...

Ankarada fiaskoya uğrayan təxribat

Siyasət Materials 20 Dekabr 2016 10:53 (UTC +04:00)
Ta qədim zamanlarda hər hansı ölkənin elçisinin, indiki dillə desək, səfirinin öldürülməsi qarşı tərəfə müharibə elan etmək anlamına gəlirdi.
Ankarada fiaskoya uğrayan təxribat

Bəxtiyar Hacıyev - Trend:

Ta qədim zamanlarda hər hansı ölkənin elçisinin, indiki dillə desək, səfirinin öldürülməsi qarşı tərəfə müharibə elan etmək anlamına gəlirdi. Ötən gün Rusiyanın Türkiyədəki səfirinin öldürülməsi isə müharibəyə çağırış deyildi.

Bu sui-qəsdin Türkiyə-Rusiya münasibətlərini pozmağa yönəlmiş təxribat olduğunu bilmək üçün xüsusi siyasi savada, dünyagörüşünə malik olmağa ehtiyac yoxdur. Hər şey göz qabağındadır.

2015-ci ilin noyabrında Rusiya qırıcısının vurulması, pilotun həlak olması ilə korlanan iki ölkənin münasibətləri Türkiyədə dövlət çevrilişinə cəhddən sonra tədricən bərpa olunmağa başladı və hətta son vaxtlarda daha yüksək səviyyəyə qədəm qoydu.

Bundan başqa, güclü iqtisadiyyata malik Türkiyə Rusiya ilə xarici ticarət əməliyyatlarının milli valyutalarla aparılması ilə bağlı razılaşma əldə etməyə yaxındır. Bu təklif İran tərəfindən də bəyənilib və perspektivdə Çinlə də razılıq əldə olunacağı gözlənilir. Deməli, dünya iqtisadiyyatına təsir edə biləcək bir neçə böyük dövlət dollardan imtina edə bilər, böhranın təsirlərini xeyli azalda bilər, həmçinin Türkiyə və Rusiya kimi böyük ölkələrin iqtisadiyyatlarının güclənməsi ümumilikdə regionun xeyrinə olacaq. Təbii ki, bütün bunları həzm edə bilməyən qüvvələr var və bu qüvvələr heç vaxt dinc durmayacaqlar - bu dəfə də sakit dayanmadılar.

Rusiya səfirinin öldürülməsi açıq-aşkar hədə-qorxu gəlmək idi. Lakin bu təxribatın yenidən Türkiyə-Rusiya münasibətlərinin korlanmasına səbəb olacağı inandırıcı deyil. Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin başda olmaqla, Türkiyə və Rusiyanın yüksək vəzifəli rəsmilərinin ilkin mövqeləri bir oldu: "Təxribatdır!" Bu isə onu deməyə əsas verir ki, təxribat məqsədinə çatmadı.

Bu sui-qəsddən bir qədər sonra ABŞ-ın Türkiyədəki səfirliyi qarşısında silahlı şəxsin peyda olması isə fikirləri yayındırmağa hesablanmış uğursuz cəhddən başqa bir şey deyildi.

Lakin iş bununla bitmir. Türkiyənin daxili işlər naziri Süleyman Soylu sui-qəsdçinin kimliyini açıqlayıb. Məlum olub ki, bu, 22 yaşlı Aydın vilayət sakini, xüsusi xidmət orqanı əməkdaşı Mövlud Mert Altınbaşdır. Altınbaş 1994-cü il iyunun 24-də anadan olub. İzmirdə Rüştü Ünsal adına polis məktəbində oxuyub. Son 2 il yarımdır Ankara Xüsusi Reaksiya Departamentində xidmətdə olub.

Görünən odur ki, Türkiyənin mübarizə aparacağı daha bir istiqamət var - öz içində özündən olan "zombiləşdirilmiş" vətəndaşlar. O "zombi"lər ki, İslam dini dinc insanlara qarşı istənilən zorakılığı qadağan etsə də, əksər hallarda əllərinə silah alıb qan tökəndə "Allah, İslam" deyirlər...

Məqalədə:
Xəbər lenti

Xəbər lenti