Bakı. Trend:
Azərbaycanın Efiopiya Federativ Demokratik Respublikasındakı səfirliyi tərəfindən 20 Yanvar faciəsinin növbəti ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
Səfirlikdən Trend-ə verilən məlumata görə, tədbirdə ölkəmizdə təhsil almış Efiopiya vətəndaşları, yerli jurnalistlər və digər qonaqlar iştirak ediblər.
Tədbirin açılışında Azərbaycanın Efiopiyadakı səfiri Elman Abdullayev çıxış edərək, 20 Yanvar hadisəsinin xalqımızın yaddaşında qanlı faciə kimi qalsa da, bütövlükdə milli tariximizin şanlı və qəhrəmanlıq səhifələrindən biri olduğunu və bu faciənin SSRİ-nin süqutunda həlledici rol oynadığını vurğulayıb.
E.Abdullayev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək, bu qanlı hadisənin törədilməsi ilə bağlı sovet rəhbərliyinə öz etirazını bildirdiyini və onun hər zaman xalqının yanında olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Daha sonra tədbirdə çıxış edən Azərbaycanda təhsil almış və qanlı hadisənin canlı şahidləri olan Efiopiya vətəndaşları Tassisa Kaba və Tevodros Kebede həmin ağır günləri xatırlayaraq, SSRİ ordusu tərəfindən dinc və günahsız əhaliyə qarşı törədilmiş cinayətlərdən dəhşətə gəldiklərini vurğulayıblar. Natiqlər müstəqillik uğrunda Azərbaycan xalqının çox çətin bir yol keçdiyini bildiriblər.