...

İlham Əliyev: Bakıda Qlobal Forumun keçirilməsi fəaliyyətimizin etirafının və mədəniyyətlərarası dialoq dəyərlərinin irəliləməsinin əlamətidir (ƏLAVƏ OLUNUB-13)

Siyasət Materials 26 Aprel 2016 11:00 (UTC +04:00)
Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun keçirilməsi fəaliyyətimizin etirafının və mədəniyyətlərarası dialoq, multikulturalizm dəyərlərinin irəliləməsinin əlamətidir.
İlham Əliyev: Bakıda Qlobal Forumun keçirilməsi fəaliyyətimizin etirafının və mədəniyyətlərarası dialoq dəyərlərinin irəliləməsinin əlamətidir (ƏLAVƏ OLUNUB-13)

Trend-i buradan izləyin

Bakı. Trend:

Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun keçirilməsi fəaliyyətimizin etirafının və mədəniyyətlərarası dialoq, multikulturalizm dəyərlərinin irəliləməsinin əlamətidir.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Forumun açılışında deyib.

Prezident İlham Əliyev Forum iştirakçılarını salamlayıb, xüsusilə də Alyansın qurucu-atalarına təşəkkürünü bildirib.

Dövlət başçısı deyib: "BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunu keçirmək bizim üçün böyük fəxrdir. Biz bunu fəaliyyətimizə və mədəniyyətlərarası dialoq, multikulturalizm dəyərlərinin irəliləməsinə etirafın əlaməti qismində nəzərdən keçiririk".

İlham Əliyev qeyd edib: "Mən Alyansın qurucu-atalarına - Türkiyə və İspaniyaya, Prezident Ərdoğana, keşmiş Baş nazir Sapateroya 10 ildən artıq müddətdir olan bu, fövqəladə vacib təşəbbüsə görə öz təşəkkürümü bildirmək istərdim".

Azərbaycan Prezidenti əlavə edib ki, beynəlxalq birlik tərəfindən dəstəklənən Alyansın yaradılması ideyası siyasətçilər - Prezident Ərdoğan və keçmiş Baş nazir Sapateronun müdrikliyinin göstəricisi olub: "Mən, həmçinin BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasirə rəhbərliyinə, sülh, həmrəylik və dostluq dəyərlərinə verdiyi töhfə və irəliləyişə görə öz təşəkkürümü bildirmək istərdim".

Dövlət başçısı diqqətə çatdırıb ki, Azərbaycan Sivilizasiyalar Alyansının vacib məsələlərini həll etmək üçün 140-dan artıq ölkə nümayəndəsinin Bakıda toplaşmasına görə fəxr edir: "Dini tolerantlıq, multikulturalizm həmişə burada olub. "Multikulturalizm" sözü yox idi, lakin ideyalar həmişə mövcud olub".

Prezident əlavə edib ki, bunun nəticəsində Azərbaycan hazırda bütün dinlərin və etnik qrupların nümayəndələrinin ləyaqət hissi və dinc yaşadıqları çoxmillətli, çoxkonfessiyalı ölkədir: "Bu bizim ən böyük töhfələrimizdən biridir. Və biz müxtəlif mədəniyyətlərin nümunələrinin yaradılmasını əks etdirən tarixi abidələrimizlə fəxr edirik".

İlham Əliyev xatırladıb ki, 743-cü ildə inşa edilmiş dünyada ən qədim məscidlərdən biri Azərbaycanın Şamaxı şəhərindədir.

Dövlət başçısının sözlərinə görə, Qafqazda ən qədim kilsələrdən biri, qədim Qafqaz Albaniyası dövlətinin kilsəsi də Azərbaycanda, digər qədim şəhərin yaxınlığında - Şəkidə yerləşir.

İlham Əliyev vurğulayıb ki, Azərbaycan hökuməti məscidlərin, pravoslav və katolik kilsələrin, sinaqoqların inşası və yenidən qurulmasına investisiya qoyur: "Bu bizim siyasətimizdir və bu bizim həyat tərzimizdir. Uzun əsrlər boyu Azərbaycan ölkədə siyasi və ya sosial vəziyyətdən asılı olmayaraq, bu sərvəti qoruyur".

Prezident əlavə edib ki, Azərbaycan müstəqil ölkə kimi nisbətən gənc dövlətdir, onun cəmi 25 yaşı var, lakin ölkə özünün dərin tarixi və mədəni kökləri ilə qədimdir.

Dövlət başçısı bildirib: "Multikulturalizm bizim üçün dövlət siyasətidir. Biz bu vacib məsələnin nəzərdən keçirildiyi müxtəlif tədbirlər təşkil edirik. Azərbaycanda hər iki ildən bir Mədəniyyətlərarası Dialoq Forumu, həmçinin Bakı Beynəlxalq Humanitar Forumu mütəmadi olaraq keçirilir".

Prezident İlham Əliyevin sözlərinə görə, əsas ideya müxtəlif din nümayəndələrini bir araya toplayaraq onlar arasında daha dərin anlaşma yaratmaqdır.

Dövlət başçısı, həmçinin Azərbaycanda Dini Liderlərin Ümumdünya Sammitinin keçirildiyini xatırladaraq, burada dinlərarası dialoqun mühüm məsələlərinin müzakirə olunduğunu qeyd edib: "Düşünürəm ki, bu gün bu, gündəlikdə duran ən vacib mövzulardan biridir".

İlham Əliyev deyib: "Təəssüf ki, regionumuzda, Avropada, Yaxın Şərqdə, keçmiş Sovet İttifaqı məkanında bəzi çox həyəcanlı tendensiyalar görürük. Biz etnik və dini zəmində münaqişələr, toqquşmalar görürük".

Azərbaycan Prezidenti diqqətə çatdırıb ki, bu, çox təhlükəli tendensiyadır: "Düşünürəm ki, Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda bu məsələlərə baxılacaq ki, bu da həmrəylik, sülh, qarşılıqlı anlayışa və tərəfdaşlığa xidmət edəcək".

İlham Əliyev bildirib: "2008-ci ildə artıq beynəlxalq dialoq üçün geniş platformaya çevrilmiş Bakı prosesinə təşəbbüs göstərdik. Azərbaycan həm İslam Əməkdaşlıq Təşkilatı, həm də Avropa Şurasının üzvü olan azsaylı ölkələrdən biridir. Beləliklə, 2008-ci ildə Bakıda keçirilmiş Avropa Şurası mədəniyyət nazirlərinin görüşünə İslam Əməkdaşlıq Təşkilatının mədəniyyət nazirlərini də dəvət etdik".

Prezident bildirib ki, ilk dəfə bu iki təşkilatdan dünyanın 100-dən çox ölkəsinin mədəniyyət nazirləri Bakıya toplaşdılar: "Növbəti 2009-cu ildə biz Bakıda İslam Əməkdaşlıq Təşkilatının mədəniyyət nazirlərinin görüşünü keçirdik və Avropa Şurasının mədəniyyət nazirlərini dəvət etdik".

İlham Əliyev deyib: "Bu, Bakı prosesi adlandırıldı və biz çox fəxr edirik ki, hazırda bizim qədim şəhərimizin adı müsbət təşəbbüs ilə assosiasiya olunur".

Azərbaycan Prezidenti əlavə edib ki, bu proses genişlənərək getdikcə daha çox tərəfdar qazanır: "O, həmrəylik, qarşılıqlı anlayış və mədəniyyətlərarası dialoq işinə öz töhfəsini verən qlobal təşəbbüsə çevrilir. Azərbaycanın coğrafi mövqeyi məlumdur və bizim təşəbbüslərimiz mədəniyyətlər, sivilizasiyalar arasında körpü qismində, qarşılıqlı anlayış işinə daha böyük töhfə verə bilən və verməli olan ölkə qismində ölkəmizin mövqelərinin möhkəmlənməsinə istiqamətlənib".

Azərbaycan Prezidenti xatırladıb ki, ötən il Bakı İlk Avropa Oyunlarını keçirmək şərəfinə nail oldu, gələn il isə Bakıda IV İslam Həmrəylik Oyunları keçiriləcək.

Dövlət başçısı qeyd edib ki, bununla da, bu iki il ərzində eyni şəhərdə həm Avropa idmançıları, həm də İslam dünyasının idmançıları çıxış edəcək: "Bu, təkcə idman və medalların qazanılmasından ibarət deyil. Bu, dostluq, qarşılıqlı anlayış, həmrəylik, əməkdaşlıqdır".

İlham Əliyev bildirib: "Bölüşdürülməli heç nə yoxdur. Biz hamımız bir planetdə yaşayırıq, bütün insanlar ləyaqət hissi ilə, dinc, təhlükəsiz yaşamaq, uşaq böyütmək, öz ailələrini qorumaq istəyirlər. Bütün dinlər eyni dəyərlər - humanizm, mərhəmət, həmrəylik, sülh - tərəfdarıdırlar. Dünyanın etməli olduğu səylərimizi birləşdirməkdir".

Azərbaycan Prezidentinin sözlərinə görə, Forum, bu günkü görüş multikulturalizm ideyalarının beynəlxalq ictimaiyyət tərəfindən qətiyyətlə dəstəkləndiyinin aydın göstəricisidir.

İlham Əliyev deyib: "Artıq dediyim kimi, burada 140-dan çox ölkə təmsil olunub. Multikulturalizmin alternativi yoxdur. Biz hamımız bilirik ki, multikulturalizm haqqında müxtəlif anlayış, müxtəlif baxışlar mövcuddur".

Prezident vurğulayıb ki, uğursuz nümunələr ilə yanaşı, müsbət yanaşmalar da var: "Bizim üçün multikulturalizm dövlət siyasəti və həyat tərzimizdir. Və alternativlərə nəzər salsaq, multikulturalizmin alternativləri hansılardır? Çox təhlükəli alternativlərdir - ksenofobiya, islamofobiya, antisemitizm, irqçilik, ayrı-seçkilik, nifrət".

Azərbaycan Prezidenti əlavə edib ki, multikulturalizm dəyərlərinin möhkəmlənməsi çox müsbət tendensiya olacaq və bütün məsuliyyətli siyasətçilər bu müsbət dinamikaya öz töhfəsini verməlidir.

İlham Əliyev bildirib: "Artıq dediyim kimi, Azərbaycan müstəqil ölkə kimi nisbətən gənc dövlətdir. Biz bu il müstəqilliyimizin bərpasının 25-ci ildönümünü qeyd edəcəyik. Bu, siyasi, iqtisadi sistemlərin transformasiyası illəri olub, bu, dövlətin yaradılması illəri olub. Düşünürəm ki, biz bütün əsas məqsədlərimizi yerinə yetirdik. Azərbaycan beynəlxalq birliyin hörmətli üzvü oldu. O, Birləşmiş Millətlər Təşkilatının, ATƏT-in, İslam Əməkdaşlıq Təşkilatının, Avropa Şurasının, Qoşulmama Hərəkatının və bir çox digər beynəlxalq strukturların üzvüdür".

Dövlət başçısı xatırladıb ki, Azərbaycan güclü beynəlxalq dəstəyə malikdir və 2011-ci ildə 155 ölkənin dəstəyi ilə ilk dəfə Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi: "Bu, ölkəmiz üçün böyük qələbə və Azərbaycana böyük hörmətin əlaməti idi. Qısa müddət ərzində - 25 il - biz özümüzü etibarlı beynəlxalq tərəfdaş, müstəqil xarici siyasəti olan ölkə, regional inkişafa, regional təhlükəsizliyə, sabitliyə və multikulturalizmə öz töhfəsini verən ölkə qismində təqdim edə bildik".

Dövlət başçısı bildirib ki, müstəqillik illəri Azərbaycanın siyasi sisteminin transformasiyası, demokratik institutların yaradılması illəri olub: "Biz buna müvəffəq olduq. Azərbaycanda bütün azadlıqlar, kütləvi informasiya vasitələrinin azadlığı, azad internet təmin olunub. Əhalinin 70 faizdən çoxu internet istifadəçisidir. Sərbəst toplaşmaq azadlığı, dini etiqad azadlığı, bütün azadlıqlar təmin edilib və bu, sürətli iqtisadi inkişaf üçün yaxşı zəmindir".

İlham Əliyev qeyd edib ki, Azərbaycanda iqtisadi islahatlar siyasi islahatlarla paralel aparılıb.

Azərbaycan Prezidenti deyib ki, dövlətimizin yaranması qonşu Ermənistan tərəfindən Azərbaycana qarşı hərbi təcavüz fonunda baş verib, təcavüz nəticəsində ölkənin beynəlxalq səviyyədə tanınmış ərazisi işğal edildi: "Dağlıq Qarabağ Azərbaycanın tarixi, qanuni hissəsidir. Azərbaycan BMT-nin üzvü olarkən Dağlıq Qarabağla birlikdə ölkəmizin ayrılmaz hissəsi qismində qəbul olunub. Lakin bu təcavüz nəticəsində Dağlıq Qarabağ Ermənistan tərəfindən tamamilə işğal olunub. Təkcə Qarabağ deyil, həm də Azərbaycanın Dağlıq Qarabağın inzibati sərhədləri kənarındakı digər yeddi rayon işğal altındadır".

Dövlət başçısı vurğulayıb ki, işğal nəticəsində Azərbaycanın bir milyondan çox qaçqın və məcburi köçkünü var: "Biz Ermənistan tərəfindən etnik təmizləmə obyekti olmuşuq və 20 ildən artıq müddətdir ki, ölkə ərazisinin təqribən 20 faizi işğal altındadır".

Prezident qeyd edib ki, işğal olunmuş torpaqlarda hər şey dağıdılıb: "ATƏT orada vəziyyəti müşahidə etmək üçün iki dəfə faktaraşdırıcı missiyasını göndərib və onların hesabatları dəhşətlidir. Hər şey dağıdılıb - bizim bütün binalarımız, tarixi abidələrimiz, məscidlər və qəbirlər. Burada, Bakının mərkəzində erməni xalqının dini irsini necə qoruduğumuzu görə bilərsiniz. Erməni kilsəsi bərpa olunub, o, tikildiyi yerdə yerləşir. Lakin işğal olunmuş ərazilərdəki bütün məscidlərimiz xaraba qalıb".

Dövlət başçısı xatırladıb ki, beynəlxalq ictimaiyyət bu işğala son qoymaq üçün qətnamə və qərarlar qəbul edib: "BMT-nin Təhlükəsizlik Şurası, ali beynəlxalq orqan işğal olunmuş ərazilərdən Ermənistan qoşunlarının qeyd-şərtsiz və dərhal çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Təəssüf ki, Ermənistan sadəcə olaraq bu qətnamələrə məhəl qoymur və onları yerinə yetirmir".

İlham Əliyev bildirib ki, burada beynəlxalq təşkilatların qərar və qətnamələrinin həyata keçirilməsinin çox mühüm mexanizminə diqqət yetirmək lazımdır: "Bəzi hallarda Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində, hətta bir neçə saat ərzində yerinə yetirilir. Ancaq bizimlə əlaqədar bu müddət 20 ildən artıqdır və indiyə qədər heç bir nəticə yoxdur".

Dövlət başçısı diqqətə çatdırıb ki, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası Parlament Assambleyası, Qoşulmama Hərəkatı - bütün bu təşkilatlar Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən analoji qətnamələr qəbul ediblər: "Ermənistan sadəcə olaraq buna məhəl qoymur və təcavüzkarı beynəlxalq normalara əməl etməyə məcbur etmək üçün heç bir beynəlxalq təzyiq yoxdur".

Prezident bildirib ki, Azərbaycan xalqı soyqırım qurbanı olub: "Xocalı soyqırımı hazırda 10 ölkə tərəfindən tanınıb. Bu soyqırım nəticəsində yüzlərlə azərbaycanlı, mülki şəxs qətlə yetirilib. Onlardan təxminən 200-ü qadın və uşaqdır. Bu, insanlığa qarşı cinayətdir və hansı təhlükə ilə üzləşdiyimizi bir daha göstərir".

