...

Bahar Muradova sosial şəbəkələrdə cəbhə xəttindəki vəziyyətlə bağlı yayılan məlumatlara münasibət bildirdi

Siyasət Materials 2 Aprel 2016 15:13 (UTC +04:00)
Cənab Prezidentin təmas xəttindəki vəziyyətə dair müvafiq sərəncamı var. Bu sərəncam həm vətəndaşların, həm müvafiq vəzifəli şəxslərin, həm də hərbçilərin üzərinə öhdəliklər qoyur
Bahar Muradova sosial şəbəkələrdə cəbhə xəttindəki vəziyyətlə bağlı yayılan məlumatlara münasibət bildirdi

Bakı. İlhamə İsabalayeva - Trend:

"Cənab Prezidentin təmas xəttindəki vəziyyətə dair müvafiq sərəncamı var. Bu sərəncam həm vətəndaşların, həm müvafiq vəzifəli şəxslərin, həm də hərbçilərin üzərinə öhdəliklər qoyur. Bu öhdəlikləri də yerinə yetirmək lazımdır. Düşünürəm ki, həmin öhdəlikləri yerinə yetirməyənlər məsuliyyət daşımalıdırlar".

Bunu Trend-ə Milli Məclisin vitse-spikeri Bahar Muradova sosial şəbəkələrdə bəzi şəxslər tərəfindən ermənilərin təmas xəttində yaratdığı gərginlik nəticəsində kəndlərin boşaldılması ilə bağlı düzgün olmayan məlumatların, cəmiyyətdə caşqınlıq yaradan informasiyaların yayılmasına münasibət bildirərkən deyib.

Vitse-spikerin sözlərinə görə, bəzi adamlar sosial şəbəkələrdə hazırkı proseslərlə əlaqədar məlumatları bilərəkdən, bəziləri isə bilməyərəkdən yayır: "Bəzi insanlar özünün düşdüyü təlaşı ümumilikdə cəmiyyətin, Azərbaycan xalqının və sakinlərin təlaşı kimi qələmə vermək istəyir. Kimlərsə bunu müəyyən məlumatlara malik olduğunu, prosesləri bildiyini, proseslərin nəticələrindən xəbərdar olduğunu göstərmək üçün edir. Bəziləri isə məqsədli şəkildə belə informasiyaları hansısa mənbələrin "qidalanması" üçün ortaya ata bilər ki, əhalidə təşviş yaratsınlar. Məqsədləri də bu və ya digər informasiyalarla camaatı bu vəziyyətin kritik olmasına inandırmaq, bu və ya digər mənfi nəticələrə gətirib çıxara bilən hərəkətlərə yönəltməkdir".

B.Muradova tövsiyə edir ki, belə halların olmaması üçün bütün mətbuat orqanları, ayrı-ayrı jurnalistlər, hətta təmas xəttində yaşayan insanlar ümumi vəzifədən gələn məsuliyyətlə hərəkət etsinlər: "Mən Mətbuat Şurasının da bəyanatını alqışlayıram. Onlar mətbuata müraciət edərək bildiriblər ki, yoxlanılmamış, koordinasiya edilməmiş, təsdiq olunmamış informasiyaları, yəni kimlərinsə subyektiv mövqeyinə, hansısa şayiələrə əsaslanan məlumatlar yaymaqdan çəkinsinlər. Çünki bu, işə yalnız mənfi təsir göstərə bilər. Əlbəttə ki, mən bu hərəkətləri mənfi qiymətləndirirəm. Hesab edirəm ki, belə vəziyyətdə yalnız müvafiq qurumların təsdiq olunmuş məlumatlarına istinad etmək, onların məlumatlarından sonra bu məsələlər haqqında danışmaq lazımdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti