...

Prezident İlham Əliyev Türkiyənin yeni səfirinin etimadnaməsini qəbul edib (FOTO) (YENİLƏNİB)

Siyasət Materials 20 Oktyabr 2016 09:51 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Türkiyənin ölkəmizdə yeni təyin olunmuş səfiri Erkan Özoralın etimadnaməsini qəbul edib.
Prezident İlham Əliyev Türkiyənin yeni səfirinin etimadnaməsini qəbul edib (FOTO) (YENİLƏNİB)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 20-də Türkiyə Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralın etimadnaməsini qəbul edib.

Səfir Erkan Özoral fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Erkan Özoral etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Erkan Özoralın ölkəmizdə əvvəllər fəaliyyət göstərməsindən və bu dəfə Azərbaycanda səfir kimi fəaliyyətə başlamasından məmnun olduğunu bildirən dövlətimizin başçısı onun Azərbaycan-Türkiyə ikitərəfli münasibətlərinin gələcək inkişafı üçün səylərini əsirgəməyəcəyinə əminliyini ifadə etdi. Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İstanbulda keçirilən Dünya Enerji Sammitində görüşünü məmnunluqla xatırladı. Tarixi bağlılıq və bugünkü reallıq baxımından dünya miqyasında Azərbaycan ilə Türkiyənin bir-birinə ən yaxın ölkələr olduğunu vurğulayan dövlətimizin başçısı bildirdi ki, bizim işimiz bu əlaqələri həm beynəlxalq müstəvidə, həm də ikitərəfli formatda daha da inkişaf etdirmək və bu birliyi daha da möhkəmləndirməkdən ibarətdir.

Türkiyə Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral öz növbəsində Türkiyə ilə Azərbaycan arasında çox gözəl münasibətlərin olduğunu vurğulayaraq bu münasibətlərin strateji əməkdaşlıq xarakteri daşıdığını və qardaşlıq əlaqələrinə əsaslandığını dedi. O, Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhd zamanı ölkəsinə verdiyi dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. Səfir ölkəsinin Azərbaycan ilə qardaşlıq əlaqələrinin hər zaman daha yüksək səviyyəyə qaldırılması üçün çalışdığını qeyd etdi. Türkiyəli diplomat Azərbaycanda səfir kimi fəaliyyətə başlamasından şərəf hissi keçirdiyini dedi və əlaqələrimizin bundan sonra daha da möhkəmləndirilməsi işində səylərini əsirgəməyəcəyini bildirdi.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən nəqliyyat, turizm, inşaat, kənd təsərrüfatı, səhiyyə və digər sahələrdə daha da inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti