...

Aydın Mirzəzadə: Sanki Yaqland Avropa Şurasının Azərbaycan üzrə baş katibidir

Siyasət Materials 17 Dekabr 2015 15:40 (UTC +04:00)
Yanqlandın bu addımında onun Azərbaycana qarşı xüsusi "sevgi"si ortaya çıxır.
Aydın Mirzəzadə: Sanki Yaqland Avropa Şurasının Azərbaycan üzrə baş katibidir

Bakı. Elçin Mehdiyev - Trend:

"Yanqlandın bu addımında onun Azərbaycana qarşı xüsusi "sevgi"si ortaya çıxır. Belə təəssürat yaranır ki, Yaqland Avropa Şurasının Azərbaycan üzrə baş katibidir".

Bunu Trend-ə Milli Məclisin deputatı Aydın Mirzəzadə Avropa Şurasının baş katibi Torbyorn Yaqlandın Azərbaycanın Avropa İnsan Haqları Konvensiyasını necə yerinə yetirməsi ilə bağlı rəsmi araşdırmaya başlamasına münasibət bildirərkən deyib.

A.Mirzəzadə bildirib ki, T.Yaqlandın Avropa Şurasının prinsiplərinə zidd olaraq, vaxtaşırı Azərbaycanla bağlı münasibət bildirməsi, Azərbaycanı daim xüsusi nəzarətdə saxlaması və Azərbaycanın öhdəliklərini necə yerinə yetirməsi ilə bağlı xüsusi araşdırmaya başlaması baş katib səlahiyyətlərindən kənara çıxması deməkdir: "Baş katib Avropa Şurasının fəaliyyətini əlaqələndirən vəzifəli şəxsdir. Bu zaman təşkilatın bütün üzvlərinə qarşı eyni münasibət sərgilənməlidir. Yaqlandın son addımında isə biz bunu görə bilmirik. Azərbaycan Avropa Şurasına qəbul olunana qədər təşkilatın bir çox tələblərini yerinə yetirib. Azərbaycan Avropa Şurasına üzv olduqdan sonra öhdəliklərin yerinə yetirilməsi ilə bağlı monitorinq prosesindən keçir və hazırda da monitorinq prosesindədir".

O, qeyd edib ki, Azərbaycanın öhdəliklərini necə yerinə yetirməsi Avropa Şurası baş katibinin deyil, Azərbaycan üzrə həmməruzəçilərinin fəaliyyətidir: "Azərbaycan öhdəliklərinin yerinə yetirilməsinə dair fəaliyyəti barədə daim həmməruzəçilər qarşısında hesabat verir və hər hansı problem yaranmır".

Millət vəkili qeyd edib ki, T.Yaqlandın Azərbaycanla bağlı xüsusi araşdırmaya başlamasının arxasında Azərbaycanı günahkar elan etmək, ölkəni Avropa Şurasının deyil, "Yaqland standartları"na uyğunlaşdırmaq cəhdləri görünür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti