...

Azərbaycanın səfiri etimadnaməsini İsveçrə prezidentinə təqdim edib (FOTO)

Siyasət Materials 11 Oktyabr 2017 14:55 (UTC +04:00)
Azərbaycanın İsveçrə Konfederasiyasındakı səfiri Xanım İbrahimova etimadnaməsini İsveçrə Konfederasiyasının prezidenti Doris Loytharda təqdim edib.
Azərbaycanın səfiri etimadnaməsini İsveçrə prezidentinə təqdim edib (FOTO)

Bakı. Trend:

Oktyabrın 10-da Azərbaycanın İsveçrə Konfederasiyasındakı səfiri Xanım İbrahimova etimadnaməsini İsveçrə Konfederasiyasının prezidenti Doris Loytharda təqdim edib.

Azərbaycanın İsveçrədəki səfirliyindən Trend-ə verilən məlumata görə, təqdimetmə mərasimi zamanı D.Loythard X.İbrahimovanı bu vəzifəyə təyin olunma münasibətilə təbrik edib və fəaliyyətində uğurlar arzulayıb. O, İsveçrə ilə Azərbaycan arasında münasibətlərin önəmli olduğunu qeyd edərək, Azərbaycan Prezidenti İlham Əliyevlə Davos Forumu zamanı görüşdüyünü və bu görüşlərin ənənəvi xarakter aldığını söyləyib.

Öz növbəsində, Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını çatdıran X.İbrahimova İsveçrə ilə münasibətlərə verilən önəmdən bəhs edib, iki ölkə başçıları arasında yüksək səviyyədə siyasi dialoqun əsasında digər sahələrdə də əməkdaşlıq üçün imkanlar yarandığını, bir səfir olaraq bu mövcud əməkdaşlığı daha da gücləndirmək və yeni əməkdaşlıq istiqamətlərini müəyyən etmək əzmində olduğunu bildirib.

Tərəflər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə toxunub, İsveçrə tərəfinin bu münaqişənin həlli üzrə danışıqlar üçün platforma təqdim etməsini məmnuniyyətlə qeyd ediblər. Tərəflər iki ölkə arasında enerji sahəsində əməkdaşlığa da toxunaraq, Şahdəniz-2 layihəsi çərçivəsində Azərbaycan qazının Avropaya çıxarılması və bununla Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi ətrafında fikir mübadiləsi aparıblar.

X.İbrahimova İsveçrə şirkətlərinin Azərbaycanda, SOCAR-ın isə İsveçrədə fəaliyyətinə toxunaraq ölkəmizin iqtisadiyyatının diversifikasiyası istiqamətində görülən işləri və İsveçrə şirkətlərinin qeyri-neft sektoruna sərmayə yatırmaqla bu işə töhfə verməsini müsbət hal kimi qeyd edib.

Həmsöhbətlər həmçinin, iki ölkənin işgüzar dairələri arasında əlaqələrin qurulması baxımından birgə biznes forumların və müştərək iqtisadi komissiyanın fəaliyyətinin vacibliyini vurğulayıb, eləcə də iki ölkənin parlamentlərindəki dostluq qrupları arasında əməkdaşlığın əhəmiyyətini qeyd ediblər.

Sonda Prezident D.Loythard səfirə bir daha İsveçrədə fəaliyyətində uğurlar arzulayıb.

Xəbər lenti

Xəbər lenti