...

XİN: Azərbaycan-Pakistan əlaqələri strateji əməkdaşlıq səviyyəsinə yüksəlib

Siyasət Materials 9 İyun 2017 10:18 (UTC +04:00)
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Pakistan Baş nazirinin xarici işlər üzrə məsləhətçisi Sərtac Əziz arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə təbrik məktubu mübadiləsi həyata keçirilib.
XİN: Azərbaycan-Pakistan əlaqələri strateji əməkdaşlıq səviyyəsinə yüksəlib

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Pakistanın Baş nazirinin xarici işlər üzrə məsləhətçisi Sərtac Əzizə iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi təbrik məktubu göndərib.

XİN-dən Trend-ə verilən məlumata görə, E.Məmmədyarov həmkarına ünvanladığı məktubda ortaq tarixi, mədəni və dini dəyərlərlə xarakterizə olunan Azərbaycan-Pakistan əlaqələrinin bütün sahələrdə uğurla inkişaf edərək strateji əməkdaşlıq səviyyəsinə yüksəldiyini bildirib. Həmçinin, nazir ölkə başçılarının qarşılıqlı səfərlərinin, bu yaxınlarda Pakistanın Baş nazirinin Azərbaycana səfərinin, eyni zamanda beynəlxalq və regional arenada qarşılıqlı dəstəyin ölkələr arasında əlaqələrin əhəmiyyətli inkişafına təkan verdiyini qeyd edib.

E.Məmmədyarov iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın Azərbaycan və Pakistan xalqlarının firavanlığına, eyni zamanda regional sülh, təhlükəsizlik və davamlı inkişafa xidmət edəcəyinə ümidvar olduğunu bildirib. Həmçinin, iki ölkə arasında uğurlu əməkdaşlığın, qarşılıqlı inam və anlaşmaya əsaslanan Azərbaycan-Pakistan qardaş münasibətlərinin daha da mökhəmlənəcəyinə əminliyini ifadə edib.

E.Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında tezliklə həllinə dair Pakistanın prinsipal mövqeyinə, həmçinin bununla bağlı Pakistan Senatı və Milli Assambleyası tərəfindən qəbul edilmiş qətnamələrə görə təşəkkürünü bildirib.

Eyni zamanda, Pakistan baş nazirinin xarici işlər üzrə məsləhətçisi S.Əziz E.Məmmədyarova ünvanladığı təbrik məktubunda Pakistan və Azərbaycan arasında tarixi, dini və mədəni əlaqələrin ikitərəfli və çoxtərəfli müstəvidə əməkdaşlıqda təzahür etdiyini diqqətə çatdırıb.

S.Əziz Pakistanın siyasi, iqtisadi, enerji və müdafiə sahələrində qardaş Azərbaycanla əməkdaşlığın daha da genişlənirilməsində maraqlı olduğunu ifadə edib. Nazir Azərbaycan xalqına davamlı sülh və firavanlıq arzu edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti