...

Prezident İlham Əliyev: Azərbaycanda bütün fundamental azadlıqlar təmin edilir (YENİLƏNİB-2)

Siyasət Materials 23 Yanvar 2018 18:38 (UTC +04:00)
Azərbaycanda bütün fundamental azadlıqlar, o cümlədən mətbuat azadlığı təmin edilir
Prezident İlham Əliyev: Azərbaycanda bütün fundamental azadlıqlar təmin edilir (YENİLƏNİB-2)

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda bütün fundamental azadlıqlar, o cümlədən mətbuat azadlığı təmin edilir.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev Davosda Dünya İqtisadi Forumu çərçivəsində “Strateji baxış: Avrasiya” mövzusunda keçirilən interaktiv iclasda deyib.

Dövlətimizin başçısı qeyd edib: "Hesab edirəm ki, bu tənqidin əsası yoxdur. Məsələnin mahiyyətinə baxdıqda məlum olur ki, Azərbaycanda bütün fundamental azadlıqlar, o cümlədən mətbuat azadlığı təmin edilir. Mətbuat tamamilə azaddır. Azərbaycan əhalisinin 80 faizi internet istifadəçisidir".

İlham Əliyev əlavə edib ki, internetin azad, senzuranın olmadığı və əhalinin mütləq əksəriyyətinin internet istifadəçisi olduğu halda mətbuat azadlığının məhdudlaşdırılması haqqında danışmaq əsassızdır: "Bunun siyasi səbəbləri var. Bunun reallıqla heç bir əlaqəsi yoxdur. Bir daha qeyd edirəm ki, Azərbaycanda bütün fundamental azadlıqlar təmin olunur və dövlət hər bir kəndə genişzolaqlı internetin çəkilməsi ilə bağlı böyük proqram həyata keçirmişdir. Bu təsnifat olduqca qərəzli yanaşma üzərində qurulub. Hərdən bu yanaşma bədxah olur. Bunlar Qərbdə müəyyən siyasi mərkəzlərin fəaliyyətinin məhsuludur. Bu haqda daha konkret danışmaq istəməzdim, bunun haradan qaynaqlanması bəllidir. Ancaq bu nədən belədir? Bunun isə sadə səbəbi var - Azərbaycan müstəqil siyasət yürüdən dövlətdir. Bu siyasət milli maraqlarımıza söykənir. Biz ölkəmiz üçün çətinlik doğura biləcək heç bir riskli macəraya qoşulmuruq. Qeyd etdiyim kimi, bizim üçün daxili risklər mövcud deyil. Bizdə sabit siyasi və iqtisadi vəziyyət var. Üzləşə biləcəyimiz bütün potensial risklər xaricdən qaynaqlana bilər.".

Prezident bildirib ki, Azərbaycanı müəyyən ölkələr əleyhinə kampaniyalara sürükləmək cəhdləri olub: "

Biz hər zaman bitərəf qalmışıq. Biz heç kəsə qarşı oyun aparmırıq və heç bir riskli və milli maraqlarımıza uyğun olmayan kampaniyanın tərkib hissəsi deyilik. Yəni, hücumların səbəblərindən biri bəzilərinin Azərbaycanı kiçik dövlət üçün artıq dərəcədə müstəqil hesab etməsidir. Bəzi QHT-lərin belə reytinqləri ölkəmizi gözdən salmaq, nüfuzumuza xələl gətirmək və Azərbaycanı qeyri-demokratik dövlət kimi təqdim etmək məqsədi daşıyır. Bu isə qətiyyən belə deyil. Bu gün biz həm siyasi, həm iqtisadi inkişafdan bəhs edirik. Bunlar ayrılmazdır. Azərbaycan iqtisadiyyatı rəqabətlilik qabiliyyətinə görə Dünya İqtisadi Forumu tərəfindən 35-ci yerə layiq görülürsə, bu, ölkədə azadlıqların təmin olunmasının yaxşı göstəricisidir. Davos Forumu bu yaxınlarda siyasətçilərə inamla bağlı yeni bir hesabat yaymışdır və Azərbaycan orada 20-ci yerdədir. İnkişaf etməkdə olan dövlətlərdə hərtərəfli inkişafa dair digər bir hesabatda Azərbaycan 3-cü yerdədir. Yəni, bəzi QHT-lərin təqdim etməyə çalışdıqları məlumatlar doğru olsaydı, biz bu uğurlara nail ola bilməzdik. Biz məsələnin mahiyyətinə və real vəziyyətə baxmalı, Azərbaycanla bağlı müəyyən gözləntiləri və siyasi motivləri reallıqdan ayrı tutmalıyıq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti