xətləri, Təbriz-Yerevan neft məhsulları kəməri, Meğri SES-in tikintisi və s. bura aid idi. Mahmud Əhmədinecad Ermənistan prezidenti S.Sərkisyanın İrana hər səfərinə pul hədiyyəsi edirdi. 2011-ci ilin mart ayında Novruz şənliklərində iştirak üçün İrana səfər etməsinə görə Mahmud Əhmədinecad Ermənistana 60 milyon dollarlıq yardım barədə müqavilə imzaladı".

Mərkəz rəhbəri sonra əlavə edib ki, Ermənistan isə əksinə fəaliyyət göstərdi:

I. Ermənistan Qərbin İrana qarşı sanksiyalarını dəstəklədi. Ən azı iki dəfə ABŞ-dan İrana qarşı sanksiyaları dəstəklədiyi üçün təşəkkür aldı.

II. Ermənistan bankları Mehri SES layihəsinin tikintisi üçün İranın ayırdığı maliyyə vəsaitini qəbul etmədilər. İrana aşağılayıcı variant təklif etdilər: Mehri SES-in tikintisi üçün lazım olan pulu nağd şəkildə kisələrlə Ermənistana daşıyın. Ermənistan bankları məhz Qərbin sanksiyalarına görə özləri üçün mühüm geosiyasi əhəmiyyətə malik layihənin reallaşmasına kömək edə bilmədilər. Mehri SES-lə bağlı 2 hədsiz vacib detalı da diqqətə çatdırırıq: a) İran Mehri SES layihəsini tikməkdən ötrü böyük siyasi iradəyə malik idi. Mehri SES-in layihələşdirilməsi ilə tikintiyə başlanması arasındakı zaman kəsiyində qiymət 15-20% bahalaşmışdı. Mahmud Əhmədinecad hökuməti bu fərqi də ödəyəcəyini bildirdi. b) Ermənistan Mehri SES-in tikintisi və fəaliyyəti dövrü üçün təhlükəsizlik zəmanəti istədi. Mahmud Əhmədinecad hökuməti bu zəmanəti də verdi. Mehri SES Azərbaycanın işğal olunmuş ərazilərinə söykənən coğrafiyada yerləşir. İranın təhlükəsizlik təminatının mahiyyəti Azərbaycanın işğal olunmuş ərazilərinin həmişə Ermənistanın işğalında qalmasına təminat vermək anlamındaydı: Azərbaycan Mehri SES ətrafındakı ərazilərini işğaldan azad etməyə başlayacağı təqdirdə İran Azərbaycana öz torpaqlarını işğaldan azad etməyə imkan verməyəcəkdi. Bu Mehri SES-in fəaliyyətinə maneçilik törədə bilərdi. Mehri SES isə 15 ildən sonra Ermənistana təhvil verilsə də təhlükəsizlik təminatı sonadək qalmalı idi.

III. Ermənistan ərazisi ABŞ-ın İrana casus keçirmək üçün istifadə etdiyi əraziyə çevrildi. Erməni mənşəli ABŞ və İran vətəndaşları Ermənistan ərazisindən İrana yeridildi. İki dəfə bu səpkidə hadisənin üstünün açılması bir neçə casusun keçməsinin baş tutduğunu deməyə əsas yaradır.

IV. Ermənistan Livana sülhməramlı qüvvələr göndərdi. Qərbin anlamında Livanda əsas problem Hizbullahla əlaqəlidir. Hizbullah hər baxımdan İrana məxsusdur. NATO qoşunları tərkibində Ermənistanın Hizbullaha qarşı vuruşmağa hazır olması həm elə İranın özünə qarşı vuruşmağa hazır olması anlamındadır.

V. Vorotan SES-i Ermənistan ABŞ-a satmaqla İrana ciddi zərbə vurmuş olur. İranın dostu və ya düşməni olmasından asılı olmayaraq ABŞ İran ərazisində casusluq şəbəkəsinin qurulmasında çox maraqlıdır. Almaniya kanslerinin ABŞ tərəfindən dinlənilməsi göstərir ki, ABŞ öz müttəfiqlərini dinləməyə, düşmənlərini izləməkdən heç də az maraq göstərmir. Nüvə danışıqları uğurla bitdikdən sonra ABŞ İranla müttəfiq olacağı təqdirdə də ABŞ İranı izləməyə marağını artıracaq. Vorotan SES radio-elektron casus qurğularının yerləşdirilərək İran ərazisinin böyük bir qismini izləməkdə mühüm qurğu ola bilər.

