...

Möhsin Pakayin: Əsas siyasətimiz qonşu ölkələrlə əlaqələrin gücləndirilməsidir

Siyasət Materials 24 Avqust 2015 15:13 (UTC +04:00)
İranın əsas siyasəti qonşu ölkələrlə əlaqələrin gücləndirilməsidir və bir çox qonşu ölkələrimizlə qarşılıqlı mənfəət və əməkdaşlıq siyasətinin müvəffəqiyyətlə yürüdülməsinin şahidiyik
Möhsin Pakayin: Əsas siyasətimiz qonşu ölkələrlə əlaqələrin gücləndirilməsidir

İran, Tehran, 24 avqust /Trend, müxbir Təmkin Cəfərov/

"İranın əsas siyasəti qonşu ölkələrlə əlaqələrin gücləndirilməsidir və bir çox qonşu ölkələrimizlə qarşılıqlı mənfəət və əməkdaşlıq siyasətinin müvəffəqiyyətlə yürüdülməsinin şahidiyik". Bu sözləri Trend-ə İranın Azərbaycandakı səfiri Möhsin Pakayin ölkəsində Dövlət həftəsinin başlaması münasibəti ilə verdiyi açıqlamasında deyib.

M.Pakayin İran və Azərbaycan arasında olan əlaqələrin inkişafını digər qonşu ölkələr üçün nümunə olduğunu vurğulayaraq deyib ki, ölkənin diplomatik korpusu Bakı-Tehran arasında müsbət əlaqələrin inkişafına təsir edə biləcək bəzi məsələləri həll edə bilib və əməkdaşlıq üçün mövcud potensiallardan istifadə edərək iki ölkə arasında qarşılıqlı inam və sabit atmosfer yarada bilib.

M.Pakayin qeyd edib ki, Qafqaz regionu stratejik mövqeyə malik regiondur və Qafqazın önəmli ölkələsi kimi Azərbaycanla İranın əlaqələrinin yaxın olması Prezident Həsən Ruhani hökumətinin xarici siyasətində əldə etdiyi nailiyyətlərdən biridir.

M.Pakayin bildirib ki, son iki ildə ölkənin diplomatik korpusunun əsas proritet məsələsi nüvə müzakirələri idi, lakin buna baxmayaraq qonşu ölkələrlə, o cümlədən, Azərbaycanla siyasi, mədəni və iqtisadi əlaqələrin inkişafı üçün də zəmin yaradıldı.

İranın Azərbaycandakı səfiri sonra əlavə edib ki, ötən iki il ərzində iqtisadi əlaqələrin inkişafı Azərbaycan və İran arasında prioritet məsələ oldu və bu qeyri-neft sektorunda ticarətin ötən illərlə müqayisədə daha da artmasına zəmin yaratdı: "Neft mübadiləsi davam etdirildi. Şahdənizdə qaz layihəsində investisiya, viza rejiminin sadələşdirilməsi, İran vətəndaşları üçün Naxçıvanla sərhədlərdə vizanın verilməsi, xərclərin azaldılması, gömrük məsələlərinin tənzimlənməsi, xüsusi ilə Biləsuvar sərhəd-keçid məntəqəsinin yeni binasının açılması məsələlərini nailiyyət kimi qeyd edə bilərik. Bundan başqa, sərhədlərdə bəzi problemlərin həlli, Culfa körpüsünün açılması, Qəzvin-Rəşt-Astara dəmir yolunun təkmilləşdirilməsi məqsədilə İran, Azərbaycan və Rusiya dəmir yol idarələri arasında sənədin imzalanmasını da uğurumuz kimi söyləmək istəyirəm. İki ölkənin özəl şirkətləri arasında əlaqələrin inkişafı, İran avtomobillərinin Azərbaycana ixracı, elektrik enerjisinin mübadiləsi, Azərbaycan turistlərinin İrana səfəri və s. ugurlar iki ölkənin iqtisadi sahədə əldə etiyi nailiyyətlərdəndir".

M.Pakayin vurğulayıb ki, iki ölkə rəsmilərinin son bir il ərzində qarşılıqlı səfərlərinin təşkili göstərib ki, Azərbaycan və İran qarşılıqlı əlaqələrin inkişafında maraqlıdır və əlaqələrin inkişafı milli mənafenin təmin edilməsi və regionda sabitlik yaradılması ilə yanaşı, hər iki ölkəni stratejik müttəfiqə çevirə bilər: "İran və Azərbaycan arasında yaxşı ticarət əlaqələri var. Bununla yanaşı, ölkələrimiz həm də regionda mövcud olan təhlükələrin həlli üçün proqramlar hazırlayıb və icra etməklə regionda sülh və sabitliyin təminatçısına çevrilə bilərlər".

Qeyd edək ki, İran təqvimində yer almış Dövlət Həftəsi 33 il öncə Tehranda baş nazirin iqamətgahında baş vermiş terror hadisəsində öldürülən prezident Məhəmməd Əli Rəcai və baş nazir Məhəmməd Cavad Bahünərinin xatirələrini anmaq üçün keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti