Bakı. Trend:
Mayın 10-da Efiopiyanın aparıcı təhsil ocaqlarından biri olan Dövlət Qulluğu Universitetində ulu öndər Həydər Əliyevin anadan olmasının 94-cü il dönümünə həsr olunmuş “ Müasir Azərbaycan Respublikasının müstəqilliyinin qorunub saxlanılmasında, dövlətçiliyin möhkəmləndirilməsində və ölkəmizin davamlı inkişafının təmin edilməsində ümummilli lider Heydər Əliyevin rolu” mövzusunda mühazirə oxunub. Tədbirdə Dövlət Qulluğu Universitetinin müəllim və tələbə heyəti, habelə universitetdə təhsil alan Afrika və digər xarici ölkələrdən olan tələbələr iştirak ediblər.
Azərbaycanın Efiopiyadakı səfirliyindən Trend-ə verilən məlumata görə, tədbirdə Dövlət Qulluğu Universitetinin nəzdində fəaliyyət göstərən Liderlik İnstitutunun direktorunun müavini Mebrehatu Voldu tədbir iştirakçıları qarşısında açılış nitqi ilə çıxış edib.
Səfir Elman Abdullayev ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı əvəzsiz xidmətləri, keçdiyi şərəfli ömür yolu və siyasi fəaliyyəti haqqında ətraflı məlumat vərərək, dahi şəxsiyyətin həm SSRİ rəhbərliyində, həm də Azərbaycanda hakimiyyətdə olduğu dövrlərdə ölkəmizin inkişafında, müstəqilliyimizin və dövlətçiliyimizin möhkəmləndirilməsində, Azərbaycanın dünyada nüfuzunun artmasında misilsiz rolu olduğunu vurğulayıb. Səfir E.Abdullayev Ulu Öndərin müəyyən etdiyi inkişaf strategiyasına uyğun olaraq, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hərtərəfli inkişafa nail olduğunu iştirakçıların diqqətinə çatdırıb. Həmçinin, səfir E.Abdullayev mötəbər beynəlxalq humanitar və mədəni forumlara, idman yarışlarına, o cümlədən bu günlərdə İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edən Azərbaycanın dünyada rolunun və nüfuzunun günbəgün artdığını qeyd edib.