İlham Əliyev qeyd edib ki, Ermənistan və Azərbaycan arasında münaqişənin nizamlanması beynəlxalq hüquq normalarına, BMT-nin Nizamnaməsinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və Helsinki Yekun Aktına əsaslanmalıdır: "Bizim ərazilərimiz azad edilməlidir, insanlarımızın öz evlərinə qayıtmaq imkanı olmalıdır. 1990-cı illərin əvvəllərində böyük humanitar fəlakətlə üzləşdik, belə ki, Ermənistandan 250 min azərbaycanlı qaçqınımız, Dağlıq Qarabağ və digər rayonlardan isə 700 mindən artıq məcburi köçkünümüz oldu. Həmin vaxt Azərbaycanın əhalisinin sayı səkkiz milyondan az idi, buna görə də yəqin ki, bizdə adambaşına düşən qaçqın və məcburi köçkün sayına görə ən yüksək göstərici qeydə alınıb. Və biz bilirik ki, onları yerləşdirmək, layiqli şəraitlə təmin etmək necə çətindir, xüsusilə də bizim hər hansı resursumuzun tamamilə olmadığı bir vaxtda. O vaxt biz dünyada ən kasıb ölkələrindən biri idik".

Prezidentin sözlərinə görə, əlbəttə, ölkə müəyyən beynəlxalq dəstək aldı, lakin əsasən bunların öhdəsindən müstəqil şəkildə gəldi: "90 məskunlaşma ərazisi yaratmağımıza və hər il 20 mindən artıq qaçqın və məcburi köçkün yerləşdirməyimizə baxmayaraq, onlardan bəziləri çətin şəraitdə, yataqxanalarda, məktəblərdə və uşaq bağçalarında yaşayırlar. Biz onların yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün əlimizdən gələni edirik, lakin bu, çox vaxt aparır".

Dövlət başçısı qeyd edib ki, bununla da Azərbaycan qaçqın məsələsi ilə bağlı ölkələrin hazırda üzləşdiyi vəziyyəti yaxşı başa düşür: "Bütün beynəlxalq ictimaiyyət bu məsələlərin həllində iştirak etməlidir. Hazırda qaçqınların əksəriyyətinin gəldiyi ölkələrə təkcə sözdə deyil, həm də ciddi maliyyə vəsaitləri ilə dəstək verilməlidir".

İlham Əliyevin sözlərinə görə, Azərbaycan işğaldan zərər görmüş və zərər görməkdə davam edən ölkə kimi, bunun hər baxımdan - siyasi, mənəvi, iqtisadi və sosial baxımdan - necə çətin olduğunu bilir.

Dövlət başçısı əlavə edib ki, işğala baxmayaraq, Azərbaycan inkişaf etməkdə davam edir: "Azərbaycan iqtisadiyyatı 2004-cü ildən 2014-cü ilədək dünyada ən sürətlə artan iqtisadiyyatlardan biri olub. Biz yoxsulluğun səviyyəsini xeyli, təqribən 50 faizdən 5 faizə qədər azaltdıq. İşsizliyin səviyyəsi də təxminən 5 faiz təşkil edir. Biz təhsilə sərmayə qoyuruq, Azərbaycanda savadlılığın səviyyəsi 100 faizə yaxındır. Son illər ərzində 3 mindən çox məktəb tikilib və təmir edilib. Bütün Azərbaycan üzrə 500-dən çox xəstəxana tikilib ki, bu da bizə uşaq ölümünün səviyyəsini xeyli azaltmağa imkan verib. Azərbaycanda gender bərabərliyi tam təmin olunub. Əslində artıq təqribən yüz ildir ki, Azərbaycanda qadınlar səsvermə hüququ əldə ediblər - 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yaranandan. Yeri gəlmişkən, bu, müsəlman aləmində ilk demokratik respublika olub".

Prezident qeyd edib ki, Azərbaycan ətraf mühitin mühafizəsinə, xüsusən neft yataqlarının işlənməsi səbəbindən çoxlu çirklənmiş sahələrin olduğu Abşeron yarımadasına sərmayə qoyur.

İlham Əliyevin sözlərinə görə, Azərbaycana bütün sahələri təmizləmək və orada park və ictimai yerlər yaratmaq lazım idi: "Başqa sözlə, Minilliyin İnkişaf Məqsədlərinə dair çox mühüm tərəqqini həyata keçiririk və biz düzgün yoldayıq".

Ölkə başçısı, həmçinin hazırda neft istehsalçısı ölkələrinin üzləşdiyi iqtisadi böhrana toxunub: "Neftin qiymətinin aşağı düşməsini nəzərə alsaq, böhran iqtisadiyyatımıza ciddi təsir göstərməyib. Mən əminəm ki, 2016-cı ildə bütün əsas məqsədlərimizə nail ola biləcəyik. Azərbaycan enerji ehtiyatları ilə zəngin olan ölkə kimi tanınır, amma əsas məqsədimiz "qara qızıl" adlandırdığımız nefti insan kapitalına çevirməkdir. Buna görə də təhsil sahəsinə, sosial müdafiəyə qoyulan sərmayələr, aparılan islahatlar ona gətirib çıxardı ki, iqtisadiyyatımız hazırda şaxələndirilib və neft və qazdan asılılıq azalır".

Azərbaycanın enerji layihələri barədə danışarkən dövlət başçısı qeyd edib ki, ölkə irimiqyaslı enerji layihəsini - energetika əməkdaşlığı və enerji təhlükəsizliyi layihəsi olan "Cənub Qaz Dəhlizi"ni irəli sürüb.

Prezident İlham Əliyev deyib ki, Azərbaycan, həmçinin özünün coğrafi mövqeyi sayəsində nəqliyyat dəhlizlərini inkişaf etdirən ölkələr qrupunun fəal iştirakçısıdır.

Dövlət başçısı bildirib ki, ölkələrin sayına nəzər saldıqda regional əməkdaşlığın hansı növündən söhbət getdiyi aydın olur.

Azərbaycan Prezidenti, həmçinin vurğulayıb ki, bu enerji və nəqliyyat dəhlizləri təkcə enerji resursları və yük üçün deyil, həm də tərəfdaşlıq üçün nəzərdə tutulub.

Prezident İlham Əliyev "Cənub Qaz Dəhlizi" layihəsinin iştirakçılarını - Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliya, eləcə də sonradan layihəyə qoşula biləcəyini hesab etdiyi Balkan ölkələrini sadalayıb.

İlham Əliyev Şərq-Qərb dəhlizini, üç ölkə - Azərbaycan, Gürcüstan və Türkiyənin təşəbbüs göstərdiyi və hazırda Mərkəzi Asiyayadək, Çinədək və Türkiyədən Avropayadək genişlənən İpək Yolu layihəsini də qeyd edib.

Dövlət başçısı bildirib ki, Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizi layihəsinin fəal iştirakçısıdır, həmçinin Şimali Avropa ölkələri, Rusiya, İran, Pakistan və Hindistan layihənin iştirakçılarıdır: "Bu, tərəfdaşlıq layihəsidir, çünki bütün bu ölkələr qarşılıqlı əlaqədə olur. Əgər siz qarşılıqlı əlaqədəsinizsə, bir-birinizdən qarşılıqlı asılısınızsa, o zaman sizin daha çox proqnozlaşdırıla bilən vəziyyətiniz, sabitliyiniz, təhlükəsizliyiniz və əməkdaşlığınız var".

Azərbaycan Prezidenti qeyd edib ki, beynəlxalq əməkdaşlığın belə formatının yaradılması iqtisadi maraqlara, enerji təhlükəsizliyinə və nəqlə əsaslanır.

Dövlət başçısı əlavə edib ki, əməkdaşlığın bu formatı çətinliklərin aradan qaldırılmasına, insanlar üçün daha yaxşı şəraitin yaradılması üzrə eyni yanaşmalara əsaslanır.

İlham Əliyev bildirib ki, dini tolerantlığın, qarşılıqlı anlayışın, multikulturalizmin ümumi dəyərləri regionda insanların həyatını daha yaxşı etməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti