Bakı. Trend:
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması haqqında sərəncam imzalayıb.
Trend-in məlumatına görə, sərəncamda qeyd olunur ki, Nəqliyyat Nazirliyi və Rabitə və Yüksək Texnologiyalar Nazirliyi birləşdirilərək, onların əsasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradılsın.
Sərəncama əsasən, Nazirlər Kabineti Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnamənin layihəsini, habelə Nazirliyin strukturu və işçilərinin ümumi say həddi barədə təkliflərini iki ay müddətində hazırlayıb Prezidentə təqdim edəcək. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması ilə əlaqədar Prezidentinin aktlarının uyğunlaşdırılması ilə bağlı təkliflər iki ay müddətində hazırlanıb dövlət başçısına təqdim olunacaq. Həmçinin Nazirlər Kabinetinin normativ hüquqi aktlarının uyğunlaşdırılması üç ay müddətində təmin edilib Prezidentinə məlumat veriləcək.
Bundan başqa, Nazirlər Kabineti mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının uyğunlaşdırılmasını nəzarətdə saxlamalı və bunun icrası barədə beş ay müddətində Prezidentə məlumat verməlidir.
Sərəncama əsasən, Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması ilə əlaqədar uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verəcək.