VI. Ermənistan Rusiyanın təkidi ilə özü üçün həyati vacib İran mənşəli layihələrini Rusiyanın tabeçiliyinə verdi. Bu İranı narazı salan məsələlərdən biridir. Ona görə indi İran-Ermənistan gündəliyinin erməni ekspertlərinin dediyindən tamamilə fərqli istiqamətdə olduğunu demək mümkündür. Lakin bununla yanaşı əsas təhlükə geosiyasi proseslərin intensivləşməsindədir. ABŞ-la İranın yaxınlaşması Rusiya üçün təhlükədir. Rusiya bunu başa düşüb və fəaliyyətə başlayıb. Ermənistan ətrafında ABŞ, İran və Rusiyanın iştirakı ilə başlanan geosiyasi aktivliyə davam gətirməyə Ermənistanın resursu yoxdur. Rusiya ABŞ-İran oyunlarının Qafqaza təsirini neytrallaşdırmaq üçün Ermənistana və Azərbaycana siyasətini dəqiqləşdirməlidir. İndi bu regionda bütün qeyri-müəyyənliklər Rusiyanın əleyhinə işləyəcək".

M.Əhmədoğlu vurğulayıb ki, Rusiyanın atdığı addımları onun maraqları prizmasından aşağıdakı kimi sistemləşdirmək olar:

A) Rusiya Cənubi Qafqazda kommunikasiya imkanlarını xeyli genişləndirməli və etibarlı etməyə məcburdur. Ən etibarlı kommunikasiya vasitəsi Moskva-Bakı-Yerevan (şərti olaraq belə adlandıraq) - Culfa (Naxçıvan, Azərbaycan) dəmiryolunun fəaliyyətə başlamasıdır. Moskva hər an İranla sərhədə istənilən qədər yük çatdırma imkanına malik olmalıdır. İranın Qafqazda MDB ilə sərhədi Azərbaycan və Ermənistan ərazisindən keçir. RF Moskva-Bakı-Yerevan (şərti) - Culfa (Naxçıvan, Azərbaycan) dəmiryolunu işə salmaqla İranla əlaqəli məsələlərdə mühüm göstəriciyə nail olmuş olur. Moskva-Bakı-Yerevan (şərti) - Culfa (Naxçıvan, Azərbaycan) dəmiryolunun fəaliyyətə başlaması Azərbaycanın işğal altındakı ərazilərinin işğaldan azad olunmasını diktə edir. Başqa yarımçıq variantlar yetərli deyil.

B) Rusiya məhz İran kontekstində Azərbaycanla münasibətlərinin səviyyəsini dəyişdirməlidir. Rusiya İranla əlaqəli məsələləri dəfələrlə Azərbaycanla müzakirəyə çıxarıb. Amma Azərbaycan öz xarici siyasətini, o cümlədən İrana qarşı siyasətini də müstəqil qurur. Amma İranın geosiyasi aktivliyinin antiazərbaycan aspektləri olacaqsa bu Azərbaycanı Rusiya ilə daha dərin müttəfiq edə bilər. İran geosiyasi aktivliyinin antiazərbaycan perspektivlərinin olmayacağına təminat verməlidir. Bu da sonda Qarabağ tənzimlənməsində özünü göstərə bilər. Yox əgər belə təminat olmayacaqsa Azərbaycan öz təhlükəsizliyini təmin etməkdə bu aspektləri nəzərə almaqla nisbətən fərqli siyasət apara bilər. Bu da istər-istəməz Rusiyanın maraqlarına da cavab verəcək.

C) Rusiya Ermənistanın İranla əlaqələrinin məhdudlaşması istiqamətində fəaliyyət göstərməyə məcburdur. Çünki İrandan Ermənistana İranla ABŞ-ın birgə maraqları daxil ola bilər. İran Gürcüstan deyil. Rusiya Gürcüstandan Ermənistana daxil olan ABŞ maraqlarının qarşısını istənilən anda ala bilər. Amma İran istiqamətində Rusiya belə imkana malik deyil. Ona görə Zəngəzur məsələsində tarixi ədaləti bərpa etməklə Rusiya Ermənistanı İranla coğrafi təmasdan məhrum etmiş olur. Belə Ermənistan Rusiyanın qarşısında özünü daha yaxşı aparacaq".

Politoloqun qənaətincə, Rusiya bu addımları atmayacaqsa özü üçün ən böyük təhlükəni qazanmış olacaq: "Bəzi xarici ekspertlərə görə guya ABŞ İranı Rusiyadan aldı, Ukraynanı Rusiyaya qaytardı. Bizcə belə deyil. ABŞ İranı özünə tərəf çəkməklə Rusiyanı geosiyasi güc faktoru kimi neytrallaşdırmaq istiqamətində fəaliyyətini davam etdirəcək. Bu isə ABŞ-ın Suriya, Ukrayna və s. uğrunda Rusiya ilə mübarizəsinin yeni mərhələyə daxil olduğunu göstərir. Geosiyasi proseslər əgər Suriya, İran, Rusiyanın taleyini həll etməyə yönəlibsə, Ermənistanın belə geosiyasi proseslərdən salamat çıxması qeyri-mümkündür. İndi başlanan geosiyasi proseslər Ermənistan dövlətçiliyinin sonunun başlanğıcı deməkdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti