...

Azərbaycan səfirliyində Vaşinqton Hökumətlərarası Professional Qrupunun üzvləri ilə görüş keçirilib (FOTO)

Siyasət Materials 9 İyul 2016 10:17 (UTC +04:00)

Bakı. Trend:

İyulun 8-də Azərbaycanın ABŞ-dakı səfirliyində Vaşinqton Hökumətlərarası Professional Qrupu təşkilatının (Washington Intergovernmental Professional Group, LLC) üzvləri ilə görüş keçirilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, tədbiri giriş nitqi ilə açan təşkilatın prezidenti Nelson Qarsia rəsmi qəbula görə Azərbaycanın ABŞ-dakı səfirliyinə minnətdarlığını bildirmiş və rəhbərlik etdiyi təşkilatın əsas məqsədinin ABŞ-ın dövlət qurumları və özəl sektorlarında çalışan əməkdaşları ilə xarici ölkələrin Vaşinqton şəhərində yerləşən diplomatik nümayəndəliklərinin üzvləri arasında əlaqələrin qurulması olduğunu qeyd etmişdir.

Daha sonra çıxış edən səfir Elin Süleymanov dövlətçilik tariximizə nəzər salaraq qeyd etmişdir ki, Azərbaycan 1918-ci ildə müsəlman şərqində ilk demokratik respublika qurmuş və dinindən, etnik kimliyindən və cinsindən asılı olmayaraq hər kəsə bərabər hüquqlar vermişdir. Səfir Azərbaycanın hələ ABŞ-dan daha öncə qadınlara seçki hüququnu verdiyini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.

Azərbaycanın 1991-ci ildə öz müstəqilliyinə yenidən qovuşduğunu qeyd edən diplomat ümummilli lider Heydər Əliyevin uzaqgörən və strateji siyasəti nəticəsində ölkəmizin 1994-cü ildə dünyanın aparıcı enerji şirkətləri ilə "Əsrin Müqaviləsi"ni imzaladığını vurğulamışdır. Ölkə rəhbərliyi tərəfindən aparılan bu uğurlu siyasətin nəticəsində Azərbaycanın enerji sektoruna külli miqdarda investisiya cəlb olunmuş, regionumuzda inkişaf sürətləndirilmiş və Xəzər dənizinin enerji resurslarını Avropaya daşıyan Bakı-Tbilisi-Ceyhan neft kəməri işə düşmüşdür.

Azərbaycanın ABŞ ilə uğurlu əməkdaşlıq əlaqələri qurduğunu vurğulayan səfir bu əlaqələrin təhlükəsizlik, enerji, iqtisadi və siyasi islahatlar üzərində qurulduğunu bildirmişdir. Ölkəmizin ABŞ-ı terrorizmə qarşı mübarizədə dəstəkləyən ilk dövlətlərdən biri olduğunu qeyd edən səfir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin NATO-nun Varşava Sammitində iştirakı çərçivəsində ABŞ-ın yüksək rütbəli rəsmiləri, eləcə də Əfqanıstanın Prezidenti Əşrəf Qani ilə keçirdiyi görüşlərə istinad edərək, Azərbaycanın Əfqanıstanda, eləcə də dünyanın digər qaynar nöqtələrində sülhün bərqərar olunmasında maraqlı olduğunu vurğulamışdır. E.Süleymanov, eyni zamanda dünyada radikalizm və ekstremizmin artması fonunda Azərbaycanın müasir, əhalisinin əksəriyyəti müsəlman olan dünyəvi və proqressiv dövlət qurduğunu bildirmiş və Azərbaycanda etnik, dini və cinsi əsasda heç kimə qarşı ayrı seçkiliyin olmadığını qeyd etmişdir. Bu baxımdan Azərbaycan təcrübəsinin beynəlxalq ictimaiyyət qarşısında dayanan bir çox çətinliklərə cavab axtarışında faydalı ola biləcəyi vurğulanmışdır. Belə ki, dünya səviyyəli mədəni və idman tədbirlərinin Azərbaycanda keçirilməsi, ölkəmizi dünyada sülh və dialoqun məkanına çevirmişdir.

Səfir Ermənistan Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq qeyd etmişdir ki, Ermənistan beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq Azərbaycanın 20% ərazisini işğal etmişdir. BMT Təhlükəsizlik Şurası münaqişə ilə əlaqədar 4 qətnamə qəbul etməsinə baxmayaraq, Azərbaycan ərazisinin Ermənistan tərəfindən işğalı hələ də davam etməkdədir. Diplomat Ermənistanın gələcəyinin münaqişənin beynəlxalq hüquq çərçivəsində ədalətli həllindən və qonşu dövlətlərlə normal münasibətlər qurmasından asılı olacağını qeyd etmişdir. O, eyni zamanda ATƏT-in Minsk qrupunun həmsədri kimi ABŞ-ın münaqişənin həllində oynadığı müsbət rolu Azərbaycanın yüksək qiymətləndirdiyini bildirmişdir.

Azərbaycanın iqtisadiyyatın şaxələndirilməsi üçün mühüm işlər gördüyünü vurğulayan səfir, bu istiqamətdə atılan addımlardan birinin müasir İpək Yolunun çəkilməsi olduğunu qeyd etmişdir. Ölkəmizin qonşu dövlətlərlə adıçəkilən yolun çəkilməsi üçün İşçi Qrupu yaratdığını bildirən səfir müasir İpək Yolu işə düşdüyü zaman Çindən Avropaya yüklərin cəmi 14 günə daşınmasının mümkün olacağını vurğulamışdır.

Çıxışının sonunda səfir tədbir iştirakçılarının suallarını cavablandırmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti