...

Elm və təhsil komitəsi hesabat verdi

Siyasət Materials 17 Sentyabr 2015 15:22 (UTC +04:00)
Bu gün Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirilib.
Elm və təhsil komitəsi hesabat verdi

Azərbaycan, Bakı, 17 avqust /Trend, müxbir Elçin Mehdiyev/

Bu gün Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirilib.

Trend-in məlumatına görə, iclasın gündəliyində komitənin 2015-ci ilin yaz sessiyası ərzində gördüyü işlər barədə hesabat, 2015-ci ilin payız sessiyası üçün iş planı, "Təhsil haqqında" və "Milli arxiv fondu haqqında" qanunlara dəyişikliklər edilməsi barədə qanun layihələri ilə bağlı məsələlər olub.

Komitə sədri Şəmsəddin Hacıyev iclası açaraq gündəlik haqqında məlumat verdikdən sonra komitənin 2015-ci ilin yaz sessiyası ərzində gördüyü işlərdən danışıb. O, sədrlik etdiyi Elm və təhsil komitəsinin işinin qənaətbəxş olduğunu qeyd edib.

Ş.Hacıyev komitənin ötən müddətdə nəzərəçarpacaq dərəcə keyfiyyətli və yüksək fəaliyyət göstərdiyini, Milli Məclisin plenar iclaslarında komitə üzvlərinin fəal iştirak etdiyini vurğulayıb.

O, eyni zamanda Avropa Parlamentinin Azərbaycan haqqında qəbul etdiyi qətnaməni pisləyib. Bildirib ki, bu qətnamə ölkəmizə qarşı qərəzin bariz nümunəsidir: "Bu qətnamə heç bir əsası olmayan, məntiqə sığmayan, şər və böhtanla dolu bir kağız parçasıdır. Xalqımız ölkə başçısı ətrafında sıx birləşib və gələcəkdə də belə olacaq. Heç bir qüvvə bu birliyə qarşı gələ bilməz".

Daha sonra komitə sədrinin müavini Bəxtiyar Əliyev və digər komitə üzvləri çıxış edərək ötən müddətdə görülən işlərin qənaətbəxş olduğunu, iş planının yüksək səviyyədə tərtib olunduğunu deyiblər. Bildirilib ki, Avropa Parlamentinin Azərbaycan haqqında qəbul etdiyi qərəzli qətnamə ölkəmizə qarşı qarayaxmadır və bu qətnamənin heç bir əsası yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti