...

Bakıda "Avropa şəhərciyi" açıldı (FOTO)

Siyasət Materials 1 Oktyabr 2016 14:08 (UTC +04:00)
Aİ-Azərbaycan tərəfdaşlığı hər şeydən öncə insanlar arasındakı ünsiyyət və əlaqəyə əsaslanır.
Bakıda "Avropa şəhərciyi" açıldı (FOTO)

Bakı. Ənvər Məmmədov - Trend:

Aİ-Azərbaycan tərəfdaşlığı hər şeydən öncə insanlar arasındakı ünsiyyət və əlaqəyə əsaslanır.

Trend-in məlumatına görə, bunu Bakıda "Avropa şəhərciyi"nin açılışında Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Malena Mard deyib.

Xanım M.Mard qeyd edib: "Bu gün Bakıda keçirdiyimiz “Avropa şəhərciyi” tədbiri vasitəsilə hər birinizi Avropa İttifaqına səyahət etməyə dəvət edirik".

Səfir bildirib ki, bu gün Avropa İttifaqı və Azərbaycan arasında 25 il sürən tərəfdaşlığı qeyd edirik, bu tərəfdaşlıq hər şeydən öncə insanlar arasındakı ünsiyyət və əlaqəyə əsaslanır:

"Hər biriniz müxtəlif çadırlarda - Avropa İttifaqının rəqs çadırında Avropa rəqsləri edə biləcək, mətbəx çadırında Avropa ölkələrinin təamlarını dada biləcəksiniz. Bu tədbirin ərsəyə gəlməsində göstərdiyi köməyə görə Azərbaycan hökumətinə öz minnətdarlığımı bildirmək istəyirəm".

Qeyd edək ki, bu gün Bakıda "Avropa şəhərciyi-2016" ("Eurovillage") Avropa mədəniyyəti festivalı başlayıb. Dənizkənarı Milli Parkda baş tutan tədbirdə Avropa İttifaqına daxil olan 22 ölkənin mədəniyyətini, adət-ənənəsini və turizm potensialını əks etdirən stendlər quraşdırılıb.

Festival çərçivəsində uşaq və böyüklər üçün çoxsaylı müsabiqə və viktorinalar, Avropa ölkələrinə virtual səyahətlər, milli rəqs və karaoke ifaları, feys-art, şahmat yarışı və digər maraqlı proqramlar təşkil olunacaq. Müsabiqə və viktorina qaliblərini xüsusi hədiyyələr gözləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti