...

Sofiyada Heydər Əliyevin xatirəsi anılıb (FOTO)

Siyasət Materials 10 Dekabr 2016 12:34 (UTC +04:00)
Dekabrın 9-da Sofiya şəhərində Azərbaycanın Bolqarıstandakı səfirliyinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin vəfatının 13-cü ildönümü və xatirəsi anılıb.
Sofiyada Heydər Əliyevin xatirəsi anılıb (FOTO)

Bakı. Trend:

Dekabrın 9-da Sofiya şəhərində Azərbaycanın Bolqarıstandakı səfirliyinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin vəfatının 13-cü ildönümü və xatirəsi anılıb.

Səfirlikdən Trend-ə verilən məlumata görə, anım mərasimində Bolqarıstandakı Azərbaycan diasporunun nümayəndələri, Bolqarıstan vətəndaşı olan həmvətənlərimiz və azərbaycanlı tələbələr iştirak ediblər.

Mərasim iştirakçıları qarşısında çıxış edən səfir Nərgiz Qurbanova müasir Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin ölkə və xalqın müasir tarixində əvəzolunmaz rola malik olduğunu qeyd edərək ulu öndərin həyat yolundan bəzi məqamları yada salıb.

Səfir 1969-cu ilin iyul ayında Azərbaycanın rəhbəri seçilən Heydər Əliyevin rəhbərliyi illərində Azərbaycanın sovet məkanında bütün sahələrdə uğurlu inkişafa nail olduğunu, onun digər respublikalara nümunə göstərildiyini qeyd edərək bu gərgin fəaliyyətin nəticəsində 1982-ci ildə dahi siyasi xadimin ilk azərbaycanlı olaraq SSRİ rəhbərliyində yüksək vəzifə tutduğunu vurğulayıb.

Çıxışı zamanı N.Qurbanova qeyd edib ki, harada olmağından asılı olmayaraq ulu öndər hər zaman Azərbaycanın sadiq oğlu olmaqda davam edib və xalqımızın milli maraqlarını qətiyyətlə qoruyub. 1987-ci ildə Mixail Qorbaçovun Azərbaycana qarşı ədalətsiz mövqeyinə etiraz olaraq vəzifəsindən istefa verən Heydər Əliyev bütün təzyiqlərə baxmayaraq, sovet qoşunlarının 20 yanvar 1990-cı ildə Bakıda törətdiyi qanlı faciəyə etiraz olaraq Azərbaycanın Moskvadakı Nümayəndəliyində bəyanatla çıxış edərək xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib.

1990-cı ildə doğma vətənə qayıdan Heydər Əliyev 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışıb, hökumət böhranının və vətəndaş müharibəsi təhlükəsinin baş verdiyi dövrdə xalqın təkidli çağırışlarına cavab olaraq yenidən Azərbaycan rəhbərliyinə qayıdıb: “Ümummilli liderin yenidən Azərbaycan rəhbərliyinə qayıdışı ölkəmizin ən yeni tarixində misilsiz bir mərhələnin başlanğıcını qoyub. Bu qayıdış müstəqilliyimizin qorunmasına, torpaqlarımızın işğalına son qoyulmasına, ölkədə firavanlığın və əmin-amanlığın, siyasi sabitliyin bərqərar olunmasına zəmin yaradıb”.

N.Qurbanova qeyd edib ki, qısa zaman ərzində Azərbaycan özünün müdrik xarici siyasəti, iqtisadi, siyasi, mədəni gücü ilə dünya dövlətləri sırasında layiqli yerini tutub.

İndi hər bir azərbaycanlı fərəh hissi ilə deyə bilər ki, hal-hazırda Azərbaycan müstəqil, demokratik və siyasi cəhətdən sabit dövlət olaraq öz gələcəyini və inkişaf yolunu müəyyən edir. Onun müstəqilliyi dönməzdir və dövlətçiliyi güclü zəmanətə əsaslanır. Son illər ərzində Azərbaycan güclü sosial-iqtisadi inkişafa nail olaraq regionumuzun lider ölkəsinə çevrilib və beynəlxalq arenada öz nüfuzunu əhəmiyyətlə dərəcədə artırıb. Əlbəttə, bütün bunlar bünövrəsi Heydər Əliyev tərəfindən qoyulub və onun layiqli davamçısı, hazırkı prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə yerinə yetirilir.

Səfir çıxışın sonunda 13 il bundan əvvəl müasir Azərbaycan dövlətinin memarı və qurucusu ümummilli lideri Heydər Əliyevin əbədiyyətə qovuşmasına baxmayaraq xalqımızın yaddaşına əbədi həkk olunmuş dahi şəxsiyyət olaraq qalacağını vurğulayıb.

Çıxışlardan sonra ümummilli lider Heydər Əliyevin həyatından bəhs edən film nümayiş etdirilib.

Mərasimin sonunda səfirliyin inzibati binasında ümummilli lider Heydər Əliyevin vəfat günü ilə əlaqədar ehsan süfrəsi açılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti