...

Metsamorun quruluşu Bolqarıstan və Slovakiyada bağlanması tələb olunmuş AES-lərlə eynidir

Siyasət Materials 18 May 2016 11:38 (UTC +04:00)
Baxmayaraq ki, mütəxəssislər digər faydalı qazıntılarla müqayisədə nüvə enerjisini “təmiz enerji” kimi təsvir edirlər, AEBA (Atom Enerjisi üzrə Beynəlxalq Agentlik) kimi aidiyyəti beynəlxalq təşkilatlar tərəfindən müəyyən olunmuş istifadə qaydalarına riayət olunmadığı təqdirdə atom elektrik stansiyalarının səbəb olacağı mümkün ziyan qaçılmazdır.
Metsamorun quruluşu Bolqarıstan və Slovakiyada bağlanması tələb olunmuş AES-lərlə eynidir

Bakı. Trend:

Baxmayaraq ki, mütəxəssislər digər faydalı qazıntılarla müqayisədə nüvə enerjisini "təmiz enerji" kimi təsvir edirlər, AEBA (Atom Enerjisi üzrə Beynəlxalq Agentlik) kimi aidiyyəti beynəlxalq təşkilatlar tərəfindən müəyyən olunmuş istifadə qaydalarına riayət olunmadığı təqdirdə atom elektrik stansiyalarının səbəb olacağı mümkün ziyan qaçılmazdır.

Trend-in məlumatına görə, bu barədə Argentinanın "Equilibriumglobal" portalında dərc olunmuş "Metsamor: yeni-köhnə nüvə təhlükəsi?" adlı məqalədə deyilir.

Məqalədə qeyd edilir ki, 26 aprel tarixində dünya mətbuatı Ukraynanın şimalında, Belarusla sərhəddə yerləşən nüvə reaktorunda baş vermiş partlayışın törətdiyi Çernobıl faciəsinin 30 illiyini yad etdi. Dağıdıcı effekt, kabusa çevrilmiş əhali və hələ də davam edən zəhərlənmə baş vermiş hadisənin çoxsaylı nəticələrindən yalnız bəziləridir. Bu gün sosial şəbəkələrdə həmin ərazidə məskunlaşmış əhalinin çəkdiyi əziyyət və onun nəticələrini əks etdirən şəkillərə rast gəlinir. Eynilə, fərqli hadisənin baş verdiyinə baxmayaraq, beynəlxalq əhəmiyyətli təsirə malik Fukuşima hadisəsi də yaşayış zonaları yaxınlığında nüvə reaktorlarının yerləşdirilməsindən imtina olunması ilə bağlı fikirlər doğurmuşdur.

Göstərilmiş hallar beynəlxalq ictimai rəydə ən üzdə olanlar olsa da, qeyd olunmalıdır ki, hazırda 30 ölkədə 400 fəaliyyətdə olan nüvə reaktoru mövcuddur və 60-ı tikilməkdədir. ABŞ, Yaponiya, Rusiya bu sahədə liderdir.

Biz o haldan bəhs edirik ki, atom elektrik stansiyası təhlükəsizlik tələblərinə cavab vermir. Sovet dövründə tikilmiş, mümkün qəza ehtimalı qarşısında kövrək olan köhnə texnologiya və mexanizmləri ilə risk təhlükəsinə malik, son dövrlərdə diqqəti çəkən Metsamor AES-in halında olduğu kimi.

Metsamor nədir?

Metsamor Ermənistanın paytaxtı Yerevandan yalnız 36 km. məsafədə, məhz eyniadlı şəhərdə yerləşən, SSRİ dövründə tikilmiş atom elektrik stansiyasıdır. Təqribən 30 il istifadə müddəti olan iki bazalt reaktoru ölkəni 1976 və 1980-ci illərdə enerji ilə təchiz etmişdir.

Regionun yüksək seysmikliyini nəzərə alaraq ilk reaktorun qurulmasından etibarən risk mövcud idi. Onlar bu tip coğrafi şəraitdə tikilməsi nəzərdə tutulan ilk rus reaktorları idi. 80-ci illərdə daha iki reaktorun quraşdırılması nəzərdə tutulmuşdur, lakin Çernobıl faciəsindən sonra bu baş tutmadı.

Qeyd etmək vacibdir ki, 1988-ci ildə Ermənistanda ən azı 25 min adamın ölümü ilə nəticələnmiş güclü zəlzələ baş vermişdir. Hadisə ölkənin şimal-şərqində baş vermiş, onun nəticəsində AES zədələnməmiş və fəaliyyətini davam etdirmişdir. Buna baxmayaraq növbəti ildə zəlzələ nəticəsində seysmiklik ilə bağlı yaranmış təhlükəsizlik problemləri səbəbindən AES bağlanmışdır.

Nüvə qəzasından daha artıq

İlkin olaraq müəyyən etmək olar ki, risklərdən birincisi coğrafi xarakter daşıyır. Yuxarıda qeyd olunduğu kimi, Metsamor Ermənistandakı 6.9 ballıq zəlzələdən sonra bağlanmışdır. Fukuşima göstərdi ki, seysmik aktivliklə bağlı risklər diqqətdən kənarda saxlanıla bilməz. Metsamor şəhəri Türkiyə və Gürcüstanın şərq sərhədlərinin yaxınlığında yerləşir. Təhlilçilərin və mütəxəssislərin fikrincə, Metsamorda bircə təbii fəlakət bu regionların qısa müddət ərzində yüksək radioaktivliyə məruz qalmasına gətirib çıxara bilər.

Bu nüvə stansiyasının seysmik cəhətdən və ölkənin maliyyə problemləri səbəbindən təhlükəsizliyi narahatlıq doğuran yeganə məsələ deyildir. Metsamor ətrafında digər problemlər reaktiv və nüvə materiallarının qaçaqmalçılığı, nüvə tullantılarının qeyri-qanuni daşınması, Ermənistan ərazisindən yüksək zənginləşdirilmiş uranın və Sezium-137 maddəsinin qaçaqmalçılığıdır. Belə ki, Gürcüstanda Yaxın Şərq regionuna 200 milyon ABŞ dolları məbləğində Uran-238 maddəsinin satışını planlaşdıran və bu stansiyanın işçiləri olan şəxslərin həbsinə dair məlumatlar vardır.

Nəzarətin yoxluğu və qeyri-qanuni fəaliyyəti həyata keçirən qruplar təhlükə mənbəyidir. Belə ki, bu maddələr "çirkli bombalar" və partlayış zamanı radioaktivliyi artıran digər dağıdıcı materialların hazırlanmasında istifadə oluna bilər. Bu baxımdan radioaktiv maddələr həmçinin zərərli məqsədlər üçün istifadə oluna bilər. Nəzarətsiz radioaktiv mənbələr eyni zamanda ətraf mühitə və insan sağlamlığına zərər vurmaq potensialına malikdir. Onların qeyri-qanuni dövriyyəsi və diqqətdən kənarda saxlanılması ağır ekoloji və iqtisadi nəticələrə gətirib çıxara bilər.

Ermənistanın AEBA-nin "Nüvə silahlarının yayılmaması ilə bağlı Saziş"i, "Nüvə Materiallarının Fiziki Mühafizəsinə dair Konvensiya", "Nüvə Təhlükəsizliyinə dair Konvensiya", "Nüvə Terrorizminin Qarşısının alınmasına dair Beynəlxalq Konvensiya, "Radioaktiv Maddələrin Fiziki və Texnoloji Təhlükəsizliyi ilə bağlı Davranış Məcəlləsi", "Radioaktiv Maddələrin İdxal və İxracına dair Bələdçi", həmçinin BMT-nin TŞ-nın 1373 (2001) və 1540 (2004) nömrəli nüvə, kimyəvi və bioloji silahların yayılmasının qarşısının alınması ilə bağlı qətnamələri çərçivəsində öhdəlikləri vardır.

Radioaktiv materialların və nüvə tullantılarının qeyri-qanuni daşınması ilə məşğul olan şübhəli şəxslərin həbs edilməsi ilə bağlı insidentlərin sayı Qafqazda həyəcan siqnalı üçün bir səbəbdir və bu narahatlıq regiondan da kənara yayılır.

Yerevandan gözlənilən odur ki, qeyri-qanuni fəaliyyətlə məşğul olan bu marjinal qrupların üzərində nəzarət siyasətində radikal dəyişiklik edəcəkdir. Nəzərə almaq lazımdır ki, bu hallar getdikcə daha çox təkrarlanmağa başlayır və silahlar üçün nüvə materiallarının əldə edilməsi məqsədilə müxtəlif fürsətlərdən istifadə edilir.

Məsələ ilə bağlı ilkin reaksiyalar və rəylər Metsamor stansiyasının ləğv edilməsindən ibarətdir. Mətbuatda stansiyanın yaratdığı əsas risklər onun köhnə texnologiya və zəif mühafizəyə malik olması ilə əlaqələndirilir.

Qlobal miqyasda terrorizm təhlükəsinin ölçülərini qeyd etməyə isə ehtiyac yoxdur. Fəaliyyətini başa vurmuş Metsamor stansiyasının təhlükəsizliyindəki zəiflikdən istifadə edən qaçaqmalçılarla bağlı insidentlər regionun yeganə narahatlığı deyil. Aleksandr Murinsonun da qeyd etdiyi kimi, bu, artıq yalnız Qafqazın problemi deyil və bu problemin yayılması dünyanın terrorizmə qarşı mübarizə aparan bütün orqanlarının iş masalarının üzərində olan bir məsələdir.

Avropa İttifaqının mövqeyi

2010-2011-ci illər ərzində Aİ Metsamorun, 1999-cu ildə onun fəaliyyətinin dayandırılması ilə bağlı imzalanmış müqavilədə nəzərdə tutulduğu kimi, 2016-cı ilə qədər bağlanması ilə bağlı çağırışlar etmişdir.

7 il qabaq Aİ-nin nümayəndəsi həmin qurğunu "bütün region üçün təhlükə" adlandırmış və Metsamorun bağlanmasının maliyyələşdirilməsi üçün 200 milyon avro borcun verilməsini təklif etmişdir. Lakin Ermənistan ölkə enerjisinin 40%-ni verdiyini nəzərə alaraq təklifi rədd etmişdir.

Aİ onu Şərqi Avropada və keçmiş SSRİ məkanında qurulmuş bütün sovet reaktorları arasında "ən qədim və daha az etibarlı" kimi xarakterizə etmişdir. Bu narahatlıq Avropa Şurasının 9148 saylı, 27.06.01 tarixli, 9336 saylı, 31.01.02 tarixli, 9444 saylı, 07.05.02 tarixli sənədlər də daxil olmaqla, müxtəlif sənədlərində öz əksini tapmışdır.

Aİ-nin Ermənistandakı keçmiş nümayəndəsi Traian Hristea Avropa Qonşuluq Siyasəti ilə bağlı məlumat təqdim edərkən bildirmişdir ki, ziddiyyət aradan qaldırılana qədər Metsamorun gələcəyi tərəflər arasında münasibətlər gündəmində vacib mövzulardandır.

Metsamorun quruluşu Aİ-yə daxil olmamışdan qabaq Bolqarıstan və Slovakiyada bağlanması tələb olunmuş atom elektrik stansiyaları ilə eynidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti