Bakı. Trend:
Nardaran hadisələri ilə əlaqədar 32 nəfər barəsində həbs qətimkan tədbiri seçilib. Trend-in məlumatına görə, bunu AzTV-yə müsahibəsində daxili işlər naziri Ramil Usubov deyib.
Nazir qeyd edib: "Noyabrın 26-dan etibarən Bakı şəhərinin Nardaran qəsəbəsində və digər müxtəlif yerlərdə - bura həm Gəncəni, həm də Lənkəranı aid etmək olar - "Müsəlman birliyi" deyilən silahlı qurum artıq dövlətimizə qarşı, konstitusion quruluşumuza qarşı fəaliyyət göstərdiyini açıq-aydın bildirməyə başlamışdı. Araşdırmalar göstərdi ki, bu hərəkat artıq bir ildən çoxdur mövcuddur. Bunların məqsədi qeyri-konstitusion yolla Azərbaycanda hakimiyyətə gəlmək, ölkəmizdə din pərdəsi altında, şəriət qaydaları ilə idarə olunan bir dövlət quruluşu yaratmaq olub. Heç şübhəsiz ki, dövlət və konstitusion quruluşumuzu dəyişməyə yönələn bu cür cinayətkar aktların qarşısı dövlət qurumları tərəfindən alınmalıdır. Ona görə də ölkəmizin Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı hüquq-mühafizə orqanları qarşısında tələb qoydu ki, bu cinayətkar silahlı dəstənin zərərsizləşdirilməsi, onların Azərbaycan dövlətinin qanunlarına riayət etməsi haqqında ciddi tədbirlər görülsün və bu tədbirlərin görülməsinə başlandı".
R.Usubov bildirib ki, ilk tədbir zamanı silahlı müqavimət oldu, Nardaran qəsəbəsində daxili işlər orqanlarının əməkdaşlarına qarşı avtomat və qumbara kimi silahlar işlədildi: "Həmin silahlı dəstənin zərərsizləşdirilməsi zamanı bizim iki nəfər əməkdaşımız şəhid oldu. Ümumiyyətlə, Azərbaycan xalqına yaxşı bəllidir ki, Nardaranda dövlət qurumları ilə qarşıdurmalar əvvəlki illərdə də olub. 2005-ci ildə də bizim iki polis əməkdaşımızı Nardaranda qətlə yetirdilər. Bu günə kimi artıq 23-cü dəfədir ki, Nardaranda polislə qarşıdurmalar olub. Bu hərəkətlərlə bərabər orada kriminogen durum, kriminal hadisələr getdikcə artır. Orada insan ölümləri, narkotik maddələrin qanunsuz dövriyyəsinin artması, gənclərin bu bəlaya düçar olması ilə bağlı çoxlu faktlar olub. Hətta kənardan olan insanlar orada öz bağlarında, evlərində yaşaya bilmirdilər. Onlara müxtəlif ultimatumlar verilirdi. Bütün bunların qarşısını almaq üçün noyabrın 26-da xüsusi əməliyyat planı işlənib hazırlandı. Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarının birgə tədbirləri həyata keçirildi".
Daxili işlər naziri deyib ki, bu gün artıq 32 nəfər haqqında həbs qətimkan tədbiri seçilib: "Həmin hadisədə beş nəfər, yəni cinayətkarlar, polisə, hüquq-mühafizə orqanlarının işçilərinə qarşı silah işlədənlər məhv edilib".