Azərbaycan, Bakı, 22 sentyabr /Trend, müxbir Elçin Mehdiyev/
Erməni müxalifətçi Vaan Martirosyanın Azərbaycandan siyasi sığınacaq istəməsi bütün dünyaya, o cümlədən, Avropa Parlamentinin sonuncu qərəzli bəyanatına bir mesajdır.
Trend xəbər verir ki, bunu "Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyinin sədri, Şuşa İcra Hakimiyyətinin başçısı Bayram Səfərov bu gün jurnalistlərə açıqlamasında erməni müxalifətçi, Ermənistanın "Milli Azadlıq Hərəkatı" ictimai-siyasi təşkilatının rəhbəri Vaan Martirosyanın Ermənistandan qaçaraq Azərbaycana sığınmasına münasibət bildirərkən deyib.
B.Səfərovun sözlərinə görə, Ermənistan rəhbərliyinin siyasətdən kənar olan ermənilərin başına açdığı oyunu hamı görür.
Onun fikrincə, erməni müxalifətçinin məhz Azərbaycana sığınması Azərbaycan xalqının mentalitetinibir daha nümayiş etdirib: "Erməni pənah yerinin yalnız Azərbaycanda olduğunu gördü. Erməninin Azərbaycana əl açması bütün dünyaya, o cümlədən, Avropa Parlamentinin sonuncu qərəzli bəyanatına bir mesajdır. Bu o deməkdir ki, Azərbaycan xalqını tanımamış, onun haqqında iftiralar söyləmək olmaz".
İcma rəhbəri hesab edir ki, V.Martirosyanın açıqlaması Ermənistanda cinayətkar rejimin olduğunu bir daha açıq-aydın göstərir.