...

Azərbaycan beynəlxalq antikorrupsiya mübarizəsində fəal iştirak edir (FOTO)

Siyasət Materials 16 May 2016 18:47 (UTC +04:00)
Çin Xalq Respublikasının Tiançin şəhərində Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının (IAACA) 9-cu İllik tədbirləri keçirilib.
Azərbaycan beynəlxalq antikorrupsiya mübarizəsində fəal iştirak edir (FOTO)

Bakı. Trend:

Çin Xalq Respublikasının Tiançin şəhərində Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının (IAACA) 9-cu İllik tədbirləri keçirilib.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, konfransda Azərbaycanı ədliyyə naziri Fikrət Məmmədovun rəhbərliyi ilə Baş Prokurorluğun və nazirliyin məsul əməkdaşlarından ibarət nümayəndə heyəti təmsil edib.

IAACA-nın tədbirləri onun rəhbər orqanı olan İcraiyyə Komitəsinin iclası ilə başlanıb. Əsas təşkilati məsələlərin baxıldığı iclasda məruzə ilə F.Məmmədov çıxış edib və müvafiq qərar qəbul olunub.

Konfransda dünyanın 70 dövlətindən 300-ə yaxın nümayəndənin, o cümlədən prokurorluq, məhkəmə, ədliyyə, ixtisaslaşmış antikorrupsiya orqanlarının, habelə nüfuzlu beynəlxalq təşkilatların rəhbər şəxsləri, tanınmış hüquqşünaslar iştirak ediblər. Mötəbər forumun açılışında Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi və hüquqi məsələlər üzrə komissiyasının rəhbəri Menq Çianju, IAACA-nın prezidenti və Çinin Baş prokuroru Çao Cianminq, Tiançin partiya komitəsinin katibi və şəhərin meri Xuonq Ksinquo, BMT-nin və digər beynəlxalq təşkilatların yüksək səviyyəli rəsmiləri çıxış ediblər.

Antikorrupsiya qurumlarının fəaliyyətinə həsr olunmuş Konfransın əsas plenar sessiyasına Azərbaycanın ədliyyə naziri sədrlik edib.

Nazir giriş nitqi ilə çıxış edərək antikorrupsiya orqanlarının inkişafı, rolu və əsas fəaliyyət istiqamətlərindən bəhs edib, Azərbaycanda bu sahədə ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan əhatəli institusional və praktiki tədbirlər, o cümlədən Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə baş idarəsinin yaradılması, qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla onun səlahiyyətlərinin genişləndirilməsi, kadr və maliyyə potensialının gücləndirilməsi barədə məlumat verib.

Sonda sessiyaya yekun vuran F.Məmmədov antikorrupsiya qurumlarının gücləndirilməsinə və beynəlxalq əməkdaşlığın genişləndirilməsinə dair təkliflərlə çıxış edib.

Azərbaycan nümayəndə heyətinin üzvləri iclaslarda fəal iştirak edib, respublika Baş prokurorunun müavini, Korrupsiyaya qarşı mübarizə baş idarəsinin rəisi Kamran Əliyev plenar sessiyada çıxış edərək İdarənin işi, onun səmərəliliyinin artırılması, beynəlxalq əməkdaşlığa verilən töhfələr barədə təqdimatla çıxış edib, bu zaman Beynəlxalq Prokurorlar Assosiasiyası çərçivəsində ölkəmiz tərəfindən beynəlxalq antikorrupsiya internet şəbəkəsinin aparılmasını qeyd edib. Konfransda çıxış edənlər ölkəmizin korrupsiyaya qarşı qlobal mübarizədə fəal iştirakını, bu sahədə qeyd olunan şəbəkənin mühüm rolunu vurğulayıblar.

Eyni zamanda əsas təşkilati və kadr məsələlərini həll edən Ümumi Yığıncaq keçirilib. Tədbirdə Assosiasiyanın rəhbərliyi adından IAACA-nın vitse-prezidenti F.Məmmədov əsas məruzəçi qismində çıxış edərək təşkilatın yeni prezidenti vəzifəsinə Qətərin baş prokurorunun namizədliyini təqdim edib, həmçinin İcraiyyə Komitəsinin tərkibinə dair təkliflər irəli sürüb. Bütün təkliflər Ümumi Yığıncaq tərəfindən təsdiq olunub.

Forumun yekununda korrupsiyaya qarşı əhatəli tədbirlərə dair Bəyannamə qəbul olunub.

Tədbir çərçivəsində Çinin Baş prokuroru Ç.Cianminq ilə görüş keçirilib. Görüşdə Azərbaycan və Çin arasında əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub, ölkə Prezidenti cənab İlham Əliyevin ötən ilin dekabrında Çinə dövlət səfərinin və müxtəlif, o cümlədən hüquq sahəsi üzrə imzalanmış sənədlərin qarşılıqlı fəaliyyətin daha da genişləndirilməsinə böyük təkan olduğu vurğulanıb. Çinin Baş prokuroru Assosiasiyaya prezidentliyi dövründə ölkəmizin IAACA-nın inkişafına davamlı töhfələrini və dəstəyini yüksək qiymətləndirib.

Konfrans zamanı həmçinin bir sıra dövlətlərin baş prokurorları və antikorrupsiya orqanlarının rəhbərləri, habelə beynəlxalq təşkilatların rəsmiləri ilə görüşlər keçirilərək əməkdaşlığa dair danışıqlar aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti