...

Azərbaycanla Avstraliya arasında 4 sahə üzrə əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub

Siyasət Materials 12 İyun 2017 13:12 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avstraliyanın Beynəlxalq İnkişaf və Sakit okean üzrə naziri Konketta Fierravanti-Vells ilə görüşüb.
Azərbaycanla Avstraliya arasında 4 sahə üzrə əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub

Bakı. Trend:

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avstraliyanın Beynəlxalq İnkişaf və Sakit okean üzrə naziri Konçetta Fierravanti-Vells ilə görüşüb.

XİN-dən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan və Avstraliya arasında ikitərəfli münasibətlərin inkişafından və son dövrlər qarşılıqlı səfərlərin artmasından məmnunluq ifadə olunub.

Nazirlər 2017-ci ildə iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinin qeyd edildiyini bildirərək, ikitərəfli əlaqələri daha da inkişaf etdirmək üçün müqavilə-hüquq bazasının genişləndirilməsinin və iqtisadi əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.

K.Fierravanti-Vells Azərbaycana səfər edən ilk Avstraliyalı nazir olmasından məmnunluq ifadə edib və bu ilin oktyabr ayında avstraliyalı iş adamlarından ibarət nümayəndə heyətinin ölkəmizə səfər edəcəyini diqqətə çatdırıb.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar barədə məlumat verən E.Məmmədyarov münaqişənin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenliyi əsasında nizamlanmalı olduğunu qeyd edib.

K.Fierravanti-Vells ölkəsinin Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib.

Görüşdə ikitərəfli münasibətlərdə parlament diplomatiyasının önəmi vurğulanıb və bu xüsusda Avstraliya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun fəaliyyətindən razılıq ifadə edilib.

Nazirlər, həmçinin, Azərbaycanla Avstraliya arasında gəmi qayırma, kənd təsərrüfatı, turizm və ərazilərin minalardan təmizlənməsi sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti